Azedu.az

Nazir: MİQ sistemi daha güclü müəllimlərin seçilməsində effektivdir

MİQ

30 İyun 2026, 10:15
Nazir: MİQ sistemi daha güclü müəllimlərin seçilməsində effektivdir

"MİQ sistemi sertifikatlaşdırmada daha yüksək nəticələr göstərən müəllimlərin seçilməsində effektiv rol oynayır".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, müəllimlərin “MİQ-dən gələn” və “gəlməyən” kimi kateqoriyalara bölünməsi düzgün yanaşma deyil və bütün müəllimlər eyni peşə funksiyalarını icra edirlər. 

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi ümumi müəllim kontingentinin peşə hazırlığını qiymətləndirən vahid mexanizmdir.

Emin Əmrullayev qeyd edib ki, MİQ imtahanı vasitəsilə işə qəbul olunan müəllimlərin 99 faizi sertifikatlaşdırma imtahanında uğur qazanıb. 

Eyni zamanda, bu kateqoriyaya aid müəllimlərin 66 faizi sertifikatlaşdırmada 51 bal və daha yüksək nəticə əldə edib.

Nazirin sözlərinə görə, ümumi göstəricilərə əsasən sertifikatlaşdırma imtahanında 51 baldan yuxarı nəticə göstərən müəllimlərin payı 29 faiz olduğu halda, MİQ sistemi ilə işə qəbul olunan müəllimlər arasında bu göstərici 66 faiz təşkil edib.

Emin Əmrullayev vurğulayıb ki, bu rəqəmlər MİQ imtahanının təhsil sisteminə daha yüksək fənn biliklərinə malik müəllimlərin seçilməsində effektiv bir alət olduğunu göstərir. Onun sözlərinə görə, müqayisəli nəticələr MİQ vasitəsilə işə qəbul olunan müəllimlərin fənn bilik səviyyəsinin orta hesabla əvvəlki dövrlərdə işə qəbul olunanlara nisbətən daha yüksək olduğunu ortaya qoyur.

Nazir əlavə edib ki, bu müqayisə digər müəllimlərin bilik səviyyəsinin aşağı olması anlamına gəlmir, əksinə bu, yalnız ümumi statistik göstəriciləri əks etdirir və fərdi qiymətləndirmə kimi qəbul edilməməlidir.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox