Azedu.az

Bir zənglə bitən 11 il: Gülüş və həyəcanla başlayan, göz yaşları ilə yekunlaşan gün - REPORTAJ

Müsahibə və reportajlar

13 İyun 2026, 14:35
Bir zənglə bitən 11 il: Gülüş və həyəcanla başlayan, göz yaşları ilə yekunlaşan gün - REPORTAJ

Dünya hələ bizim üçün nağıldı
Min arzuyla alışırdıq, yanırdıq
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq

Məktəb illəri

Ömrümün ən şirin, duyğulu, qayğısız günləri
Hər anı bir ömrə bərabər, sehirli günləri
Ən təmiz arzulu günləri....

Hələ ölkəmizə tam olaraq yay fəsli daxil olmasa da, günəşin istisi özünü artıq hiss etdirməyə başlayıb.... Saat 08:25. Məktəb həyətinə daxil olmaq üçün yavaş-yavaş addımlayırıq. Bu əsnada Lalə Məmmədovanın ifasında “Məktəb illəri” mahnısı səslənir. Sanki musiqi təkcə bir fon deyil, 11 ilin xatirələrini bir-bir oyadaraq havaya qarışır.

AzEdu.az olaraq biz də şagirdlərin üzündəki həm sevincə, həm də buruq kədərə şahid olmaq üçün Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyə yollandıq.

Məktəbin həyəti artıq bayram ab-havasındadır. Məzunlar bir tərəfdə bir-biri ilə şəkil çəkdirir, digər tərəfdə müəllimlər onları son dəfə “şagirdim” deyə çağırmağın kövrəkliyini yaşayır. Valideynlərin baxışlarında qürur, bir az da zamanın necə tez keçdiyinə dair təəccüb var.

Şagirdlərin həri biri yerini aldı və rəsmi hissə başladı.

İlk növbədə Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha sonra Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edildi.

Tədbirin rəsmi hissəsində Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək məzunları təbrik edib:

“6 nömrəli məktəbin məzunu olmaq həm şərəf, həm də məsuliyyətdir. Son zəng məktəb həyatının başa çatmasını və gənclərin həyatında yeni mərhələnin başlanmasını simvolizə edir.6 nömrəli məktəb-lisey ölkənin tanınmış təhsil ocaqlarından biridir və bu məktəbin məzunu olmaq böyük şərəf olduğu qədər, məsuliyyət də tələb edir”.

O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bu məktəbdə təhsil alması məktəbin xüsusi ənənələrinin göstəricisidir.

Nazir müavini çıxışında yaxın günlərdə qeyd olunacaq Milli Qurtuluş Gününün əhəmiyyətinə də toxunaraq, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafındakı rolundan danışıb.

Firudin Qurbanov bildirib ki, bu il məktəbi 144 məzun bitirir. O, məzunların gələcəkdə ölkənin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib və müasir dövrdə gənclərin qarşısında duran yeni texnoloji çağırışlardan söz açıb.

Nazir müavini məktəbin uğurlu ənənələrini xatırladaraq, məzunların hər il yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olduqlarını qeyd edib. Xaricdə təhsil alacaq gənclərə müraciət edən Firudin Qurbanov onların Azərbaycanla əlaqələrini heç vaxt itirməmələrinin vacibliyini vurğulayıb.

Çıxışının sonunda nazir müavini məzunlara bir sıra tövsiyələr verib.  

Daha sonra məktəbin direktoru Gülşən Orucova qeyd edib ki, məzunlarının 70 faizi xarici universitetlərə qəbul alıb:

“Artıq məzunlarımızın 70 faizi müxtəlif xarici universitetlərə qəbul alıb. Buraxılış imtahanlarında yüksək nəticələr göstərərək həm müəllimlərini, həm valideynlərini, həm də bizi sevindiriblər. Məktəb rəhbəri olaraq hər zaman məzunlarımızla fəxr etmişəm. Çünki harada təhsil almalarından asılı olmayaraq, Azərbaycana töhfə verə biləcək vətəndaşlar yetişdirdiyimizi düşünürəm”,- deyə G.Orucova bildirib.

Direktor vurğulayıb ki, məktəbin builki məzunlarının da vətənpərvər gənclər kimi ölkənin gələcək inkişafına töhfə verəcəyinə inanır.

Buraxılış imtahanlarının nəticələrinə toxunan Gülşən Orucova qeyd edib ki, məktəbin bir məzunu 297 bal toplayıb. Onun sözlərinə görə, ümumilikdə 52 məzun buraxılış imtahanlarında 250-dən yuxarı nəticə göstərib. Direktor sonda bütün məzunlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

11 il ərzində əziyyətləri danılmaz olan müəllimlər də ürək sözlərini ifadə etmək üçün səhnəyə dəvət edildi. Hər bir sinif rəhbəri şagirdləri haqqında təəssüratları, daha sonra isə arzularını dilə gətirdilər.

On bir il bir yerdə oxuyan şagirdlər üçün bu gün adi bir məktəb günü deyil. Bu gün onların həyatında bir dövrün bağlanıb, yeni bir səhifənin açıldığı gündür. Tanış koridorlar, hər gün keçdikləri pilləkənlər, yazı taxtasının qoxusu, sinif otağının sükutu və gülüşlərlə dolu dərs saatları artıq xatirəyə çevrilmək üzrədir.

İllər boyu bir parta arxasında oturub dərsləri bölüşən, imtahanlara birlikdə hazırlaşan, çətin günlərdə bir-birinə dayaq olan sinif yoldaşları indi kövrək baxışlarla bir-birilərinə baxırlar.

Bu gün kövrələn təkcə şagirdlər deyil. Uzun müddətdir övladının bu anını gözləyən valideynlər də var. Bəziləri övladına baxaraq illər öncə özlərinin məzun olduqları, sinif yoldaşları və müəllimləri ilə vidalaşdıqları günə qayıdır, bəziləri isə övladının böyüyüb müstəqil həyata qədəm qoyduğuna bir daha şahidlik edir.

Axı onlar bu gündən etibarən müstəqil həyata qədəm qoyacaqlar.

Məzunlar qədər valideynlərini də qürurlandıran bu gün münasibətilə onlara yaxınlaşaraq təəssüratlarını öyrəndik.

Pərvanə və Həsənin valideyni Bikə Meybalıyeva qeyd edib ki, övladlarının 6 nömrəli məktəbi bitirməsi onun üçün böyük qürurdur:

“Bu il məktəbin məzunları olan övladlarım - Pərvanə və Həsənin uğurları ilə fəxr edirəm. Çox sevincliyəm və həyəcanlıyam. Övladlarım belə gözəl təhsil ocağında təhsil alıblar və bu gün məktəbi bitirirlər. Bütün məzunlara uğurlu yol arzulayıram. Arzu edirəm ki, bütün övladlarımız xoşbəxt olsun.

Övladlarım seçimlərini ediblər. Oğlum kompüter mühəndisliyi, qızım isə həkimlik ixtisasını seçib. Mən də onların qərarlarını dəstəkləyirəm. Buraxılış imtahanından qızım 280, oğlum isə 260 bal toplayıb.

Çox sevincliyəm. Təkcə öz övladlarıma görə deyil, bütün məzunlara görə sevinirəm. Düşünürəm ki, onlar 11 il ərzində gözəl məktəbdə təhsil alıblar. Bundan sonra da yaxşı universitetlərdə oxuyacaq və Vətənə layiqli vətəndaşlar olacaqlar.

Məktəbimizin rəhbərliyi - direktor Gülşən xanıma təşəkkürümü bildirirəm. Belə gözəl məktəbə neçə ildir ki, rəhbərlik edir. Allah ona can sağlığı versin, işində uğurlar arzulayıram. Sinif rəhbərimiz İlahə xanıma da təşəkkür edirəm”.

