Azedu.az

IV qrup üzrə ölkə BİRİNCİSİ: “Özümü həmişə ağ xalatda təsəvvür edirdim”

İmtahanlar və qəbul məsələləri

24 İyun 2026, 21:11
IV qrup üzrə ölkə BİRİNCİSİ: “Özümü həmişə ağ xalatda təsəvvür edirdim”

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

AzEdu.az bu münasibətlə Aysu ilə həmsöhbət olub.

O qeyd edib ki, ölkə birincisi olacağını düşünmürdü:

“Mən çox xoşbəxtəm. Həqiqətən də çəkdiyim əziyyətin bəhrəsini görmək inanılmaz bir hissdir. Özümdən bu nəticəni gözləyirdim, amma bir-iki açıq sualdan tam əmin deyildim, onlar da düz çıxdı.

Ölkə birincisi olmağı əslində fikirləşmirdim. Yəni elə bir o qədər yüksək nəticə gözləmirdim. Çox xoşbəxtəm. Bu yolda mənə dəstək olan bütün məktəbimin, Təmayül Gimnaziyasının müəllimlərinə, valideynlərimə, hazırlıq müəllimlərimə - hamısına çox təşəkkür edirəm”.

Aysunun sözlərinə görə, imtahanda çaşdırıcı suallar da olub:

“Həkim olmaq istəyirəm. Amma hələ dəqiq seçim etməmişəm, oxuya-oxuya seçəcəyəm.

İmtahan asan deyildi, düzdür, orta səviyyədə idi. Çaşdırıcı suallar var idi. Mənə ən rahat gələn, ən yaxşı bildiyim fənn kimya idi, ondan başlamışdım. Məni bir az biologiya çaşdırırdı, amma ona da çox yaxşı hazırlaşmışdım, sualların hamısına cavab verə bildim. Müəllimlərimin hamısına təşəkkür edirəm.

Üç ildir hazırlaşıram. Doqquzuncu sinifdən buraxılış müəllimlərinin yanına getmişəm, amma bloka iki il hazırlaşmışam. Günümün çox hissəsini oxuyaraq keçirirdim. Məşğələyə gedirdim, gəlirdim, axşam dərsimi edirdim. Yuxu rejimimə də diqqət edirdim.

Telefonu istifadə etmişəm. Mən düşünürəm ki, telefondan istifadə etməmək düzgün deyil. Sadəcə olaraq telefondan düzgün şəkildə istifadə etmək lazımdır. İnsan özünə müəyyən sərhədlər qoyub istifadə etdikdə problem olmur.

İnsan bir şeyi çox istəyirsə və onun üçün çalışırsa, mütləq onu əldə edəcək. Daim çalışmaq, məqsədinə doğru irəliləmək lazımdır. Mən özümü o ağ xalatda təsəvvür edirdim həmişə masanın başına keçəndə, bu mənə güc verirdi. Bütün abituriyentlər hansı peşəyə yiyələnmək istəyirlərsə, onu düşünüb dərs etməlidirlər”.

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox