“6 nömrəli məktəbin məzunu olmaq həm şərəf, həm də məsuliyyətdir”.
AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində çıxışı zamanı səsləndirib.
Nazir müavini məzunları, müəllimləri və valideynləri təbrik edərək bildirib ki, son zəng məktəb həyatının başa çatmasını və gənclərin həyatında yeni bir mərhələnin başlanmasını simvolizə edir.
Firudin Qurbanov qeyd edib ki, 6 nömrəli məktəb-lisey ölkənin tanınmış təhsil ocaqlarından biridir və bu məktəbin məzunu olmaq böyük şərəf olduğu qədər, eyni zamanda məsuliyyət də tələb edir. O vurğulayıb ki, İlham Əliyevin də bu məktəbdə təhsil alması onun zəngin ənənələrinin və nüfuzunun göstəricisidir.
Nazir müavini çıxışında yaxın günlərdə qeyd olunacaq Milli Qurtuluş Gününün əhəmiyyətinə də toxunaraq, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafındakı rolundan danışıb.
Firudin Qurbanov bildirib ki, bu il məktəbi 144 məzun bitirir. O, məzunların gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, həmçinin müasir dövrdə gənclərin qarşısında duran yeni texnoloji çağırışlardan bəhs edib.
Nazir müavini məktəbin uğurlu ənənələrini xatırladaraq qeyd edib ki, məzunlar hər il yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunurlar. Xaricdə təhsil alacaq gənclərə müraciət edən Firudin Qurbanov onların Azərbaycanla əlaqələrini heç vaxt itirməmələrinin vacibliyini vurğulayıb.
Çıxışının sonunda nazir müavini məzunlara bir sıra tövsiyələr verib.
O, sağlam həyat tərzinin əhəmiyyətindən danışaraq düzgün qidalanma, keyfiyyətli yuxu, gigiyena qaydalarına əməl etmək, idmanla məşğul olmaq və sağlam düşüncə tərzinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Firudin Qurbanov gənclərə məsuliyyətli, təşəbbüskar və fəal olmağı tövsiyə edib, onları ölkənin ictimai həyatında aktiv iştirak etməyə və gələcək fəaliyyətlərində Vətənə layiqincə xidmət göstərməyə çağırıb.