Məzun Zəhra Dünyamalıyeva qeyd edib ki, 11 ilin xatirələri ilə vidalaşmaq çətindir:

“IV ixtisas qrupu üzrə hazırlaşıram və gələcəkdə həkim-stomatoloq olmaq istəyirəm.Buraxılış imtahanında 240 bal toplamışam. Qarşıdakı qəbul imtahanlarında da yüksək nəticə əldə etməyi hədəfləyirəm.

11 il ərzində sinif yoldaşlarımla eyni partada oturmuşam, onlarla birlikdə çoxlu xatirələr yaşamışam. Bu gün həmin illərlə vidalaşdığımız üçün bir qədər məyusam. Amma eyni zamanda xoşbəxtəm ki, hər birimiz öz həyat yolumuza doğru addımlayırıq və qarşımızda yeni imkanlar açılır.

Əsas məqsədim yaxşı həkim-stomatoloq olmaq və insanlara kömək etməkdir. Bunun üçün üzərimdə çalışmaq və peşəkar mütəxəssis kimi formalaşmaq istəyirəm”.

Sinif yoldaşlarına da uğurlar arzulayan Zəhra Dünyamalıyeva onların gələcək həyatlarında xoşbəxt olmalarını və qarşılarına qoyduqları məqsədlərə çatmalarını diləyib.

“Arzu edirəm ki, bütün məzunların yolu açıq olsun. Hər zaman gülərüz qalsınlar, xoşbəxt olsunlar və istədikləri hədəflərə çatsınlar”.

11-ci sinif şagirdi Cəfər Əliyev də təəssüratlarını bizimlə bölüşüb:

185098

“II ixtisas qrupu üzrə hazırlaşıram. Gələcəkdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almaq istəyirəm.

Əsas məqsədim Dövlət İdarəçilik Akademiyasında bələdiyyə idarəçiliyi ixtisası üzrə təhsil almaqdır. Qəbul imtahanından 300-ə yaxın bal gözləyirəm və ümid edirəm ki, arzuladığım nəticəni əldə edəcəyəm.

Bu gün mənim üçün böyük sevincdir. İllərlə çəkilən zəhmətin nəticəsini görmək insana xoş hisslər yaşadır. Hazırda daha çox sevinc hissi keçirirəm.

Müəllimləri və sinif yoldaşlarını əvvəlki kimi hər gün görməyəcəyimi düşünəndə insan kədərlənir. Amma digər tərəfdən qarşıda yeni həyat, universitet illəri və yeni imkanlar var. Buna görə sevinc və kədər hissləri bir-birini tamamlayır. Arzu edirəm ki, hər bir məzun istədiyi universitetə qəbul olsun, arzuladığı həyatı yaşasın və qarşısına qoyduğu bütün məqsədlərə nail olsun".

Məzun Əkbər Dadaşov söyləyib ki, məktəbdən ayrılmaq kədərlidir, amma qarşıda yeni həyat var:

185097

II ixtisas qrupu üzrə hazırlaşan məzun gələcəkdə Bakı Dövlət Universitetində biznesin idarə edilməsi və ya iqtisadiyyat ixtisası üzrə təhsil almaq istədiyini bildirib.

Əkbər Dadaşov buraxılış imtahanında 160 bal topladığını qeyd edib və ali təhsil almağı qarşısına əsas məqsəd qoyduğunu vurğulayıb:

“Məktəbi bitirdiyim üçün bir qədər kədərlənirəm. Müəllimlərim, sinif yoldaşlarım və məktəb həyatı üçün darıxacağam. Amma qarşıda yeni bir həyatın məni gözlədiyini düşünəndə sevinirəm. İnanıram ki, gələcəkdə uğurlu karyera quracağam və seçdiyim sahədə özümü təsdiq edə biləcəyəm.

