Yaxın günlərdə Qızlar Universiteti bağlandı. Deyə bilərik ki, bu universitet ilə bir çox qızın da xəyalları puç oldu. Nəzərə alsaq ki, bu gün rayonlarda, ucqar dağ kəndlərində valideynlər övladının şəhərə gəlməsinə, təhsil almasına biganədir, müxtəlif bəhanələrlə qız övladının təhsil almasını istəmir, bu zaman heç olmasa Qızlar Universiteti qızların köməyinə çatırdı.
Maraqlıdır ki, bu kimi səbəblər nəzərə alınıb gələcək illərdə bənzər ali təhsil müəssisəsi açıla bilərmi istər özəl, istərsə də dövlət?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, bəzi ailələrdə qızlar sadəcə qəbul imtahanı vermirlər. Onların bəlkə də ən çətin imtahanı elə ailənin içində başlayır. Əvvəlcə atasını razı salmalıdır, anasını inandırmalıdır, sonra qohumların “qız uşağını Bakıya tək göndərmək olmaz”, “zəmanə pisdir” kimi fikirlərinin qarşısında dayanmalıdır. Bəzən bu maneələri aşmaq qəbul imtahanından yüksək bal toplamaqdan daha çətin olur:
"Bakı Qızlar Universitetinin bağlanması ilə bağlı kifayət qədər ciddi səbəblər göstərilir. Akkreditasiya zamanı qiymətləndirilən 30 meyardan 25-nin “uyğun deyil”, 4-nün “qismən uyğun” hesab edilməsi, universitetin maliyyə dayanıqlığının əsasən tələbələrin ödədiyi təhsil haqqından asılı olması, akademik heyətlə bağlı problemlər və digər çatışmazlıqlar kiçik məsələlər deyil.
Universitet tələbəyə yalnız diplom verməməlidir. Universitet elm yaratmalı, araşdırma aparmalı, güclü akademik mühit formalaşdırmalı və verdiyi diplomun arxasında dayanan keyfiyyəti təmin etməlidir. Bu baxımdan keyfiyyət standartlarına cavab verməyən hər hansı ali təhsil müəssisəsinin sırf adına, tarixinə və ya sosial missiyasına görə fəaliyyətinin davam etdirilməsini müdafiə etmək doğru olmazdı.
Amma məsələnin başqa bir tərəfi də var və məncə, biz məhz bu tərəf haqqında daha az danışırıq. Bakıda yaşayan, övladının universitet seçiminə müdaxilə etməyən bir ailədən baxanda “qızlar üçün ayrıca universitetə nə ehtiyac var?” sualı tamamilə məntiqli görünə bilər. Amma Azərbaycan yalnız Bakıdan ibarət deyil. Rayonlarımız, kəndlərimiz, ucqar dağ kəndlərimiz var. Gəlin özümüzü aldatmayaq: bu gün də qızının başqa şəhərdə yaşamasını istəməyən, qarışıq tələbə mühitində oxumasına qarşı çıxan, “qız uşağı uzaqda oxumaz”, “qıza bu qədər təhsil nəyə lazımdır?” deyən ailələrimiz var. Biz bu düşüncə ilə razılaşmaya bilərik. Mən də razı deyiləm. Amma onun mövcud olmadığını da deyə bilmərik. Bəzi ailələrdə qızlar sadəcə qəbul imtahanı vermirlər. Onların bəlkə də ən çətin imtahanı elə ailənin içində başlayır. Əvvəlcə atasını razı salmalıdır, anasını inandırmalıdır, sonra qohumların “qız uşağını Bakıya tək göndərmək olmaz”, “zəmanə pisdir” kimi fikirlərinin qarşısında dayanmalıdır. Bəzən bu maneələri aşmaq qəbul imtahanından yüksək bal toplamaqdan daha çətin olur".
Azərbaycanda yenidən yalnız qızların təhsil aldığı ayrıca universitetin yaradılacağını düşünmürəm:
"Qızlar Universiteti müəyyən ailələrdə belə bir psixoloji təsəvvür yaradırdı ki, qızları qadınların üstünlük təşkil etdiyi, daha təhlükəsiz hesab etdikləri mühitdə təhsil alacaqlar. Bu da bəzi valideynlərin qızlarının Bakıda ali təhsil almasına razılıq verməsində müəyyən rol oynayırdı. Bu modeli köhnəlmiş hesab etmək olar. Lakin onun hansı sosial ehtiyacdan yarandığını nəzərə almadan sadəcə "keçmişin modeli" adlandırmaq problemi həll etmir. Universitet bağlandı, amma stereotiplər aradan qalxmadı. Əsas məsələ bu sosial ehtiyacın bundan sonra necə qarşılanacağıdır.
Azərbaycanda yenidən yalnız qızların təhsil aldığı ayrıca universitetin yaradılacağını düşünmürəm. Bunun əvəzinə qızların ali təhsilə çıxışını asanlaşdıracaq yeni modellər müzakirə olunmalıdır. Bu, mütləq ayrıca "Qızlar Universiteti" formasında olmaya bilər. Mövcud universitetlərdə regionlardan gələn qızlar üçün təhlükəsiz və münasib qiymətli yataqxanalar yaradılması, aztəminatlı ailələrin qızları üçün təqaüd proqramlarının genişləndirilməsi, mentorluq və sosial adaptasiya layihələrinin həyata keçirilməsi mümkündür. Eyni zamanda valideynlərin təhlükəsizlik və yaşayışla bağlı narahatlıqlarını azaltmaq üçün maarifləndirmə mexanizmləri və universitetlərlə yerli icmalar arasında əməkdaşlıq proqramları qurula bilər.
Məqsəd ayrıca "Qızlar Universiteti" yaratmaqdan daha böyük olmalıdır. Elə bir mühit formalaşdırılmalıdır ki, heç bir qızın universitet seçimi onun cinsi, yaşadığı kənd, ailəsinin maddi vəziyyəti və ya stereotiplərlə məhdudlaşmasın. Çünki universitetlər açıla da, bağlana da bilər, təhsil modelləri dəyişə də bilər. Amma qızların təhsil almaq hüququ və arzusu heç bir modelin taleyindən asılı qalmamalıdır".