Ötən gün Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olublar.
Qəbul olunanlardan biri də Fərəc Malikidir.
AzEdu.az da bu münasibətlə Fərəclə həmsöhbət olub.
Fərəc öncə "Mançestr Universitetinə" qəbul almışdı. Ancaq müsahibə üçün ona müraciət ediyimizdə bildirdi ki, "Mançestr Universitetindən" sonra "University of Hong Kongdan" da qəbul gəlib. O, həmin ali məktəbdə təhsil almağı planlaşdırır.
O bildirib ki, hazırda ən populyar sahələrdən biri kompüter elmləridir, lakin hər kəs burada uğur qazana bilmir:
“10-cu sinifdə SAT imtahanından 1540 bal toplamışam. İngilis dili bölməsindən isə 790 bal əldə etmişəm. Daha sonra 11-ci sinfin yayında əlavə plan quraraq digər imtahanlara hazırlaşdım və nəticələrimi daha da yaxşılaşdırdım. Bununla yanaşı, müxtəlif onlayn universitet kurslarında iştirak edərək əlavə biliklər qazandım. Eyni zamanda könüllü fəaliyyətlərdə də iştirak etmişəm. Bu fəaliyyətlər böyük olmasa da, universitetlər tərəfindən müsbət qiymətləndirilir.
“University of Hong Kong” mənə qəbul qərarı verməzdən təxminən 10 gün əvvəl öz daxili imtahanını göndərmişdi. Mən də həmin imtahandan uğurla keçdim.
Hazırda universitetin təqaüd qərarını gözləyirəm. Təqaüd verilib-verilməyəcəyi hələ dəqiqləşməyib. Bundan əlavə, dövlət proqramına da müraciət etməyi planlaşdırıram və hər iki istiqamət üzrə nəticələri gözləyirəm.
Eyni zamanda Türkiyə və İngiltərədə yerləşən bir neçə universitetə də müraciət etmişdim. İngiltərədə dörd universitetə müraciət etmişəm və ümumilikdə beş fərqli ixtisas üzrə sənəd göndərmişəm. Bu dörd universitetin hamısından qəbul almışam. Bir universitetdə iki fərqli ixtisasa müraciət etmişdim. Hələ ki, onlardan yalnız birinə qəbul almışam, digəri üzrə cavab gözləyirəm. Qeyd edim ki, bu qəbullar şərtidir. Yəni yekun qəbul əlavə imtahan nəticələrinə əsasən müəyyənləşəcək".
Türkiyənin “Bilkent Universiteti”ndən 80% təqaüdlə qəbul aldığını deyən müsahib hazırda seçim mərhələsində olduğunu bildirib:
“Mən ümumiyyətlə xaricdə təhsil planlaşdırmağa başlayanda əsas məqsədim "Hong Kong Universiteti" olub. Çünki əvvəldən araşdırma aparmışdım və Asiyaya, xüsusilə Hong Konga marağım var idi. Universitetin təhsildən sonra yaratdığı iş imkanları, araşdırma mühiti, tələbələr üçün təqdim olunan şərait, kampus həyatı və ümumi mühit mənə daha cəlbedici gəldi.
"Manchester Universitetini" seçməməyimin bir neçə səbəbi var. İlk növbədə, İngiltərə ölkə olaraq məni o qədər də cəlb etmir. İkinci səbəb isə "Hong Kong Universitetində" məzun olduqdan sonra iş tapma imkanlarının daha geniş olmasıdır. Digər tərəfdən, "University of Manchester"də təhsil müddəti 3 ildir və bu, mənim üçün o qədər də uyğun hesab edilmir. Mən daha uzun və daha geniş proqramı əhatə edən təhsil modelinə üstünlük verirəm. Çünki üç il ərzində həmin mühiti və təcrübəni tam şəkildə yaşamaq mümkün olmur. Bu səbəbdən seçimim "University of Hong Kong" oldu”.
Qəbul xəbərini ilk dəfə özünün gördüyünü deyən tələbə həmin anı belə xatırlayıb:
“Evdə idim, səhər oyandım və nəticəyə baxdım. Çox sevindim. İlk olaraq valideynlərimə dedim, sonra qardaşlarımla və yaxınlarımla paylaşdım.
İndiyə qədər nə təhsil, nə də səyahət məqsədilə uzun müddət xaricdə olmamışam. Ailəmdən uzaqda yaşamaq mənim üçün tamamilə yeni bir təcrübə olacaq. Bir tərəfdən narahatlıq yaradır, digər tərəfdən isə maraqlı və həyəcanvericidir. Yaş artdıqca insanın müstəqilləşməsi vacibdir. Bu təcrübə insana həm sərbəstlik, həm təşəbbüskarlıq, həm də problemləri təkbaşına həll etmə bacarığı qazandırır. Ailədən uzaq olmaq çətindir, amma bəzi məqsədlər üçün buna dəyər.
Ümumi təbiət və şəhər mühiti çox təsiredicidir. Bakı şəhərini nə qədər sevsəm də, etiraf etməliyəm ki, yaşıl şəhər deyil. Hong Kong isə həm təbiət, həm də şəhər həyatının vəhdəti baxımından daha rəngarəng və cəlbedici görünür”.
Asiya mətbəxi və yeni mühitə adaptasiya barədə danışan tələbə deyib:
“Asiya mətbəxini sevirəm. Azərbaycan mətbəxini daha çox bəyənsəm də, orada qidalanma ilə bağlı ciddi çətinlik yaşayacağımı düşünmürəm. Hong Kong beynəlxalq mərkəz olduğu üçün müxtəlif ölkələrin mətbəxlərini də tapmaq mümkündür.
