Üç il əvvəl Azərbaycan tarixinin qızıl səhifələrindən biri yazıldı. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
Bu tarixi qələbə asan başa gəlmədi. Azərbaycanın neçə-neçə igid övladı Vətən uğrunda canından keçdi. Onlardan biri də Zahir Əliyev idi. O, övladlarının azad və bütöv Azərbaycanda yaşaması, böyüməsi üçün öz canını fəda etdi.
AzEdu.az xəbər verir ki, Şəhid Zahir Əliyevin qızı Aysu Əliyeva atası ilə bağlı xatirələrini və onunla son ünsiyyətini Modern.az-la bölüşüb.
Aysu deyir ki, atası hərbçi olduğu üçün 2020-ci ildən sonra tez-tez işğaldan azad edilmiş ərazilərdə xidmətə gedirdi. Hər dəfə evdən çıxarkən sanki döyüşə yollanırmış kimi ailəsi ilə sağollaşar, övladlarını bir-birinə tapşırardı. Lakin sonuncu gedişində hər şey zahirən əvvəlki kimi görünsə də, atasının səsində fərqli bir ahəng vardı:
“Atam hər dəfə bizimlə sağollaşanda bizi bir-birimizə tapşırıb gedərdi. Getməsindən bir gün əvvəl də həmişəki kimi bizimlə danışdı. Ancaq bu dəfə səsində qəribə bir dəyişiklik hiss olunurdu. Mənimlə və bacımla xeyli söhbət etdi, yenə nəsihətlərini verdi. Biz isə onun səsini və nəsihətlərini son dəfə eşitdiyimizi bilmirdik”.

Səhəri gün Zahir Əliyev evdən çıxarkən ailəsinə cəmi bir neçə söz deyib:
“Çıxışa gedirəm, Allaha əmanət olun”.
Bu sözlər Aysunun yaddaşına əbədi həkk olunub. Çünki atası əvvəlki gedişlərində ailəsinə həmişə “ehtiyatlı olun” deyərdi. Bu dəfə isə onları Allaha əmanət etmişdi:
“Əsas fərq də elə bunda idi. Atam həmişə gedəndə bizə "ehtiyatlı olun" deyərdi. Amma həmin gün "Allaha əmanət olun" söylədi. Sanki bu gedişin sonuncu olduğunu hiss etmişdi. Bir həftədən sonra qayıdacaqdı, heç olmasa, biz belə düşünürdük. Sonuncu şəklini əvvəlcə kiçik qardaşına, sonra isə bizə göndərmişdi”.
Aysunun qəlbində ən ağır iz buraxan məqamlardan biri atası ilə son telefon danışığında iştirak edə bilməməsidir. Zahir Əliyev ailəsinə sonuncu dəfə zəng edəndə Aysu məktəbdə olub:
“Atam evə son dəfə zəng edəndə anamla və kiçik bacımla danışmışdı. Mən məktəbdə olduğum üçün onun səsini son dəfə eşidə bilmədim”.

Zaur Əliyevin son fotosu. 19 sentyabr 2023-cü il saat 13:35
Həmin gün məktəbdə Aysunun ilk kimya dərsi olmuşdu. Evə qayıdan kimi sevincini həmişə olduğu kimi atası ilə bölüşmək istəyib. Telefonu əlinə alaraq ona mesaj yazıb:
“Ata, bu gün ilk kimya dərsimi keçdim”.
Lakin mesaj atasına çatmayıb.
“Mesajın çatmaması məni çox narahat etdi. Buna baxmayaraq, hiss etdiklərimi anama bildirmədim. Onu daha çox təşvişə salmaq istəmirdim. Bir qədər sonra binada qəfil səs-küy yarandı. Hamı təşviş içində idi, mən isə nə baş verdiyini anlamağa çalışırdım. Sonra anamın məni çağırıb haray çəkməsini eşitdim. Elə həmin an anladım ki, artıq hər şey üçün çox gecdir...”
Aysunun atasına yazdığı son mesaj cavabsız qaldı. Zahir Əliyev qızının ilk kimya dərsi barədə sevincini oxuya bilmədi. Ancaq Vətən üçün etdiyi fədakarlıqla övladlarına azad, bütöv və suveren Azərbaycan miras qoydu.

