18 iyun tarixində sertifikatlaşdırma prosesinin ikinci günündə təsviri incəsənət, musiqi, fizika, kimya və biologiya fənləri üzrə müəllimlər imtahan veriblər.
İmtahanda yüksək nəticə göstərən müəllimlərdən biri də Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbinin Təsviri incəsənət müəllimi Leyla İbadova olub.
AzEdu.az bu münasibətlə Leyla müəllimin təəssüratlarını öyrənib.
MİQ imtahanlarında nəticələrimi ilbəil yüksəldib rayon 1-cisi olmuşdum, sertifikasiya imtahanında da yenidən ən yüksək nəticəyə imza atdım:
“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında mütəmadi iştirak edərək nəticələrimi ilbəil yüksəltmişəm: 2023-cü ildə 65 bal, 2024-cü ildə 70 bal, 2025-ci ildə isə 85 bal toplayaraq rayon üzrə 1-ci yeri tutmuşam. Bu il keçirilən sertifikasiya imtahanında isə təsviri incəsənət fənni üzrə 55 bal toplayaraq rayonda yenidən ən yüksək nəticəyə imza atmışam.
Əslində MİQ ballarımdan yüksək nəticə gözləyirdim. Düzdür, bir az həyəcanım da var idi, amma ümumilikdə topladığım baldan razı qaldım və sevindim. Sadəcə birinci dəfə sertifikasiyada iştirak etdiyim üçün bir qədər qeyri-müəyyənlik və qorxu hissi də var idi. MİQ-in ab-havasını əvvəlcədən bildiyim üçün daha rahat idim, amma sertifikasiyanın özü mənim üçün yeni təcrübə idi”.
İmtahana hazırlaşarkən gecə saat 3-4-ə qədər testlər işləyir, kitabları vərəqləyirdim:
“Mən bu günə qədər qazandığım bütün uğurlara, keçdiyim imtahanlara öz üzərimdə ciddi çalışaraq hazırlaşmışam. Hazırlıq prosesində qarşılaşdığım ən böyük çətinlik zaman və vaxt məhdudiyyəti idi. İki fərqli məktəbdə işləmək, ailə qayğıları və iki körpə uşağımın olması məndən ikiqat məsuliyyət tələb edirdi.
Gündüzlər uşaqların bağça və məktəb qayğıları, eləcə də iş qrafiki səbəbindən mən yalnız gecələr hazırlaşa bilirdim. Hər gün onlayn dərslərimiz bitdikdən sonra, gecə saat 3-4-ə qədər testlər işləyir, kitabları vərəqləyirdim. Müəllimlik asan sənət deyil və bu uğurun arxasında böyük bir yuxusuzluq və zəhmət dayanır. Hazırda da tempimi düşürmədən növbəti MİQ imtahanı üçün fərdi hazırlıqlarımı davam etdirirəm”.
İmtahan asan deyildi, suallar kifayət qədər ciddi və detallı hazırlanmışdı:
“Yüksək bal toplayan bəzi həmkarlarım imtahanın çox asan olduğunu iddia etsələr də, mən bu fikirlə razı deyiləm. İmtahan sualları kifayət qədər ciddi və detallı hazırlanmışdı. Məsələn, kurikulum sualları ilə yanaşı, ixtisas suallarında cümlə daxilindəki nüanslara xüsusi diqqət yetirmək tələb olunurdu.
Leonardo da Vinçi və Pol Kli ilə bağlı düşən suallarda variantlar elə qurulmuşdu ki, kitabın hər cümləsini, rəssamların üslubunu dərindən bilməyən şəxs səhv edə bilərdi. Mən dərsliklərdəki şəkillərin, mətnlərin hətta hansı səhifədə yerləşdiyini əzbər bildiyim üçün bu sualları düzgün cavablandıra bildim. Deməzdim ki, imtahan asan idi. Sadəcə biz çox ciddi hazırlaşdığımız üçün bu nəticəni əldə etdik”.
Təsviri incəsənət asan fənn ola bilməz. Onun daxilində memarlıq, qrafika, heykəltəraşlıq kimi fundamental sahələr var:
“Cəmiyyətdə və bəzən müəllimlər arasında təsviri incəsənət, musiqi kimi fənlərin digər elmlərə nisbətən “asan” olması barədə yanlış bir yanaşma var. Mən bu yanaşmanın tamamilə əleyhinəyəm. Bəzən 8-10-cu sinif şagirdləri dərslərə daha sərbəst yanaşmaq, “müəllimə, bizi boş buraxın” və ya “ciddi dərs keçməyin, rəsm çəkməyək” kimi fikirlər söyləyə bilirlər. Amma mənim şəxsi yanaşmam fərqlidir. Mən hesab edirəm ki, dərslər ciddi şəkildə keçirilməlidir və rəsm fəaliyyəti mütləq yerinə yetirilməlidir. Eyni zamanda şagirdlərə nümunə olması üçün özüm də rəsmlər çəkir və onların necə öyrənməli olduqlarını praktiki şəkildə izah edirəm.
Təsviri incəsənət asan fənn ola bilməz. Onun daxilində memarlıq, qrafika, heykəltəraşlıq kimi fundamental sahələr var. Biz dərsi keçəndə onu həm tarixlə, həm də ədəbiyyatla inteqrasiya edirik. Şagirdə qədim məbədlərin sütunlarını izah edəndə tarixin dərinliklərinə enirik. Eldar Mikayılzadənin xalçaçılıq əsərlərini keçəndə, şagirdə Nizami Gəncəvinin "Xəmsə"sini, "Yeddi gözəl"i, Firdovsinin “Şahnamə”sini izah edirik ki, uşaq qarşısındakı rəsmin mahiyyətini anlasın. Təsviri incəsənət həyatın fərqli elementlərini özündə birləşdirən çoxşaxəli bir elmdir və mən onu heç bir digər fənn ilə eyniləşdirə bilmərəm”.
Bu imtahanlar sayəsində bir çox müəllim öz üzərində ciddi şəkildə çalışır və özünü inkişaf etdirir:
"Mən sertifikasiya imtahanlarını müəllimlərin özünü inkişaf etdirməsi baxımından çox gözəl və faydalı bir proses kimi qiymətləndirirəm. Bəzən cəmiyyətdə elə bir yanlış rəy olur ki, müəllim öz fənnini onsuz da bilir, imtahana ehtiyac yoxdur və bu prosesə sadəcə formallıq kimi yanaşılır. Lakin mən bu fikirlərlə razı deyiləm.
Bu imtahanlar sayəsində bir çox müəllim, o cümlədən yaşlı nəslin nümayəndələri öz üzərilərində ciddi şəkildə çalışır və özlərini inkişaf etdirirlər. Məsələn, bizim məktəbdə pensiya yaşına az qalmış müəllimlərin imtahana gedərək 50-dən yuxarı yüksək ballar toplaması şəxsən mənim üçün böyük bir fəxrdir. Hətta məktəbimizdə yaşlı bir rus dili müəllimi var idi; o, öz istəyi ilə ərizə yazaraq, özünü yoxlamaq məqsədilə imtahanda iştirak etmək istədiyini bildirdi.
Əlbəttə ki, yüksək bal toplamaq insana əlavə bir motivasiya verir, lakin bu prosesin özündə iştirak etmək belə çox böyük bir təcrübədir. Mən həmin yaşlı müəllimlərdən özümə böyük bir örnək götürürəm. Bu imtahanlar həm də ona görə mühümdür ki, biz bununla həm şagirdlərin, həm valideynlərin, həm də bütün cəmiyyətin gözündə sənətimizə necə dəyər verdiyimizi, məsuliyyətlə yanaşdığımızı və sadəcə dərs keçib getmədiyimizi sübut edirik. Biz bu sınaqlardan keçməklə öz peşəkar səviyyəmizi yoxlayır və təsdiqləyirik".
Zəif nöqtələrini müəyyən edən müəllim mütləq yenidən çalışmalıdır:
"Dövlət keçid balını toplaya bilməyən müəllimlərə ikinci bir şans yaradır. Əslində, hər bir müəllim çalışmalıdır ki, elə birinci mərhələdəcə uğur qazanıb psixoloji stresdən azad olsun. Lakin uğur qazana bilməyənlər də ruhdan düşməməlidir, çünki dövlət onları dərhal işdən azad etmir, yenidən hazırlaşmaq üçün şərait yaradır. Bu, onlar üçün çox böyük bir fürsətdir.
Bizə təlimlərdə müəllimlərimiz də həmişə deyirdilər ki, imtahanda səhv yazılan suallardan qorxmaq və ya çəkinmək lazım deyil. Çünki o səhvlər əslində bizim hansı mövzularda zəif olduğumuzu, harada boşluqlarımızın qaldığını açıq şəkildə göstərir. Zəif nöqtələrini müəyyən edən müəllim mütləq yenidən çalışmalıdır.
Özünü təkmilləşdirmək üçün verilən bir il vaxt əslində çox böyük bir müddətdir. Əgər bu vaxtı aylara, günlərə və saatlara bölsək, doğru planlama ilə çox böyük nəticələr əldə etmək olar. Bu fürsətin mahiyyətini dərk edən və fəaliyyətini davam etdirən hər bir müəllim növbəti imtahanda mütləq özünü inkişaf etdirərək hətta çox yüksək ballar da toplaya bilər".