Alimlər digər kəpənəklərdən dəfələrlə uzun yaşayan və qocalma prosesini daha yavaş keçirən kəpənək növü aşkarlayıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Araşdırmalar İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrində yaşayan Heliconius kəpənəkləri tədqiq edilib.
Müəyyən olunub ki, əksər kəpənək növləri cəmi bir neçə həftə yaşadığı halda, Heliconius kəpənəkləri təxminən bir ilədək yaşaya bilir.
Araşdırma zamanı uzunömürlülüyün yalnız qidalanma ilə bağlı olmadığı da üzə çıxıb. Belə ki, Heliconius kəpənəkləri çiçək nektarı ilə yanaşı, tozcuqla da qidalanır. Lakin tozcuq onların qidalanmasından çıxarıldıqda belə, uzunömürlülük üstünlüyü qorunub.
Tədqiqatçılar həmçinin yaşlı Heliconius fərdlərində fiziki geriləmə və əzələ itkisi müşahidə etməyiblər. Yaxın qohum olan Dryas iulia növündə isə yaşlandıqca zəifləmə qeydə alınıb.
Nature Communications jurnalında yayımlanan araşdırmaya görə, Heliconius növlərinin orta ömür uzunluğu yaxın qohumları ilə müqayisədə təxminən üç dəfə çoxdur.
Ən uzunömürlü növlərdən biri olan Heliconius hewitsoni 348 günədək yaşadığı halda, Dione juno növünün ömrü cəmi 14 gün olub. Beləliklə, iki növ arasında təxminən 25 dəfə ömür fərqi müəyyən edilib.
Alimlər bildirirlər ki, bu nəticələr qocalma biologiyasının və uzunömürlülük mexanizmlərinin öyrənilməsi üçün mühüm imkan yaradır.