Bakı şəhəri Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin texnologiya müəllimi Könül Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması imtahanında 58 bal toplayıb.
Müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, bu nəticə onun üçün həm peşəkar uğur, həm də böyük motivasiya mənbəyidir.
“Sertifikasiya imtahanında 58 bal topladım. Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə işə qəbul olunmuşam və həmin vaxt 55 bal toplamışdım. Bu dəfə isə nəticəmin üzərinə nəticə əlavə edə bildim. Buna görə çox şükür edirəm.
Sadəcə, bir qədər həyəcanlı idim. Düşünürəm ki, səhv etdiyim suallardan biri kurikulumla bağlı idi. Həmin cavabdan tam əmin deyildim.
Suallar çox rahat idi. Qəliz və proqramdan kənar heç nə yox idi. Gözlədiyim sualların demək olar ki, hamısı imtahanda yer almışdı. Mən həm də təlimçi kimi fəaliyyət göstərirəm və müəllimlərə hansı tip sualların düşə biləcəyini izah edirdim. Hesablama, uyğunlaşdırma və digər tapşırıqlar dediyim kimi imtahanda yer aldı.
Sertifikatlaşdırmanın ən müsbət tərəfi odur ki, müəllimlərin bilik səviyyəsini obyektiv şəkildə ortaya qoyur. Kim daha yaxşı hazırlaşıbsa, nəticə də bunu göstərir. Mən hər zaman öz üzərimdə çalışmışam və bu prosesdə də ciddi hazırlaşdım.
İmtahan zamanı həyəcanımdan əllərim əsirdi. Kitabı demək olar ki, əzbər bilsəm də, stres öz sözünü dedi.
Şagirdlərim tez-tez mənə deyirlər: "Müəllim, siz hər şeyi necə bilirsiniz?" Mən də onlara cavab verirəm ki, "Siz də oxusanız, biləcəksiniz". Bu uğurumu şagirdlərimlə bölüşmək isə mənim üçün xüsusi sevincdir”.