"350-yə yaxın ümumi təhsil müəssisə kağız jurnallardan imtina edib".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində deyib.
Direktor qeyd edib ki, platforma valideyn-məktəb əlaqələrini tam rəqəmsal müstəviyə keçirib:
"Bakı şəhərində 2025-ci ilin fevralından pilot mərhələdə tətbiq edilən “Rəqəmsal məktəb” platforması artıq təxminən 350 ümumi təhsil müəssisəsində tam istifadəyə verilib. Yeni sistem çərçivəsində məktəblərdə kağız jurnallar ləğv olunub, qiymətləndirmə, davamiyyət və nizam-intizam qeydləri tam elektron formata keçirilib.
Valideynlər Rəqəmsal Məktəb platforması və şəxsi kabinet vasitəsilə övladlarının dərs göstəricilərini, qiymətlərini və davamiyyətini real vaxtda izləyə, həmçinin məktəb rəhbərliyi ilə onlayn əlaqə qura bilirlər. Sistem üzərindən keçirilən sorğularda 200 mindən çox valideyn məktəb mühitini, 36 min valideyn isə müəllim fəaliyyətini qiymətləndirib".
E.Bağırov əlavə edib ki, platforma şagirdlərin summativ qiymətləndirmə nəticələrinin təhlilini də həyata keçirir. Bu isə akademik geriləmələrin vaxtında aşkarlanmasına və dəstək tədbirlərinin görülməsinə imkan yaradır.
"Növbəti tədris ilindən layihənin coğrafiyası genişləndirilərək Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Abşeron bölgələrini də əhatə edəcək".