Azedu.az

Evdə laboratoriya quran şagird indi İtaliyanın 4 nüfuzlu universitetindən qəbul alıb - MÜSAHİBƏ

Müsahibə və reportajlar

10 İyun 2026, 14:27
Evdə laboratoriya quran şagird indi İtaliyanın 4 nüfuzlu universitetindən qəbul alıb - MÜSAHİBƏ

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Toğrul Məmmədov İtaliyanın nüfuzlu Sapienza, Bologna, Milan və Genova universitetlərinin magistratura proqramlarına qəbul alıb. O, təhsilini Milan Universitetində davam etdirmək niyyətindədir.

Toğrul Məmmədov universitet laboratoriyalarında müxtəlif elmi-tədqiqat işlərində iştirak edib. Onun araşdırmaları dərman bitkilərindən bioloji aktiv maddələrin ayrılması, həmçinin səthi-aktiv maddələrin sintezi, onların neft dağılmalarının parçalanmasında və antimikrobial təsirinin öyrənilməsi istiqamətlərini əhatə edib.

Elmi fəaliyyətinin mühüm nəticələrindən biri olaraq, səthi-aktiv maddələrin xassələrinin tədqiqinə həsr olunmuş araşdırmasının nəticələri əsasında dünyanın nüfuzlu elmi nəşrlərindən sayılan Q1 kateqoriyalı “Journal of Molecular Liquids” jurnalında həmmüəllif kimi məqaləsi dərc edilib.

Toğrul Məmmədov istehsalat təcrübəsini “SOCAR Downstream” şirkətində və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda keçərək kimya texnologiyaları, biotexnologiya, mikrobiologiya və biokimya sahələrində praktik biliklərini inkişaf etdirib.

AzEdu.az bu münasibətlə Toğrul Məmmədovla əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

- Toğrul bəy, sizi ilk növbədə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Kimya mühəndisliyini seçməyinizə nə səbəb oldu?

- Bu ixtisası seçməyimin səbəbi bir qədər maraqlıdır. Çünki texniki elmlərə olduğu qədər humanitar sahələrə də böyük marağım var. Hətta uşaqlıq illərində tarix və ədəbiyyat ən çox sevdiyim sahələr idi.

Texniki elmlərə marağım isə təxminən altıncı sinifdə yarandı. Nikola Tesla haqqında bir film izlədikdən sonra fizika, riyaziyyat və xüsusilə kimya ilə daha yaxından maraqlanmağa başladım. Sonradan evdə kiçik bir laboratoriya quraraq müxtəlif təcrübələr aparırdım. Hətta 8-9-cu siniflərdə oxuyarkən artıq 11-ci sinif kimya proqramını mənimsəmişdim.

Bir müddət hansı istiqaməti seçəcəyim barədə tərəddüd edirdim. Çünki aktyorluğa, ədəbiyyata və kimyaya eyni dərəcədə marağım var idi. Böyüklərimin məsləhəti ilə kimya mühəndisliyini seçdim. Çünki hesab etdim ki, kimya sahəsində peşəkar olmaq üçün mütləq bu sahənin təhsilini almaq lazımdır.

- BMU-da təhsil aldığınız müddətdə hansı uğurlarınız sizin üçün daha əhəmiyyətli olub?

- Universitet illərində mənim üçün ən önəmli uğurlardan biri elmi məqaləmizin nüfuzlu jurnalda dərc edilməsi olub. Çünki həmin nəticənin arxasında laboratoriyada keçirdiyimiz uzun və zəhmətli illər dayanırdı. Təxminən üç il ərzində həmin laboratoriyada çalışmışdım və sonda əməyimizin nəticəsini görmək həm elmi, həm də şəxsi inkişafım baxımından mənim üçün çox dəyərli idi.

Məqalənin çap olunması mənim üçün sadəcə elmi uğur deyil, həm də uzunmüddətli zəhmətin bəhrəsi idi. Laboratoriyada aparılan araşdırmalar, təcrübələr və qarşıya çıxan çətinliklər bu nəticənin əldə olunmasında mühüm rol oynadı. Həmin məqalə gələcək akademik fəaliyyətim üçün də vacib addımlardan biri hesab olunur.

- İtaliyanın nüfuzlu universitetlərindən qəbul almaq prosesi necə keçdi?

- Qəbul prosesi mənim üçün heç də asan olmadı. Ən böyük çətinlik məlumat çatışmazlığı idi. İlk mərhələlərdə bəzi yanlış qərarlar verdim və bu da prosesin uzanmasına səbəb oldu. Lakin sonradan daha ətraflı araşdırmalar apararaq bütün mərhələləri uğurla tamamladım və qəbul almağa nail oldum.

- Nə üçün məhz Milan Universitetini seçdiniz?

184863

- Əslində, mən Sapienza və Bolonya kimi nüfuzlu universitetlərdən də qəbul almışdım. Milan Universitetini seçməyimə bir neçə amil təsir etdi. Təqaüd imkanlarının əlverişli olması, yaşayış və yataqxana məsələlərinin daha rahat həll olunması, universitetin akademik nüfuzu və şəhərin özünün imkanları seçimimdə mühüm rol oynadı.

Bundan əlavə, Milan şəhəri incəsənət, moda və mədəniyyət mərkəzlərindən biri olduğu üçün mənə daha yaxın görünürdü. Məsləhətləşdiyim insanlar da bu universiteti tövsiyə etdilər və nəticədə seçimimi Milan Universitetindən yana etdim.

- Təhsil müddətində qazandığınız praktik təcrübələr sizə nə öyrətdi?

- Təhsil aldığım müddətdə SOCAR Downstream və akademik-tədqiqat müəssisələrində təcrübə keçmişəm. Bu təcrübələr mənə göstərdi ki, təkcə nəzəri bilik kifayət etmir. İnsan münasibətləri, ünsiyyət bacarıqları və özünü düzgün təqdim etmək də peşəkar inkişaf üçün çox vacibdir.

Praktika dövründə iş mühiti, iş etikası, korporativ münasibətlər və komanda işi haqqında dəyərli təcrübələr qazandım. Bu biliklər mənim gələcək fəaliyyətimdə mühüm rol oynayacaq.

- Elmi fəaliyyətlə yanaşı ictimai aktivliyiniz sizə hansı üstünlükləri qazandırıb?

- Universitetin teatr klubunda fəaliyyət göstərmişəm. Uşaqlıqdan aktyorluğa marağım olduğu üçün bu fəaliyyət mənə çox şey qazandırdı. Ən vacibi isə səhnə qorxusunu tamamilə aradan qaldırdı.

Müxtəlif tamaşalarda iştirak etmək özünəinamımı artırdı, auditoriya qarşısında sərbəst çıxış etməyi öyrətdi. Bu bacarıqlar hazırda həm akademik, həm də peşəkar fəaliyyətimdə mənə böyük üstünlük verir.

Teatrın digər mühüm tərəfi isə empatiya hissini inkişaf etdirməsidir. Müxtəlif obrazları canlandırarkən fərqli insanların düşüncə və hisslərini anlamaq imkanı əldə edirsən ki, bu da insanın dünyagörüşünü genişləndirir.

- Bu günə qədər əldə etdiyiniz ən böyük nailiyyətiniz hansıdır?

- Ən böyük nailiyyətim kimi Q1 kateqoriyalı jurnalda məqalə dərc etdirməyimizi və İtaliyanın nüfuzlu universitetlərindən qəbul almağımı göstərə bilərəm. Hər iki uğurun arxasında uzunmüddətli əmək və ciddi hazırlıq dayanır.

- Gələcək hədəfləriniz nələrdir və özünüzü 10 il sonra harada görürsünüz?

