Azedu.az

Keçid balına aldanmayın! - Regionşünaslıq ixtisası ilə bağlı VACİB MƏSLƏHƏT

Qəbul imtahanları

11 Avqust 2026, 10:13
Keçid balına aldanmayın! - Regionşünaslıq ixtisası ilə bağlı VACİB MƏSLƏHƏT

Bir çox abituriyentlər sadəcə keçid balı aşağı olduğu üçün Regionşünaslıq ixtisasını seçirlər.

Lakin əksəriyyəti bu sahəni bitirdikdən sonra harada və hansı peşə üzrə çalışacaqlarını dəqiq bilmirlər. Bu isə onu "naməlum gələcəyə malik" ixtisaslardan birinə çevirir.

Düşündürücü sualdır ki, bu sahənin gələcəyi varmı, yoxsa bu ixtisas sadəcə formal xarakter daşıyır?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, regionşünaslıq ixtisasını bitirənlərə magistratura təhsilini həmin ölkənin özündə davam etdirməyi tövsiyə edirəm:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev...

"Regionşünaslıq sahəsi üzrə III ixtisas qruplarında TC alt qrupunun blok imtahanında 100 balı keçə bilməyən abituriyentlər, təbii ki, yalnız regionşünaslıq ixtisaslarını seçirlər. Əslində, regionşünaslıq pis ixtisas deyil, bir növdə keçmiş şərqşünaslıq anlayışına bənzəyir və beynəlxalq münasibətlərin daha kiçik forması hesab olunur. Bu sahə konkret ölkələr və regionlar üzrə ixtisaslaşmanı nəzərdə tutur. Məsələn, ABŞ üzrə təhsil alan tələbə bu ölkənin iqtisadi, coğrafi, siyasi və ümumi vəziyyətini hərtərəfli öyrənir. Eyni qaydada Çin, Avropa və digər ölkələr üzrə də ixtisaslaşmaq mümkündür. Bütün bunlara görə bu, yaxşı və maraqlı ixtisasdır, sadəcə doğru seçim etmək lazımdır.

Abituriyentlərə daha perspektivli regionşünaslıq istiqamətlərinə yönəlməyi tövsiyə edərdim. Məsələn, Avropa ölkələri üzrə regionşünaslıq yaxşıdır, Çin üzrə isə birmənalı olaraq əladır. Şərqi Avropa, Qafqaz, Xəzəryanı və Ərəb ölkələri də geniş perspektivlər vəd edir, çünki bu regionlarda ölkə sayısı çoxdur. Ölkə sayı çox olduqda iş imkanları da genişlənir. Məsələn, 22 Ərəb ölkəsi var və onların Azərbaycanda səfirlikləri, eləcə də müxtəlif şirkətləri fəaliyyət göstərir.

Hətta regionşünaslıq ixtisasını bitirənlərə magistratura təhsilini həmin ölkənin özündə davam etdirməyi tövsiyə edirəm. Məsələn, Ərəb ölkələri və ya Çin üzrə bakalavr pilləsini bitirən gənc magistraturanı elə həmin ölkədə oxuyarsa, bu, onun akademik karyerasının inkişafına, dil biliklərinin təkmilləşməsinə və orada əmək fəaliyyətinə başlamasına böyük imkan yaradar. Ona görə də gənclər regionşünaslıq üzrə ölkə seçərkən gələcək magistratura imkanlarını da nəzərə almalıdırlar".

Bu sahəni seçən gənclərə ən əsas və birmənalı tövsiyəm budur ki, seçdiyiniz ölkənin dilini mütləq mükəmməl bilməlisiniz:

"Bununla yanaşı, məsələn, İran kimi və ya digər kiçik ölkələrin regionşünaslığını seçmək o qədər də perspektivli sayılmır və gəncin gələcək karyerasına böyük müsbət təsir göstərmir. Bu səbəbdən seçim edərkən xüsusilə diqqətli olmaq və perspektivli ölkələrə üstünlük vermək vacibdir. Məsələn, Almaniya üzrə regionşünaslığı seçib, daha sonra təhsili elə Almaniyada magistratura səviyyəsində davam etdirmək olar. Digər Avropa ölkələrini də bu qaydada qeyd etmək mümkündür.

Bu sahəni seçən gənclərə ən əsas və birmənalı tövsiyəm budur ki, seçdiyiniz ölkənin dilini mütləq mükəmməl bilməlisiniz. Məsələn, Çin üzrə regionşünaslıq seçmisinizsə, Çin dili ilə yanaşı ingilis dilini də sərbəst bilməlisiniz. Almaniya üzrə seçmisinizsə alman və ingilis dillərini, Ərəb ölkələri üzrə seçmisinizsə ərəb və ingilis dillərini mütləq öyrənməlisiniz. Bunlar əsas şərtdir. Bundan əlavə nə qədər çox dil bilsəniz, bu, sizin üçün bir o qədər əlavə üstünlük və perspektiv olacaq. Bu şərtlər ödənildiyi təqdirdə əmək bazarına qoşulmaqda və ya iş tapmaqda heç bir ciddi problemin yaşanmayacağını düşünürəm".

Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox