Ötən həftə təhsil gündəmi yenə də intensiv hadisələrlə yadda qaldı. Müəllimlərin sertifikatlaşdırılması prosesi yekunlaşdı, ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlara start verildi.
Bununla yanaşı, elm və təhsil naziri Emin Əmrullayevin universitetlər, dərsliklər və ali təhsil siyasəti ilə bağlı açıqlamaları geniş müzakirələrə səbəb oldu.
Məhz bu məqamları oxucuların diqqətində saxlamaq, həftə ərzində baş verən əsas hadisələri bir araya toplamaq məqsədilə AzEdu.az “Həftənin təhsil icmalı” rubrikasına davam edir.
Həftənin ən mühüm hadisələrindən biri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının başa çatması oldu. İmtahanlar ölkənin 19 şəhər və rayonunda yerləşən 35 imtahan mərkəzində tam elektron formatda keçirildi. Prosesdə 22 mindən çox müəllim iştirak etdi, davamiyyət isə 96 faiz təşkil etdi.
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan etdi. I ixtisas qrupu üzrə 700 bal toplayaraq ölkə birincisi Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun oldu. Eyni zamanda, imtahan qaydalarını pozduqları üçün 16 nəfərin nəticəsi ləğv edildi.
Bununla yanaşı, DİM iyunun 22-dən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına start verdi. Təsviri sənət, xoreoqrafiya və idman istiqamətləri üzrə keçirilən imtahanlarda iştirak edən abituriyentlərdən müvafiq sənədləri təqdim etmələri tələb olundu.
Həftə ərzində DİM sədri Məleykə Abbaszadə imtahan təhlükəsizliyi ilə bağlı mühüm mesaj verdi. O bildirdi ki, istər buraxılış, istərsə də qəbul imtahanlarında qayda pozuntusu sonradan aşkar olunsa belə, həmin iştirakçı müsabiqədən kənarlaşdırılır. Onun sözlərinə görə, nəticələr elan edildikdən sonra da statistik təhlillər aparılır və qanun pozuntuları müəyyən edilərsə, müvafiq qərarlar qəbul olunur.
Elm və təhsil naziri Emin Əmrullayevin ali təhsillə bağlı açıqlamaları isə geniş rezonans doğurdu. Nazir bildirdi ki, Bakıdakı universitetlərin regionlara köçürülməsi nəzərdə tutulmur. Əvəzində, bəzi ali təhsil müəssisələrində tələbə kontingentinin azaldılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdiriləcək. O, eyni zamanda region universitetlərinin infrastrukturunun və imkanlarının genişləndirildiyini vurğuladı.
Nazir həftə ərzində dərsliklərlə bağlı müzakirələrə də münasibət bildirdi. Onun sözlərinə görə, dərsliklərdə texniki səhvlər əsas problem deyil, əsas məsələ məzmunun müasir tələblərə cavab verməsidir. Emin Əmrullayev ictimaiyyətin diqqətinin daha çox dərsliklərin məzmununa və yeni elmi nailiyyətlərin tədrisə inteqrasiyasına yönəlməsinin vacibliyini qeyd etdi.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov isə gələcəkdə təhsil tələbə kreditlərinin verilməsində ixtisaslar üzrə diferensial yanaşmanın tətbiq oluna biləcəyini açıqladı. Onun sözlərinə görə, gələcəkdə əmək bazarında daha çox tələb olan ixtisaslara fərqli kredit mexanizmlərinin tətbiqi istisna edilmir.
Paytaxt məktəblərində də diqqətçəkən statistika açıqlanıb. Bildirilib ki, 2025-2026-cı tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 46 min 531 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə yerdəyişmə edib.
Həftənin sonuna doğru daha bir mühüm elan verildi. İyunun 29-dan dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələri üzrə elektron sənəd qəbulu mərhələsinə start verildi. Namizədlər iyulun 6-dək elektron qaydada qeydiyyatdan keçə biləcəklər.
Beləliklə, ötən həftə həm ümumi, həm də ali təhsil sahəsində qəbul prosesləri, müəllimlərin qiymətləndirilməsi, təhsil siyasəti ilə bağlı açıqlamalar və idarəetmə istiqamətində atılan yeni addımlarla zəngin oldu.