- Açığı, gələcək barədə çox uzaq planlar qurmağa çalışmıram. Hesab edirəm ki, insan bəzən gələcək haqqında həddindən artıq düşündükdə indiki vaxtını itirir. Buna görə daha çox gündəlik məqsədlərimə fokuslanıram.
Bununla belə, 10 il sonra peşəkar karyeramda daha yüksək mövqedə olacağımı, ailə quracağımı və böyük ehtimalla xaricdə fəaliyyət göstərəcəyimi düşünürəm.

- Xaricdə təhsil almaq istəyən Azərbaycan gənclərinə hansı tövsiyələri verərdiniz?

- İlk növbədə, universitet illərində öz üzərlərində işləməli, akademik göstəricilərini yüksək səviyyədə saxlamalı və ingilis dilini yaxşı öyrənməlidirlər.

Bundan əlavə, könüllülük proqramlarında, təcrübə layihələrində və müxtəlif ictimai fəaliyyətlərdə iştirak etmələri çox vacibdir. Xarici universitetlər yalnız akademik göstəricilərə deyil, tələbənin ümumi fəaliyyətinə də ciddi diqqət yetirirlər.Əgər imkan varsa, tələbəlik illərində elmi araşdırmalara qoşulmaq və konkret nəticə ortaya qoymaq da böyük üstünlük hesab olunur.

Ən əsası isə cəsarətli olmaq lazımdır. Xaricdə təhsil yeni bir həyata başlamaq kimidir və bu yol bütün çətinliklərinə baxmayaraq çox maraqlı təcrübələr qazandırır.

- Gələcəkdə hansı sahələr üzrə tədqiqatlar aparmağı planlaşdırırsınız?

184862

- Mənim əsas maraq dairəm üzvi kimya, dərman kimyası və biokimya sahələridir. Gələcəkdə də fəaliyyətimi məhz bu istiqamətlərdə davam etdirməyi düşünürəm.

- Öz sahənizdə hansı yeniliklərə və ya problemlərin həllinə töhfə vermək istəyirsiniz?

- Dərman kimyası sahəsində çalışaraq müxtəlif xəstəliklərin müalicəsi üçün yeni həll yollarının hazırlanmasında iştirak etmək istəyirəm. Xüsusilə antiviral preparatların hazırlanması və dərmanların orqanizmdə daha effektiv daşınması mexanizmləri mənim üçün maraqlı tədqiqat istiqamətləridir.

Məsələn, dərmanların beyin-qan baryerini keçərək hədəf nöqtəyə çatdırılması bu gün də aktual problemlərdən biridir. Gələcəkdə bu kimi məsələlərin həllinə töhfə vermək istəyirəm.

- Elə bir məqam olubmu ki, uzun müddət çalışdığınız iş istədiyiniz nəticəni verməsin? Həmin vəziyyətdə motivasiyanızı necə qoruyurdunuz?

- Mənim üçün uğur nəticədən daha çox prosesdən zövq almaq deməkdir. Vaxt keçdikcə başa düşdüm ki, əldə edilən nəticələr zamanla adiləşir, lakin həmin nəticəyə aparan yolun yaratdığı təcrübə və hisslər qalıcı olur.

Məsələn, laboratoriyada saatlarla çalışmaq mənə böyük həzz verirdi. Məqalənin çap olunması əlbəttə ki, sevindirici idi, lakin əsas dəyər həmin prosesdə qazandığım bilik və təcrübələr idi.

Bu gün uğuru daha çox gündəlik məqsədlərimi yerinə yetirməkdə və gördüyüm işdən zövq almaqda görürəm. Mənim üçün həyat yalnız bir nöqtəyə çatmaq deyil, həmin yolda əldə olunan təcrübələrin cəmidir.

Pezeşkiandan şok sözlər - İRAN PARÇALANACAQ
Son xəbərlərDaha çox