Azedu.az

Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır

Qəbul imtahanları

12 Avqust 2026, 09:29
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır

Azərbaycan Universiteti 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır. Qəbul planında ümumilikdə 1155 yer ayrılıb ki, həmin yerlərin 1035-i Azərbaycan, 120-si isə ingilis bölməsinin payına düşür.

AzEdu.az xəbər verir ki, dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində Azərbaycan Universiteti də iştirak edir. Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür. Həmçinin Azərbaycan Universitetinin tələbələrinə də qəbul formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılıb.

2026/2027-ci tədris ili üzrə qəbul planı formalaşdırılarkən abituriyentlərin seçim meyilləri ilə yanaşı, əmək bazarının tələbləri də nəzərə alınıb. Belə ki, həm abituriyentlər arasında populyarlığı ilə seçilən, həm də əmək bazarında perspektivli karyera imkanları və yüksək tələbatla fərqlənən istiqamətlərdə qəbul yerlərinə üstünlük verilib. 

Azərbaycan Universiteti tələbələrin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasını, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını dəstəkləmək məqsədilə bu il də bir sıra ixtisaslar üzrə ingilis bölməsinə qəbulu davam etdirir. İnformasiya təhlükəsizliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili və Sosial iş ixtisaslarına Azərbaycan bölməsi ilə yanaşı ingilis bölməsi üzrə də qəbul aparılır. 

Bu il diqqət ixtisas sayının artırılmasından çox, mövcud təhsil proqramlarının təkmilləşdirilməsinə, tədrisin məzmununun yenilənməsinə və praktiki yönümlülüyünün gücləndirilməsinə yönəldilib. Bu məqsədlə əmək bazarında formalaşan yeni kompetensiyalar, işəgötürənlərin gözləntiləri, ölkənin strateji inkişaf prioritetləri nəzərə alınaraq bakalavriat səviyyəsində tədris planları yenidən işlənib. Seçmə fənlər blokunda müvafiq dəyişikliklər aparılıb, rəqəmsal bacarıqların, analitik düşüncənin, innovasiya və sahibkarlıq kompetensiyalarının formalaşmasına xidmət edən yeni fənlər tədris planlarına daxil edilib, eyni zamanda mövcud fənlərin məzmunu müasir yanaşmalar əsasında yenilənib. Mövcud təhsil proqramlarının müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi universitetin beynəlxalq səviyyədə tanınan keyfiyyət göstəricilərində də əks olunur. 

Sosial iş ixtisasının təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçib. Akkreditasiya 5 ili əhatə edir və proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, tədris prosesinin yüksək akademik tələblərə cavab verdiyini təsdiqləyir. Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən həyata keçirilib.  

Azərbaycan Universiteti tələbələr üçün geniş sosial dəstək mexanizmlərini də davam etdirir. Hazırda yaz semestrinin imtahan sessiyasının nəticələri əsasında bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 430 tələbəyə dövlət büdcəsinin hesabına təqaüd təyin olunub. Onlardan 315-i dövlət sifarişi əsasında, 115-i isə ödənişli əsaslarla təhsil alır. 

Bundan əlavə, 600 və daha yüksək bal toplayaraq ödənişli əsaslarla qəbul olunan tələbələr onlarla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq (orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A və B olmaqla) təhsil haqqı ödəmirlər. Həmin tələbələrin orta müvəffəqiyyət göstəricisi 85.0-94.9, qiymətləri A və B olarsa, təhsil haqqına 50 faiz güzəşt tətbiq olunur.  

Universitet tərəfindən təsis edilən “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” də davam etdirilir. Təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir və ümumi məbləği 500 manat təşkil edir. 

Həmçinin “Ulduz tələbə” layihəsi çərçivəsində hər fakültədən akademik gösəticiləri, sosial fəallığı və şəxsi inkişafı ilə seçilən bir tələbə müəyyən edilərək “Ulduz tələbə” statusu və təqaüdü ilə mükafatlandırılır. Qaliblər semestr nəticələrinə əsasən dekanlıqların təqdimatı və münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilir. 

Universitet tələbələrinə mübadilə proqramları və universitetlərarası müqavilələr çərçivəsində Türkiyənin və Avropa ölkələrinin tərəfdaş universitetlərində tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradır. Bu proqramlar tələbələrin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirmələrinə, fərqli təhsil sistemləri ilə tanış olmalarına və qlobal peşəkar kompetensiyalar qazanmalarına şərait yaradır.  

Azərbaycan Universiteti PTE (Pearson Test of English) beynəlxalq dil sertifikatı imtahanının rəsmi alt mərkəzidir. Bu, tələbələrə ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE sertifikatını universitetdə əldə etməyə imkan yaradır. 2018-2025-ci illər ərzində 90 tələbə PTE sertifikatını əldə edib.

Gələcəyini peşəkarlarla birlikdə planlaşdırmaq istəyən abituriyentlər bu gün başlayan ixtisas seçimi günlərində texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə dəstəyi, “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiq edilməsi zamanı qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər kimi xidmətləri ödənişsiz əsaslarla təqdim edir.

Daha ətraflı məlumat üçün:

//au.edu.az/az/admission/bakalavriata-gebul

TƏCİLİ! Rusiyaya dəhşətli hücum başladı - Yollar bağlandı
Son xəbərlərDaha çox