Arzu edirəm ki, bütün məzunların qarşısında gözəl bir həyat yolu açılsın. Hər biri xoşbəxt olsun və arzularına çatsın".

11C sinfinin şagirdi Ədilə Ağayeva qeyd edib ki, bu gün həm sevinir, həm də kövrəlir:

Məzun III ixtisas qrupu üzrə hazırlaşdığını və gələcəkdə Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq istədiyini bildirib.

Ədilə Ağayeva məktəb illəri ilə vidalaşmağın onun üçün həm sevindirici, həm də kövrək hisslər yaratdığını vurğulayıb.

“Bu, çox duyğusal bir andır. Bir tərəfdən sevindiricidir, çünki məktəb həyatı başa çatır, digər tərəfdən isə çox kədərlidir, çünki müəllimləri və sinif yoldaşlarımı bir daha əvvəlki kimi görməyəcəyəm”,-  deyə o qeyd edib.

Məzun məktəb illərinə olan bağlılığını da ifadə edib:

“Artıq o parta arxasında müəllimlərimizin dediyi sözləri eşitməyəcəyəm. Bu, mənim üçün çox fərqli hissdir”,- deyə Ədilə Ağayeva bildirib.

O, bütün məzunlara uğurlar arzulayaraq onların gələcək həyatlarında müvəffəqiyyət qazanmasını diləyib:

“Bütün məzunlara uğurlar arzu edirəm. İnşallah, hər biri öz yolunda uğurlu olar və arzularına çatar”,- deyə o əlavə edib.

11-ci siniflərlə bərabər bu gün 1-c siniflər üçün də həyəcanlı bir gündür.

Onlar arasında Hüseyn Xələfli də yer alır. Bu şirin balaca gələcək həkim olaraq hər kəsə yardım edəcəyini dilə gətirir. Bütün 11-ci siniflərə də uğurlarını çatdırdı.

Saatlar keçdikcə məktəbin həyətindəki fəqlilik hiss olunur. Səs-küy eyni qalır, amma hisslər dəyişir. Gülüşlər arasında gizlənən göz yaşları, “görüşərik” deyib əslində ayrılığı hiss etdirən baxışlar...

“Son zəng” sadəcə bir zəng deyil. Bu, 11 ilin bağlanışı, yeni həyatın isə ilk sətiridir.

Və Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey bu gün bir daha şahid olur: hər bitiş əslində yeni başlanğıcdır.

“Son zəng”in səsi sanki təkcə məktəbin sonunu yox, uşaqlığın da bitdiyini xəbər verir. Hər kəsin gözündə həm sevinc, həm də ayrılıq kədəri var. Bir zamanlar zarafatlaşdıqları, bəzən incik düşdükləri, amma yenə də bir ailə kimi olduqları sinif artıq dağılmaq üzrədir. Hər kəs fərqli yollar seçəcək, fərqli şəhərlərə, universitetlərə, xəyallarına doğru addımlayacaq.

Müəllimlər isə bu illərin ən səbirli şahidləri kimi şagirdlərinə baxır. Onların hər birində bir az qürur, bir az da həsrət var. Çünki bu uşaqlar sadəcə şagird deyil, illərin zəhməti ilə formalaşmış bir xatirədir. Sinif rəhbərinin səsi titrəyir, deyilən hər söz həm nəsihət, həm də vidadır. “Uğurlar”, “yolunuz açıq olsun” kimi sözlər sinif otağında əks-səda verir, amma heç biri ayrılığın ağırlığını tam yüngülləşdirə bilmir.

Şagirdlər son dəfə sinif otağına baxır, sanki hər bir küncü yaddaşlarına həkk etmək istəyirlər. Lövhə, partalar, divardakı rəsmlər hamısı bir tarix kimi qalır. Və bir gün hamı anlayır ki, məktəb təkcə dərs oxunan yer deyil, həyatın ilk böyük xatirələrinin toplandığı müqəddəs bir məkandır.

Foto: Samir Məcidov

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox