AzEdu.az Təhsil Portalı yeni “Uğur dərsləri” rubrikasına start verir.
Rubrikanın əsas məqsədi bacarıqlı, özünəməxsus iş və tədris metodları, eləcə də uğur hekayələri ilə seçilən şəxslərlə silsilə müsahibələrlə onları ictimaiyyətə tanıtmaq olacaq.
Rubrikamızın ilk müsahibi “Dünya Müəllimi Mükafatı”na 5 ("Global Teachers Prize) namizəd olan yeganə həmyerlimiz Məhəmməd Qarakişiyevdir. Qeyd edək ki, həmin mükafat qeyri-rəsmi olaraq, müəllimlərin "Nobel"i hesab edilir:
- Sizi beynəlxalq müsabiqənin diqqətinə çıxaran müəllim kimliyinizdir. Bəs siz özünüzü ilk növbədə necə tanıdırsınız?
- Əslən, Balakən rayonundanam. 44 yaşım var. Filologiya üzrə, ingilis dili ixtisasında təhsil almışam və uzun illərdir ingilis dilinin tədrisi ilə məşğulam. Hazırda Bakıda fəaliyyət göstərirəm. Özümə məxsus tədris və imtahan mərkəzim var, eyni zamanda repetitorluq fəaliyyəti ilə də məşğulam. Azərbaycanda təhsil sahəsində "Nobel" mükafatına namizəd göstərilən yeganə təhsil işçisiyəm.
Özümü ilk növbədə yaxşı müəllim və faydalı insan kimi tanıdıram. İnsanlara fayda verə bilirəmsə, bu, mənim üçün ən böyük məmnunluqdur. İxtisasım üzrə ingilis dili müəllimiyəm və tədris sahəsində daim yenilikləri izləyən, fikirlərini bölüşən bir təhsil işçisi kimi fəaliyyət göstərirəm. Eyni zamanda özümü təhsil məsələləri ilə bağlı mövqeyini açıq ifadə edən təhsil eksperti kimi də tanıdıram.
Qeyd etmək istəyirəm ki, 2019-cu ildə Azərbaycanda ilk dəfə disklə təchiz olunmuş ingilis dili kitablarının həmmüəllifi olmuşam. Bu günə qədər 20-yə yaxın kitabımız çap olunub və həmin iş davam edir. Hazırda abituriyentlərin ən sevilən vəsaitlərindən biri də bizim dərsliklərdir.

- Maraqlıdır, beynəlxalq müəllim müsabiqəsində iştirak üçün hansı tələblər və seçim meyarları mövcuddur və bu müsabiqədə uğur qazanaraq ön sıralara çıxmağınıza nə kömək etdi? İştirak etmək istəyənlər hara və necə müraciət etməlidirlər?
- Müraciət şərtləri internet üzərindən bütün dünyaya elan olunur. Müxtəlif sosial media platformaları və rəsmi səhifələr vasitəsilə müəllimlər həmin müsabiqələrə müraciət edib iştirak edə bilərlər. Mən müəllimləri hər zaman motivasiya etməyə çalışıram. Xüsusilə hər il “Dünya Müəllim Mükafatı” elan olunanda bu çağırışı daha da gücləndirirəm. Hətta bununla bağlı yaxın günlərdə görüşüm də olub.
Təəssüf ki, 2015-ci ildən bu günə qədər Azərbaycandan sözügedən müsabiqə üzrə qalib olmayıb. “Təəssüf” deməyimin səbəbi pessimizm deyil, əksinə, bu mükafatın ölkəmizin təhsili üçün yaratdığı imkanların daha geniş dəyərləndirilməsini istəməyimdir. Belə qaliblər Azərbaycanın beynəlxalq təhsil mühitində tanınmasına ciddi töhfə verir və bu, həm də qürurverici bir haldır. Müraciət edən müəllimlərin sayı az deyil. Mən də bu prosesə dəstək olmuşam, hətta müsabiqə ilə bağlı universitetlərdə və ayrı-ayrı təhsil mərkəzlərində müxtəlif təqdimatlar da keçirmişəm.
Amma burada əsas məsələ odur ki, bu müsabiqəyə xüsusi keyfiyyətləri olan müəllimlər müraciət etməlidir. Yalnız dərs deyən yox, həm də müəllim nüfuzunu daşıyan, cəmiyyətə təsir edən, fərqli və unikal tədris bacarıqlarına malik müəllimlər müraciət etməlidir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu, çox ciddi rəqabət tələb edən beynəlxalq bir müsabiqədir. Ona görə də müraciət edən hər kəs bu rəqabətin miqyasını əvvəlcədən dərk etməli və özünü buna uyğun hazırlamalıdır.
Son illərdə isə bu layihənin əhatəsi daha da genişlənib. “Global Teacher Prize”dan sonra “World Student Prize” kimi təşəbbüslər də əlavə olunub və dünyanın ən yaxşı tələbəsinin seçilməsi istiqamətində yeni imkanlar yaradılıb. Əvvəl qeyd etdiyim kimi, 2015-ci ildən bu günə qədər Azərbaycandan bu müsabiqədə uğurlu nəticə olmayıb.
- Məhəmməd müəllim, bəs bizim müəllimlər orada nə səbəbə uğurlu iştirak edə bilmirlər? Onlara nə kimi tövsiyəniz ola bilər?
- Əslində, ölkəmizdə öz peşəsini yüksək səviyyədə daşıyan, müəllimliyi həyat missiyası kimi qəbul edən çox dəyərli müəllimlər var.
Burada əsas məsələ ondan ibarətdir ki, müsabiqə yalnız akademik bilik üzərində qurulmur. Namizəddən çoxşaxəli yanaşma tələb olunur. Təkcə “yaxşı müəllim olmaq” kifayət etmir. Müraciət edən şəxs öz fəaliyyətini geniş spektrdə təqdim etməlidir. Burada həm pedaqoji bacarığı, həm cəmiyyətə təsiri, həm də şəxsi müəllimlik fəlsəfəsi ön planla olur. Müsabiqənin sualları da məhz bu istiqamətdə formalaşıb. Məsələn, “Niyə müəllimlik peşəsini seçmisiniz?”, “Cəmiyyətə hansı real təsiriniz olub?”, “Şagirdlər və ətraf mühit üçün hansı dəyişiklikləri yaratmısınız?” kimi suallar təkcə bilik yox, həm də düşüncə və yanaşma tələb edir. Ona görə də bu suallara cavab verən müəllimin profili də çoxşaxəli olmalıdır.
Həmçinin müsabiqədə təkcə ingilis dili deyil, digər dillərdə də müraciət imkanları mövcuddur. Məsələn, rus dilində müraciət etmək də mümkündür, hətta bəzi hallarda öz ana dilində təqdimat vermək imkanı da yaradılır. Son illərdə bu baxımdan daha çevik yanaşma tətbiq olunur.
Amma praktikada daha çox ingilis dilində müraciət üstünlük təşkil edir. Burada diqqət çəkən məqam odur ki, ingilis dili zəif olan müəllimlərin tərcümə vasitələrinə həddindən artıq güvənməsi bəzən məzmunun orijinallığını və ifadə gücünü zəiflədə bilər.

Bütün bunlara baxmayaraq, mən hər il müəllimləri bu müsabiqəyə qatılmağa motivasiya edir və bu prosesi dəstəkləyirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, mən bu müsabiqədə qalib olduqdan sonra Azərbaycanda buna bənzər bir sıra təşəbbüslərin də formalaşdığını müşahidə etmişəm. Məsələn, sizin portal vasitəsilə təqdim olunan “İlin gənc müəllimi” kimi layihələr də bu istiqamətdə çox müsbət addımdır. Bu, bir növ həmin qlobal ideyanın yerli müstəviyə daşınması deməkdir.
Bu məqam məni xüsusilə sevindirir, çünki burada söhbət təkcə bir müsabiqədən getmir, söhbət Azərbaycan təhsilinin beynəlxalq arenaya çıxmasından gedir.
- Dünyanın ən yaxşı müəllimləri arasında adınızı görəndə ilk hiss və düşüncələriniz nə oldu?
- Proses bir neçə mərhələdən ibarət idi: videodərslərin hazırlanması, onların göndərilməsi və daha sonra beynəlxalq münsiflər tərəfindən qiymətləndirilməsi. Burada qiymətləndirmə sırf formal bir qurum tərəfindən aparılmır, daha geniş və peşəkar bir sistem mövcuddur. Hətta beynəlxalq təhsil qiymətləndirmələri ilə bağlı təşkilatların nümayəndələrinin də bu prosesdə iştirak etdiyini sonradan öyrəndim.
O an e-maili yoxlayanda ilk dəfə inanmadım. Əslində bu, özümə inamsızlığım deyildi, mövzu tamam fərqli idi. Həmin an Azərbaycanın ucqar kəndindən bir müəllimin belə uğurlu nəticə əldə etməsi insanda tamam fərqli hisslər yaradırdı. Düşündüm ki, bəlkə texniki bir bildirişdir və ya hansısa yanlışlıq var. Buna görə də onlara yenidən məktub yazdım ki, ola bilsin, bir səhvlik var.
Lakin daha sonra təsdiqləndi ki, bu, real nəticədir və mən həqiqətən dünyanın ən yaxşı müəllimləri sırasında namizəd kimi irəliləmişəm.

- Sizcə, Azərbaycan müəllimini dünyada fərqləndirən nədir?
- Azərbaycan müəllimini dünyada fərqləndirən bir sıra mühüm cəhətlər var. Buna həm daxili sistem, həm də qlobal baxış bucağından yanaşmaq lazımdır. Daxili müstəvidə son illər Azərbaycanda təhsildə ciddi islahatlar aparılıb. Müəllimlərin sertifikasiyası, MİQ və digər qiymətləndirmə mexanizmləri, eləcə də müxtəlif imtahan sistemləri bu prosesin tərkib hissəsidir.
Amma məsələ yalnız daxili sistemlə bitmir. Azərbaycan müəllimini qlobal müstəviyə çıxarmaq üçün daha geniş düşünmək lazımdır. Müəllim özünü təkcə yerli sistemin bir parçası kimi yox, beynəlxalq təhsil mühitində fəaliyyət göstərə bilən peşəkar kimi görməlidir.
Bu baxımdan layihələr və beynəlxalq platformalar çox önəmlidir. Xüsusilə ingilis dili müəllimlərinin bu cür müsabiqələrdə iştirak imkanları daha genişdir, çünki kommunikasiya baxımından üstünlük əldə edirlər. Amma bu o demək deyil ki, digər fənn müəllimləri geri qalmalıdır. Əksinə, xüsusilə texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə rəqəmsal bacarıqlara malik müəllimlərin də beynəlxalq layihələrdə özlərini sınaması vacibdir.
Əsas məqamlardan biri də araşdırmaçı yanaşmadır. Müəllim yalnız dərs deyən deyil, eyni zamanda axtaran, öyrənən və özünü inkişaf etdirən bir şəxs olmalıdır. Çünki imkanlar hazır şəkildə təqdim olunmur, onları araşdırmaq, tapmaq və üzərində işləmək lazımdır. Bu, peşəkar inkişafın əsas şərtlərindən biridir.

"Şagirdlər gələcəklərini kor-koranə seçirlər"
- Uşaqlar niyə zamanla öyrənməyə marağını itirir?
- Mən bunu “maraq itir” deməzdim, fikrimcə, şagirdlərin maraqlarını onların istedad və bacarıqlarına uyğun fokuslandırmaq lazımdır.
Günümüzdə Azərbaycanda təhsil sistemi əsasən iki istiqamət üzərində qurulub: təhsil verən və imtahan götürən. Bu sistem tələb edir ki, şagird məktəb proqramını oxusun, mənimsəsin və sonra imtahanlarda iştirak etsin. Amma bəzən şagirdlər yalnız məktəb proqramını mənimsəməklə təhsilin tamamlandığını düşünürlər. Mən isə hesab edirəm ki, onlar bu yanaşma ilə kifayətlənməməlidirlər. Şagirdlər öz daxilində olan potensialı üzə çıxarmağı bacarmalıdırlar. Bu istiqamətdə isə valideynlərin və müəllimlərin üzərinə böyük iş düşür.
Praktiki olaraq onu da deyə bilərəm ki, şagirdlərdə gələcəyə doğru addım atarkən müəyyən fikir dağınıqlığı var. Məsələn, onlar düşünürlər ki, hər hansı bir qrupu seçirlərsə, yalnız həmin istiqamət üzrə hazırlaşmalıdırlar və digər sahələr artıq onlar üçün maraqsızdır. Bu, yanlış yanaşmadır və nəticədə uğursuzluğa səbəb ola bilər. Elə şagirdlər var ki, həm ədəbi, həm də texniki və ya riyazi bacarıqlara malikdirlər. Amma onlar sadəcə seçdikləri qrup üzərindən gələcəklərini qurmağa çalışırlar. Bu da gələcəyi bir növ kor-koranə seçmək deməkdir.
Çünki əgər şagirdin potensialı və qabiliyyəti varsa, o, məhz həmin qabiliyyət üzərindən təhsilini yönləndirməlidir. Bu, həm Azərbaycanda, həm də xaricdə mümkündür. Bu gün də, keçmişdə də xaricdə təhsil alan çox sayda azərbaycanlı olub. Bu isə o demək deyil ki, onlar Azərbaycan təhsilini bəyənməyiblər. Sadəcə insanın özünü düzgün qiymətləndirməsi və potensialına uyğun seçim etməsi vacibdir.
Fikrimcə, bu istiqamətdə şagirdlər arasında maarifləndirmə aparılmalıdır. Şagirdlər bilməlidirlər ki, hər kəs eyni yolu getmək məcburiyyətində deyil. Hər kəs öz qabiliyyətinə, maraqlarına və gələcək hədəflərinə uyğun istiqamət seçməli və bu istiqamətdə inkişaf etməlidir.

"Dil bilmək bilik mənbələrinə birbaşa çıxış deməkdir"
- Sizcə, bu gün ingilis dili bilmək üstünlükdür, yoxsa zərurət?
- İngilis dili bu gün artıq təkcə üstünlük deyil, eyni zamanda zərurətdir. Ona görə zərurətdir ki, müasir dünyada informasiya, təhsil və peşə imkanlarının böyük bir hissəsi ingilis dili üzərindən formalaşır. İkincisi isə üstünlükdür, çünki bu dili bilən insanın qarşısında açılan imkanlar daha geniş olur.
İngilis dili bilikləri şagirdlər üçün bir növ “açar” rolunu oynayır. Akademik səviyyədə bu dili mənimsəyən şagirdlər dünyanın bir çox universitetlərinə müraciət etmək imkanı qazanırlar. Eyni zamanda Azərbaycanda da bir çox ali təhsil müəssisələrində qəbul və tədris prosesində ingilis dili bilikləri mühüm rol oynayır.
Hər zaman qeyd edirəm ki, dil bilmək insanı təkcə ünsiyyətə yox, həm də bilik mənbələrinə birbaşa çıxışa aparır. Məsələn, tarix və ya digər elmləri orijinal mənbədən öyrənmək imkanı yaranır. Bu isə həm düşüncə tərzini, həm də dünyagörüşünü əhəmiyyətli dərəcədə genişləndirir.
İngilis dili təkcə imtahan məqsədi daşımır. Düzgün qurulmuş tədris sistemində bu dil şagirdin ümumi bilik bazasını artıran, onu müxtəlif sahələrlə tanış edən bir vasitəyə çevrilir. Bizim hazırladığımız dərsliklərdə də məqsəd məhz budur: şagirdi yalnız testə yox, real dünyaya hazırlamaq.
- Məktəblərdə şagirdlər illərlə ingilis dili öyrənsələr də, niyə danışıq bacarıqları zəif qalır?
- Bəli, şagirdlər 11 il ingilis dili öyrənsələr də, məzun olduqda çoxu sərbəst danışıq bacarığına malik olmur. Qrammatika bilikləri nisbətən yaxşı olsa da, danışıq bacarığı zəif qalır. Halbuki normal istiqamət üzrə 11 ildə bir neçə dili mənimsəmək mümkündür.
Burada iki əsas məqama diqqət yetirmək lazımdır. Birincisi odur ki, aşağı siniflərdən etibarən məktəb proqramlarında və dərsliklərdə dörd bacarığı: oxuma, dinləmə, yazma və danışmanın daha balanslı şəkildə formalaşdırılmasıdır. Təəssüf ki, bir çox hallarda dərsliklərdə bir mövzu ətrafında praktik tapşırıqlar kifayət qədər geniş verilmir. Nəticədə proses daha çox qrammatik struktur üzərində qurulur. Xüsusilə ibtidai mərhələdə bu yanaşma düzgün deyil. Dünya təcrübəsində isə dil öyrənilməsi təkcə qrammatika ilə məhdudlaşmır. Əksinə, əvvəlcə dinləmə və oxuma bacarıqları formalaşdırılır, daha sonra danışma və yazma mərhələsi gücləndirilir.
Bütün bu bacarıqlar paralel şəkildə inkişaf etməlidir. Eyni zamanda müəllimlərin də öz üzərində işləməsi vacibdir. Ən önəmli məqamlardan biri isə budur ki, tədris şagirdin öyrənmə tərzinə uyğun qurulmalıdır. Əgər şagird müəllimin təqdim etdiyi formada öyrənə bilmirsə, o zaman yanaşma şagirdin öyrənmə modelinə uyğunlaşdırılmalıdır. Bu, çox vacib prinsipdir. Çünki effektiv tədris şagirdin uyğunlaşdığı deyil, şagirdə uyğunlaşdırılan tədrisdir.
Təklif edirəm ki, Azərbaycan məktəblərində yalnız formal təhsillə kifayətlənilməsin. Praktiki bacarıqları inkişaf etdirən, layihə əsaslı yanaşmalar da sistemə inteqrasiya olunsun.
Məsələn, yay aylarında təşkil olunan dövlət dəstəkli proqramlar çox effektiv ola bilər. Dil bacarıqları yüksək olan şagirdlərin iştirak edəcəyi bir aylıq düşərgələr, təlimlər və ya xaricdə təşkil olunan proqramlar onların motivasiyasını ciddi şəkildə artırar. Şagirdlər də konkret məqsəd uğrunda çalışdıqlarını hiss edərlər. Bu cür yanaşma həm öyrənməni stimullaşdırar, həm də rəqabət mühitini sağlam şəkildə gücləndirər.
- Özünüzə məxsus hansı tədris metodlarınız var?
- Bu gün repetitorluq artıq bir reallıqdır. Bir çox hallarda belə bir sual yaranır: niyə məktəbdə uzun müddət ərzində mənimsənilməyən proqram repetitor tərəfindən qısa müddətdə tədris oluna bilir? Məncə, məsələyə bir qədər daha təhlili yanaşmaq lazımdır.
Burada iki əsas məqam var. Birincisi, şagirdin yanaşmasıdır. Şagird bütün təhsil müddəti ərzində vaxtını səmərəli istifadə etməli, bilik və bacarıqları mərhələli şəkildə mənimsəməlidir. Təəssüf ki, bəzən öyrənmə prosesi son siniflərə saxlanılır və bu da repetitora ehtiyac yaranmasına gətirib çıxarır.
İkinci məqam isə müəllim və tədris prosesidir. Hər müəllim repetitor ola bilmir və hər repetitorun nəticəsi də eyni səviyyədə olmur. Reallıq isə budur ki, 10-cu və 11-ci siniflərdə tam mənimsənilməyən proqram bəzən repetitorlar tərəfindən 5-6 ay ərzində intensiv şəkildə keçilir. Bu isə həm proqramın düzgün planlaşdırılması, həm də daha sistemli yanaşma ilə bağlıdır.
Hətta zəif nəticə göstərən şagirdlər belə repetitor hazırlığı ilə müəyyən səviyyəyə qədər irəliləyə bilirlər. Bu gün repetitorluq təhsil prosesinin bir hissəsinə çevrilib. Çünki şagird məktəbdə proqramı tam mənimsəmədikdə və ya müxtəlif səbəblərdən dərslərdən geri qaldıqda, valideynlər çıxış yolu kimi repetitora müraciət edirlər. Repetitorun bu yükü daşımasının arxasında isə ciddi əmək və sistemli hazırlıq dayanır.
Təsəvvür edin ki, iki illik proqram bəzən altı ay ərzində keçilir. Bu da göstərir ki, repetitor müəllim proqramı daha intensiv, daha dəqiq və daha məqsədyönlü şəkildə tədris edir.
“İnkişafın əsasında daim öyrənmək dayanır”
- Şəxsi inkişafda sizi ən çox formalaşdıran təcrübə nə olub?
- Mənim üçün ən əsas faktor daim öz üzərində işləməkdir. Bu, yalnız peşə fəaliyyəti ilə bağlı deyil, ümumiyyətlə insanın daxili yanaşmasını müəyyən edən bir prinsipdir. Təhsil sahəsində çalışan da, digər sahədə fəaliyyət göstərən də davamlı şəkildə özünü inkişaf etdirməyə meyilli olmalıdır.
Fikrimcə, insan bunu özü istəmirsə, heç bir xarici faktor onu inkişaf etdirə bilməz. Mənim şəxsi inkişafımda isə ən böyük rol oynayan amil məhz araşdırmaçı yanaşmam olub.
Qeyd etdiyim kimi, 2019-cu ildə Azərbaycanda ilk dəfə “diskli dərslik” formatında materialların hazırlanması istiqamətində bir layihəmiz oldu. O dövrdə bu, yeni bir yanaşma sayılırdı. Məqsədimiz sadəcə fərqli format yaratmaq yox, real tədris ehtiyacına cavab vermək idi.
Həmin materialların xüsusilə 9-cu sinif şagirdləri üçün faydalı olduğunu görmək mənim üçün ayrıca bir motivasiya oldu. Çünki şagirdlər bu dərsliklər vasitəsilə aşağı nəticələrin, xüsusilə “2” qiymətinin qarşısını ala bildilər. O vaxtdan bu günə qədər dərslərin hazırlanması, metodların təkmilləşdirilməsi və şagirdlərə daha faydalı olmaq istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.
Mənim üçün ən vacib məqamlardan biri də dil biliklərinə yanaşmamdır. İngilis dilini sadəcə ünsiyyət vasitəsi kimi deyil, həm də bir ixtisas və inkişaf platforması kimi qəbul edirəm. Bu dil vasitəsilə insan həm akademik biliklərə çıxış əldə edir, həm də dünyanın istənilən universitetində təhsil alma imkanı qazanır.
- Sizcə, bir müəllimin ən böyük uğuru nədir?
- Məncə, bir müəllimin ən böyük uğuru təkcə şagirdlərinin yaxşı nəticə göstərməsi deyil, daha geniş mənada cəmiyyətə faydalı insanlar yetişdirə bilməsidir. Müəllimin əsas vəzifəsi düzgün, keyfiyyətli və məqsədyönlü tədris aparmaqdır. Lakin uğur anlayışı bununla məhdudlaşmır.
Həqiqi müəllim uğuru odur ki, o, yetişdirdiyi şagirdlər vasitəsilə cəmiyyətdə iz qoya bilsin.
- Müəllimlərə, müəllim olmaq istəyənlərə hansı tövsiyələriniz var?
- Doğrudan da insanlar seçdikləri peşənin məsuliyyətini və çətinliklərini dərk edərək bu addımı atmalıdırlar. Bizdə isə tələbələr universitetə hazırlaşarkən gələcəkdə hansı istiqamətdə formalaşacaqlarını və həmin ixtisas üzrə davam edib-etməyəcəklərini hər zaman tam aydın şəkildə müəyyənləşdirmirlər.
Amma əgər bir insanın daxilindən doğrudan da müəllim olmaq, öyrətmək və təhsillə məşğul olmaq istəyi gəlirsə, o zaman bu peşənin həm məsuliyyətini, həm də böyük əmək, zəhmət və səbr tələb etdiyini anlayaraq bu yola çıxmalıdır. Mənim fikrimcə, müəllimlik digər peşələrin tacıdır. Elə insanlar var ki, başqa ixtisaslar üzrə təhsil alır, fərqli sahələrdə çalışırlar, lakin sonradan yenidən ikinci təhsil alaraq və ya özlərini təkmilləşdirərək müəllim kimi fəaliyyət göstərirlər. Bu isə çox sevindirici haldır.
Düşünürəm ki, müəllimlər daha çox öz üzərlərində işləməlidirlər. Eyni zamanda Azərbaycan təhsilini yalnız ölkə daxilində deyil, xaricdə də təmsil etmək üçün müxtəlif proqramlarda iştirak etmək vacibdir. Xüsusilə bir ingilis dili müəllimi kimi hesab edirəm ki, dil öyrənmək və özünü daim inkişaf etdirmək son dərəcə önəmlidir.