Bəzi bölgələrdə ingilis dili ilə bağlı çətinlik ola bilər. Ona görə Çin dilini öyrənməyi planlaşdırıram. Orada texnologiyanın inkişafı və müasir sistemlər də mənim üçün maraqlıdır.
Gələcəkdə də magistratura təhsilimi İngiltərə və ya ABŞ-də davam etdirməyi planlaşdırıram. Magistratura təhsilimi ya aerokosmik mühəndislik, ya da robototexnika sahəsində davam etdirməyi düşünürəm. Amma bu qərar hələ tam formalaşmayıb, universitetdə qazandığım təcrübələrdən sonra daha dəqiq seçim edəcəyəm".
Yaxşı iş təklifi olacağı təqdirdə Azərbaycana qayıtmağı planlayıram:
"Əgər yaxşı iş təklifi olarsa və həmin imkan digər ölkələrdəki alternativlərdən daha sərfəli və ya ölkəmə fayda verə biləcəyim bir istiqamətdə olarsa, təbii ki, Azərbaycana qayıtmağı düşünürəm. Çünki ailəm, dostlarım və bütün sosial mühitim burada formalaşıb. Həyatımın böyük bir hissəsi Azərbaycana bağlıdır. Ona görə də uyğun və perspektivli bir imkan olarsa, ölkəmə geri dönmək mənim üçün prioritetdir. Xaricdə dil biliyimə görə çətinlik yaşmaq qorxusu yoxdur məndə. Dil səviyyəmə tam mükəmməl deməsəm də, özümü kifayət qədər rahat hiss edirəm. Çünki bu təcrübəni müəyyən mənada artıq yaşamışam. Universitetlərin sosial şəbəkə qrupları və müxtəlif platformaları olur. Orada insanlar əvvəlcədən ünsiyyət qurmağa başlayır və zamanla bu ünsiyyət daha da inkişaf edir. Başlanğıcda bir az qəribə və çətin görünsə də, qısa müddət sonra adaptasiya olmaq mümkündür.
Düşünürəm ki, bu, zamanla öyrəşilən bir prosesdir və düzgün yanaşma ilə heç bir ciddi problem yaratmır. Məndə xaricdə təhsil marağı, ailəmdən gəlir. Qardaşlarım və yaxın qohumlarımın demək olar ki, hamısı Türkiyədə və digər ölkələrdə təhsil alıblar. Ona görə də bu istiqamət mənim üçün əvvəldən formalaşıb. Valideynlərim də bu yolda məni dəstəkləyiblər. Amma niyə məhz Türkiyə deyil də, digər ölkələr? Çünki düşünürdüm ki, Türkiyə yaxşı təhsil imkanları versə də, daha geniş perspektiv qazanmaq üçün fərqli ölkələri də sınamaq lazımdır. Türkiyə bu baxımdan daha çox tanış və yaxın mühitdir, amma mən daha beynəlxalq təcrübə qazanmaq istəyirdim. Asiya ölkələri bu baxımdan daha fərqli imkanlar təqdim edir".
Məncə, fərqli ölkələrdə təhsil almaq insanın dünyagörüşünü genişləndirir:
"Türkiyədə oxumaq mənə çox şey qazandıra bilərdi, amma başqa ölkələrdə yaşamaq və təhsil almaq daha böyük təcrübə imkanı yaradır. Ona görə bu seçim mənim üçün daha məqsədəuyğun oldu. Xaricdə təhsil almasa idim ölkəmizdə Bakı Ali Neft Məktəbini seçərdim. Liseyimizdən Avropanın qabaqcıl universitetlərinə qəbul olan 5 şagirdi ilə (mənimlə bir yerdə 6) yaxın münasibətdə olmuşuq, daim motivasiya vermişik və bir-birimizi dəstəkləmişik. Düşünürəm ki, bu mühit də ümumi uğurumuza ciddi təsir edib".
Xaricdə təhsil almaq arzusunda olanlara tövsiyə edirəm ki, heç vaxt ruhdan düşməsinlər:
"Çünki mən özüm SAT imtahanını 4 dəfə vermişəm və ilk baxışda nəticələrim çox yaxşı görünsə də, müəyyən bir aralıqda, təxminən 1420-1425 intervalında sıxışıb qalmışdım. Dayanmış olsaydım, bu nəticə ilə nə universitet müraciətlərim, nə də qəbul şanslarım istədiyim kimi olmayacaqdı. Ona görə də əsas məqam davamlı çalışmaqdır. Nə olur-olsun, insan sonda mütləq nəticə əldə edir. İkinci vacib məqam isə düzgün ixtisas və universitet seçimi ilə bağlıdır. Düşünürəm ki, bu, çox kritik bir mərhələdir. Çünki bəzi ixtisaslar hər kəsə uyğun olmaya bilər. Məsələn, bu gün daha çox populyar olan kompüter sahəsi var, amma bu sahə hər kəs üçün uyğun deyil və hər kəs bu istiqamətdə uğur qazana bilmir. Ona görə də universitet seçimindən də əvvəl, insan özünə uyğun ixtisası düzgün müəyyən etməlidir. Əsas məqsəd təkcə universitet deyil, həm də sevdiyin sahəni seçmək və gələcəkdə həmin sahədə xoşbəxt ola bilməkdir".