Azedu.az

UNEC-də bir ilk: xarici dil imtahanında nələr yaşandı? - REPORTAJ

Müsahibə və reportajlar

9 İyun 2026, 15:24
UNEC-də bir ilk: xarici dil imtahanında nələr yaşandı? - REPORTAJ

Bu gün “British Council”un APTIS sistemi əsasında UNEC-də ingilis dili imtahanları təşkil edilir. Bu, ölkə ali təhsil müəssisələrində bir ilkdir. Yeni imtahan modelinin tətbiqi tələbələrin ingilis dili biliklərinin beynəlxalq meyarlara əsasən qiymətləndirilməsinə, eləcə də əldə olunan nəticələrin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq.

Biz də AzEdu.az Təhsil Portalı olaraq imtahan prosesini daha yaxından izləmək üçün universitetə yollandıq.

Səhər saatlarından etibarən UNEC-in 3-cü korpusunun ətrafında canlanma müşahidə olunurdu. Tələbələr imtahan zalına ardıcıl şəkildə daxil olur, girişdə qeydiyyat və nəzarət prosesi ciddi şəkildə həyata keçirilirdi. İmtahan tam rəqəmsal sistem üzərindən təşkil olunduğundan, ənənəvi yazılı imtahanlardan fərqli olaraq daha sistemli və nizamlı mühit formalaşmışdı.

Açılış mərasimində UNEC-in rektoru Ədalət Muradov da iştirak edib. O, yeni modelin universitet üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, APTIS sistemi tələbələrin dil bacarıqlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsində mühüm rol oynayacaq.

“Son illər UNEC-də xarici dil hazırlığının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. İngilis dilinin tədris müddəti iki ilə çatdırılıb və təhsil dörd əsas bacarıq - oxuma, yazma, dinləmə və danışıq üzrə təşkil olunur.

Bizim məqsədimiz hər bir UNEC tələbəsinin ən azı orta səviyyədə ingilis dili biliyinə malik olmasıdır. Bu, onların xarici universitetlərlə mübadilə proqramlarında iştirakına, xaricdə magistratura təhsili almasına və beynəlxalq akademik mühitə inteqrasiyasına imkan yaradacaq”,- deyə rektor bildirib.

Ədalət Muradov qeyd edib ki, müasir əmək bazarında xarici dil bilikləri artıq əlavə üstünlük deyil, əsas tələblərdən biridir və gələcəkdə UNEC məzunlarını fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək səviyyəli xarici dil hazırlığı olacaq.

Rektor tələbələrin yumşaq bacarıqlarının inkişafı istiqamətində görülən işlərdən də danışıb. Onun sözlərinə görə, universitetdə bu məqsədlə xüsusi kafedra yaradılıb və yumşaq bacarıqlar məcburi fənlər blokuna daxil edilib.

“İş dünyasında diplomla yanaşı bacarıqlar da tələb olunur. Buna görə də regionda ilk dəfə olaraq akademik transkriptlə yanaşı qeyri-akademik transkript də təqdim etməyə başlayacağıq. Həmin sənəddə tələbələrin 11 müxtəlif yumşaq bacarıq üzrə səviyyələri əks olunacaq”.

Ədalət Muradov əlavə edib ki, sentyabr ayından etibarən ikinci və üçüncü kurs tələbələri ixtisaslarına uyğun müəssisələrdə bir semestrlik staj proqramına cəlb olunacaqlar.

O, çıxışının sonunda universitetin əsas missiyasının yalnız bilikli mütəxəssis deyil, həm də milli-mənəvi dəyərlərə sadiq vətəndaş yetişdirmək olduğunu vurğulayıb.

Tələbələr növbə ilə şəxsiyyət vəsiqələrini təqdim edir, şəxsi əşyalarını onlar üçün ayrılmış şkaflara yerləşdirdikdən sonra imtahan otağına daxil olurdular. Ümumi atmosfer diqqət və konsentrasiya üzərində qurulmuşdu. Rəqəmsal platforma tələbələr üçün yeni təcrübə olsa da, prosesin rahat və səmərəli təşkil olunduğu müşahidə edilirdi.

Bu yeni imtahan modelinin tətbiqi Azərbaycanda ali təhsilin beynəlxalq qiymətləndirmə sistemlərinə inteqrasiyası istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda, bu təcrübənin gələcəkdə digər ali təhsil müəssisələrində də tətbiqi mümkün görünür.

Yoxlama başa çatdıqdan sonra proseslə bağlı daha ətraflı məlumat almaq üçün nəzarətçiyə yaxınlaşdıq.

British Council-da nəzarətçi vəzifəsində çalışan Şərqiyyə Qaraəhmətoğlu qeyd edib ki, bu gün keçirilən imtahanda 95 nəfər iştirak edib.

184791

“Ümumilikdə 97 nəfər qeydiyyatdan keçmişdi, lakin 2 nəfər səhhəti ilə bağlı problem üçün imtahana qatıla bilmədi.

Yoxlama prosesi çox şəffaf şəkildə həyata keçirildi. Tələbələrin hamısı müəyyən edilmiş qaydalara riayət etdilər. Telefonlarını və digər elektron cihazlarını vaxtında təhvil verdilər və bu baxımdan heç bir problem yaşanmadı.İmtahan zamanı da hər hansı qayda pozuntusu qeydə alınmadı. Ümumilikdə proses nizamlı və şəffaf şəkildə başa çatıb”.

Bu yeni imtahan modelinin tətbiqi Azərbaycanda ali təhsil sahəsində beynəlxalq qiymətləndirmə sistemlərinə inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda bu təcrübənin gələcəkdə digər ali təhsil müəssisələrində də tətbiq olunma potensialı diqqət mərkəzindədir.

İmtahanla bağlı təəssüratlarını öyrənmək üçün tələbələrə üz tutduq.

Rəqəmsal İqtisadiyyat fakültəsinin kompüter mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alan Turan Cumayəddinli bildirib ki, imtahan yaxşı keçib:

184788

“"Speaking" və "listening" bacarıqlarımız yoxlanıldı. Ümumi imtahan gözlədiyim qədər asan olmasa da, nəticənin yaxşı və ürəkaçan olacağını düşünürəm. Məncə, bu imtahan gələcək həyatımızda müsbət rol oynayacaq, çünki IELTS imtahanı beynəlxalq sertifikat imtahanlarına hazırlıq baxımından faydalı oldu. Həmçinin, xaricə sənəd təqdim edərkən də bu, bizim üçün müsbət cəhət olacaq.

Bu imtahana universitetdə hazırlıq keçmişəm, yəni sırf universitet müəllimləri ilə. Bununla yanaşı, əlavə kursa da qatılmışam. Universitet və kurs vasitəsilə hazırlaşmışam. Nəticəni təxmini olaraq B1-B2 aralığında gözləyirəm”.

Rəqəmsal İqtisadiyyat fakültəsi kompüter hühəndisliyi ixtisasının II kurs tələbəsi Kənan Abbasov söyləyib ki, bizə burada C səviyyəsinə qədər biliklərimizi təsdiqləmək imkanı verildi:

184789

“İmtahan keçdiyimiz tədris proqramını tam əhatə etdi. "Listening" və "speaking" bölmələri üzrə imtahandan keçdik. "Speakin"g bölməsi əvvəlki imtahanlarla müqayisədə daha yaxşı nəticə almağa imkan verdi. "Listening" bölməsi isə əvvəlki xarici dil imtahanlarında gördüyümüzə oxşar idi, xüsusi yenilik olmadı. Ümumilikdə imtahanın səviyyəsi uyğun idi.

Gələcək karyeramız üçün bu imtahan böyük əhəmiyyət daşıyır. Korporativ mühitdə ingilis dilli kadrlar üstünlük qazanır və universiteti bitirəndə beynəlxalq sertifikatın CV-də olması tələbə üçün böyük üstünlükdür. İmtahanın dövlət hesabına verilməsi də UNEC tələbələri üçün əlavə fayda təmin edir. Bu imkan ikinci kursda yaradıldığı üçün biz universitetdə oxuyarkən təcrübə proqramları və xarici mübadilə proqramlarına daha asan qatılmaq imkanı əldə edirik”.

Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Məhsəti Mustafayeva qeyd edib ki, suallar ümumilikdə gözlədiyim səviyyədə idi:

184792

“Sadəcə, həyəcan səbəbindən cavabları istədiyim şəkildə təqdim edə bilmədiyimi düşünürəm. Buna baxmayaraq, imtahanın çox da pis keçmədiyini hesab edirəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, universitetimiz bir daha doğru seçim olduğunu göstərdi. Çünki tələbələrə beynəlxalq səviyyədə tanınan dil sertifikatı əldə etmək imkanı yaradır. Nəzərə alsaq ki, bu cür imkanlar hər universitetdə mövcud deyil, bu, bizim üçün böyük bir şansdır.

Müəllimlərimizin əməyi və tələbələrə göstərdikləri diqqət danılmazdır. Bütün bu təşəbbüslər bizim gələcəyimiz və inkişafımız üçün həyata keçirilir. İnanıram ki, bu imtahan və əldə ediləcək sertifikat gələcək karyeramızda mühüm rol oynayacaq və bizə yeni imkanlar qazandıracaq”.

Kompüter Mühəndisliyi ixtisasında təhsil alan Nərin Həsənli qeyd edib ki, speaking hissəsi ümumilikdə gözlədiyi kimi olub:

184790

“Qulaqlıqlardan istifadə etdiyimiz üçün digər iştirakçıların səsini eşitmədən, yalnız öz səsimizi dinləyərək cavablarımızı səsləndirdik. Açığı, bu hissənin daha çətin olacağını düşünürdüm, amma gözlədiyimdən bir qədər asan keçdi. "Listening" hissəsi isə tam gözlədiyim kimi oldu və rahat keçdi. Ümumilikdə imtahan prosesi yaxşı təşkil olunmuşdu. Qulaqlıqlarla təmin olunduğumuz üçün səs keyfiyyəti yüksək idi və bu da imtahanın daha rahat keçməsinə şərait yaratdı. Ümumən imtahandan razı qaldım və təcrübəni müsbət qiymətləndirirəm”.

British Council, ölkə üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, bu prosesdə 3500-dən çox tələbə iştirak edir və nəticələr 72 saat ərzində elan olunacaq:

184800

“Bu, Azərbaycan Dövlət İqtisad Universiteti ilə ilk əməkdaşlığımız deyil. Uzun illərdir ki, universitetlə müxtəlif istiqamətlərdə birgə fəaliyyət göstəririk. Müəllimlərin peşəkar inkişafı proqramlarında əməkdaşlıq etmişik, IELTS mərkəzinin yaradılmasında iştirak etmişik. Bu gün isə yeni birgə təşəbbüsümüzün şahidi oluruq və bundan böyük məmnunluq duyuruq.

İmtahanların təşkili tam şəkildə British Council komandası tərəfindən həyata keçirilir. Peşəkar mütəxəssislərimiz və imtahan komandamız prosesin bütün mərhələlərində iştirak edir və yüksək keyfiyyət standartlarının təmin olunmasına nəzarət edir.

İngilis dilinin tədrisi və qiymətləndirilməsi British Council-ın əsas fəaliyyət istiqamətlərindən biridir. APTIS imtahanı hazırda dünyanın 100-dən çox ölkəsində tətbiq olunur və geniş istifadə edilir. British Council artıq 33 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif dövlət universitetləri ilə əməkdaşlıq etmiş, ingilis dilinin tədrisi və qiymətləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirmişik.

APTIS imtahanının mühüm üstünlüklərindən biri də əldə olunan nəticələrin müddətsiz olmasıdır. Digər beynəlxalq imtahanlardan fərqli olaraq, bu sertifikatın etibarlılıq müddəti yoxdur. Tələbələr sertifikatı əldə etdikdən sonra ondan istənilən vaxt istifadə edə bilərlər".

Ümumilikdə UNEC-də keçirilən APTIS imtahanı tələbələr, müəllimlər və təşkilatçılar tərəfindən yüksək səviyyədə qiymətləndirilib. İmtahanın tam rəqəmsal sistem üzərindən keçirilməsi prosesin daha şəffaf, nizamlı və rahat olmasına imkan yaradıb. Tələbələr yeni təcrübədən məmnun qalıb, bu imkanın gələcək akademik və karyera həyatlarında mühüm rol oynayacağını vurğulayıblar.

British Council ilə UNEC-in birgə təşəbbüsü ölkədə ali təhsil sahəsində beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi istiqamətində vacib addım hesab olunur və bu təcrübənin yaxın gələcəkdə digər ali təhsil müəssisələrinə də genişlənməsi gözlənilir.

Beləliklə, APTIS imtahanı UNEC tələbələrinin ingilis dili bacarıqlarının beynəlxalq səviyyədə tanınması və onların gələcək uğurlu akademik və peşəkar inkişafı üçün yeni imkanlar yaradıb.

TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı
Son xəbərlərDaha çox