Azedu.az

Xaricdə 5 nüfuzlu universitetə qəbul alan gənc: "Təcrübəmi ölkəmizdə tətbiq edəcəyəm"

Müsahibə və reportajlar

9 İyun 2026, 18:56
Xaricdə 5 nüfuzlu universitetə qəbul alan gənc: "Təcrübəmi ölkəmizdə tətbiq edəcəyəm"

Xaricdə təhsil almaq bu gün bir çox tələbə və abituriyentin ən böyük hədəflərindən biridir. Hər il yüzlərlə gənc bakalavr, magistr və doktorantura təhsili almaq üçün dünyanın nüfuzlu universitetlərinə üz tutur.

Bu yolda Azərbaycan Respublikasının Dövlət Proqramı da gənclərin beynəlxalq səviyyəli təhsil əldə etməsinə mühüm dəstək verir.

Belə gənclərdən biri də ADA Universitetinin məzunu  Ayan Camaldır. O, magistr təhsili üzrə İngiltərənin Bristol Universitetinə qəbul alıb və Dövlət Proqramına müraciət edib.

AzEdu.az Ayanla həmsöhbət olaraq onun təhsil yolu, beynəlxalq təcrübələri və gələcək planları barədə danışıb:

O qeyd edib ki, İngiltərənin beş universitetindən qəbul alıb:

“Orta məktəb təhsili üzrə Bakı Atatürk Liseyinin məzunuyam. 2025-ci ildə ADA Universitetinin Kompüter Elmləri ixtisası üzrə bakalavr pilləsini bitirmişəm. Dövlət Proqramına magistr pilləsi üzrə “Data Science” (Məlumat Elmi) ixtisası üzrə Bristol Universiteti ilə müraciət etmişəm. Ümumilikdə isə bu il ərzində İngiltərənin beş universitetindən qəbul almışam. Həmin təhsil müəssisələri Şeffild Universiteti (University of Sheffield), Lids Universiteti (University of Leeds), Queen Mary University of London (Kuin Meri London Universiteti), Bristol University (Bristol Universiteti) və Birminqam Universitetidir (University of Birmingham).

Magistr təhsili üçün müxtəlif ölkələrin nüfuzlu universitetlərini dəyərləndirsəm də, yekun seçimim İngiltərənin Bristol Universiteti oldu. Bu seçimi etməyimdə universitetin İngiltərə və dünya üzrə yüksək nüfuzlu universitetlədən olması, geniş tədqiqat (research) imkanları və hər bir tələbəyə gələcəyin potensial tədqiqatçısı kimi yanaşmaları mühüm rol oynadı. Gələcəkdə akademik fəaliyyətlə məşğul olmaq və doktorantura pilləsi üzrə davam etmək niyyətindəyəm.

184819

Magistr təhsilinə gəlincə, əslində İngiltərə variantı bu il ərzində dəqiqləşdi. Mən məzun olduqdan sonra ilk növbədə fikrim ODTÜ-yə (Orta Doğu Texnik Universitetinə) müraciət etmək idi. Hətta buna görə ingilis dili üzrə PTE Academic (Pearson Test of English) imtahanını verərək 90 üzərindən 86 bal toplamışdım. Lakin həmin dönəmdə İngiltərədə təhsil imkanları yarandığı üçün ODTÜ-yə müraciətimi müvəqqəti təxirə saldım. Daha sonra transkriptimi, digər lazımi sənədlərimi və PTE nəticəmi təqdim edərək İngiltərə universitetlərinə müraciət etdim. Ümumiyyətlə, Böyük Britaniyada qəbul aldığım bütün universitetlərə məhz bu PTE balı və bakalavr göstəricilərimlə qəbul olunmuşam. Bununla belə, Dövlət Proqramına müraciət üçün yenidən imtahan verərək IELTS-dən 8 bal əldə etdim”.

184827

Təhsil illərim ərzində beynəlxalq təcrübəyə xüsusi önəm vermişəm:

2023-2024-cü illərdə mübadilə tələbəsi (exchange) olaraq Ankara Universitetinin Kompüter Mühəndisliyi fakültəsində bir semestr təhsil almışam. Həmin müddətdə Türkiyə Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla bağlı tədbirlərdə aktiv iştirak etmişəm.

184825

Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyində WUF13 çərçivəsində Beynəlxalq şöbədə proqram meneceri kimi fəaliyyətimi davam etdirirəm. İş fəaliyyətim çərçivəsində xarici nüfuzlu qonaqlar və professorlarla yaxın əlaqələrin qurulması, birgə tədbirlərin təşkili ilə məşğul oluram. Eyni zamanda, universitetin 4-cü kursundan etibarən sənaye sahəsi ilə bağlı müxtəlif startaplar və layihələr üzərində işləyirəm.

Bunlardan biri komandamızla birlikdə hazırladığımız süni intellekt əsaslı “Bərəkət” startap layihəsi idi, hansı ki Azercell İnkubasiya Proqramında 1-ci yerə layiq görülüb. Bu layihə istifadəçilərin günlük “Nə bişirim?” sualına cavab verən, eyni zamanda Azərbaycanın milli yeməklərinin yer aldığı ilk rəqəmsal menyu/yemək təklifi (meal suggestion) tətbiqidir.

184841
184824

2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində könüllü kimi fəaliyyət göstərmiş və Hospitality Team (Qonaqpərvərlik Komandası) tərkibində yer almışam. COP29 kimi qlobal əhəmiyyətli bir tədbirdə fəaliyyət göstərmək mənə beynəlxalq tədbirlərin idarə olunması, multikultural mühitdə ünsiyyət, və komanda işi sahələrində dəyərli təcrübə qazandırıb. COP29 tədbiri başa çatdıqdan sonra beynəlxalq sertifikat və həmçinin Cənab prezidentin imzası ilə təşəkkürnamə təqdim olunmuşdu.

184822

Hazırda fəaliyyət göstərdiyim QHT-lərə Dövlət Dəstəyi Agentliyində World Urban Forum 13 çərçivəsində təşkil olunan əsas beynəlxalq tədbirlərin təşkilat komandasının üzvü kimi fəaliyyət göstərmişəm. Bu çərçivədə General Assembly of Global South NGO Platform, Second Solidarity Forum of Turkic States və Dünya Şəhərsalma Forumunun tarixində ilk dəfə təşkil olunan First NGO Forum kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin hazırlanması və icrasında iştirak etmişəm. Eyni zamanda pavilyonlarımızda Agentliyin tərəfdaş olduğu çoxsaylı sessiya, panel müzakirəsi, təqdimat və ikitərəfli görüşlərin koordinasiyasında fəal rol almışam.

184842

Həmçinin tədbirlərin sənədləşdirilməsi, proqramların hazırlanması, çıxışların koordinasiyası, xarici qonaqlar və nümayəndə heyətləri ilə kommunikasiya, təşkilati məsələlərin idarə olunması və tədbirlər zamanı operativ koordinasiyanın təmin edilməsi kimi vəzifələri yerinə yetirmişəm. Bu təcrübə mənə beynəlxalq tədbirlərin idarə edilməsi, müxtəlif ölkələrdən olan qonaqlarla iş, strateji kommunikasiya və institusional koordinasiya sahələrində xüsusi əhəmiyyətli təcrübə qazandırdı. Həmçinin, Qlobal Cənub QHT Platformasının Baş Assambleyası çərçivəsində təşkil olunan, Azərbaycanın milli ünsürlərinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə sintezini əks etdirən “İlmə İlmə Birlik” (Weaves of Solidarity) sərgisinin ingilis dilində təqdimatını rəsmi şəxslərə və xarici qonaqlara təqdimat etmişəm.

184828

184829
184830

Xaricdə magistr təhsilimi bitirdikdən sonra qazandığım beynəlxalq təcrübəni ölkəmizə inteqrasiya etmək niyyətindəyəm:

“Xaricdə magistr təhsilimi bitirdikdən sonra mütləq Azərbaycana qayıtmağı planlaşdırıram. Geri döndükdən sonra mövcud iş yerimdə fəaliyyətimi davam etdirərək qazandığım beynəlxalq təcrübəni ölkəmizə inteqrasiya etmək niyyətindəyəm.

Ən mühüm gələcək hədəflərimdən biri isə Qarabağla bağlı akademik araşdırmaların aparılmasıdır. İş prosesində əlaqə qurduğum xarici professorlarla birlikdə Qarabağda elmi tədqiqatların həyata keçirilməsi üçün layihə təklifi hazırlamaq mərhələsindəyik. Azərbaycanda, xüsusilə də azad olunmuş ərazilərimizdə bu cür akademik araşdırmalara böyük ehtiyac var. Bundan əlavə, Bristol Universitetində mənimsəyəcəyim güclü metodikaları ölkəmizdəki startap və sənaye layihələrimə tətbiq etməyi hədəfləyirəm.

184831

Mənim kimi xaricdə təhsil almaq istəyən tələbə və abituriyentlərə əsas tövsiyəm odur ki, qazandıqları bilik və beynəlxalq təcrübəni gələcəkdə mütləq Azərbaycana inteqrasiya etsinlər. Xarici təhsil müəssisələrinin və qlobal resursların bizə qazandırdığı imkanları vətənə qayıdaraq geri vermək lazımdır. Gələcək nəsil olaraq ölkəmizi həm akademik, həm də sənaye cəhətdən daha yüksək səviyyəyə gətirmək hər birimizin mənəvi borcudur”.

184835

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox