ABŞ-də məktəblər süni intellekt alətlərindən istifadəyə yanaşmanı dəyişməyə başlayıb.
AzEdu.az xəbər verir ki, ölkənin müxtəlif ştatlarında məktəblər süni intellekti qadağan etmək əvəzinə, şagirdlərə bu texnologiyadan düzgün və təhlükəsiz istifadə etməyi öyrətməyə üstünlük verirlər.
Yeni yanaşmanın əsas istiqamətlərindən biri şagirdlərə süni intellekt alətlərinin hər zaman doğru məlumat vermədiyini göstərməkdir. Şagirdlərə çatbotların yaratdığı məlumatları yoxlamaq, yanlış və ya qərəzli cavabları müəyyənləşdirmək, şəxsi məlumatların qorunmasına diqqət yetirmək öyrədilir.
Məlumata görə, ABŞ-nin 37 ştatında təhsildə süni intellektdən istifadə ilə bağlı müəyyən formada metodik göstərişlər hazırlanıb.
Utah ştatında isə süni intellektin təhsilə inteqrasiyası istiqamətində daha geniş proqram həyata keçirilir. Burada 7 mindən çox müəllim süni intellektdən tədrisdə istifadə ilə bağlı təlim keçib.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt savadlılığı yalnız bu alətlərdən istifadə etməyi deyil, onların imkanlarını və məhdudiyyətlərini, etik risklərini və hansı hallarda istifadəsinin məqsədəuyğun olmadığını anlamağı da əhatə etməlidir.