"Həftəlik dərs yükü əməkhaqqı səviyyəsinə birbaşa təsir göstərir".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir müəllimlərin həftəlik dərs saatı ilə orta aylıq əməkhaqqı arasında mövcud olan əlaqəyə dair statistik göstəriciləri açıqlayıb.
Onun sözlərinə görə, 500 manata qədər əməkhaqqı alan 14 372 müəllim ümumi müəllimlərin 12 faizini təşkil edir və bu qrupun həftəlik orta dərs yükü 8 saatdır.
Emin Əmrullayev bildirib ki, 500-1000 manat aralığında əməkhaqqı alan 45 126 müəllim ən böyük qrupu təşkil edir və onların həftəlik orta dərs saatı 17 saat olaraq qeydə alınıb.
Nazirin sözlərinə görə, 1000-1500 manat aralığında əməkhaqqı alan 40 240 müəllim ümumi müəllim heyətinin 36 faizini təşkil edir və bu qrup üzrə həftəlik orta dərs yükü 25 saatdır.
Emin Əmrullayev qeyd edib ki, 1500-2000 manat aralığında əməkhaqqı alan 14 228 müəllim ümumi müəllimlərin 12 faizini təşkil edir və onların həftəlik dərs yükü 31 saat olaraq müəyyən edilib.
Nazir əlavə edib ki, 2000 manat və daha yüksək əməkhaqqı alan 1 426 müəllim ümumi müəllim heyətinin cəmi 1 faizini təşkil etsə də, bu qrupun həftəlik orta dərs saatı 34 saat ilə ən yüksək göstəricidir.
Emin Əmrullayev vurğulayıb ki, təqdim olunan statistika dərs yükü ilə əməkhaqqı səviyyəsi arasında birbaşa əlaqənin olduğunu göstərir və bu balans təhsil sistemində mühüm göstərici kimi çıxış edir.