Ölkəmiz hazırda WUF13 forumuna ev sahibliyi edir. WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları da beynəlxalq iştirakçılara təqdim olunur.Şəhərlərin gələcəyini formalaşdıracaq ideyaların, fərqli şəhərlərin və icmaların Azərbaycanda bir araya gəlməsi çox qürurvericidir.Bu mötəbər beynəlxalq tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri də fəal iştirak edərək öz universitetlərini və ölkəmizi layiqincə təmsil edirlər.
Maraqlıdır, WUF13 forumunda ali təhsil müəssisələrinin ümumilikdə neçə tələbəsi təmsil olunur?
Mövzu ilə bağlı AzEdu.az Təhsil portalı olaraq ali məktəblərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Universitetindən (AU) bildirilib ki, tələbələr Bakıda keçirilən beynəlxalq tədbirlərdə və forumlarda mütəmadi olaraq könüllü qismində fəal iştirak edirlər:
“WUF-13 çərçivəsində də könüllü fəaliyyətə cəlb olunan tələbələrimiz var. Lakin tədbirin təşkilatçıları tərəfindən bizə siyahı təqdim edilmədiyi üçün könüllülərin dəqiq sayı barədə məlumat vermək hazırda mümkün deyil”.
ADA Universitetindən qeyd olunub ki, forumun ilk günündə 3 SDA tələbəsi iştirak edib:
“19 və 20 may tarixlərində isə daha 3 nəfərdən ibarət SDA tələbə qrupları tədbirdə universiteti təmsil edəcək. Bundan əlavə, forumda 5 ADA tələbəsi könüllü kimi fəaliyyət göstərir. 21 may tarixində isə universitetin bütün fakültəsi, həmçinin müəllim və professor heyəti də tədbirdə iştirak edəcək”.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, təqribən 100-ə yaxın əməkdaş və tələbəsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlərdə və ya digər formada iştirak edir:
“Onların bir qismi könüllü olaraq bu mühüm tədbirə seçilib. Bir qismi isə rəsmi açılış tədbirlərində iştirak edib. Bundan başqa, BMU sessiya çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində innovativ konsept layihələrlə təmsil olunur.
Universitet sərgidə “Gələcəyin şəhər modelinə ənənəvi və orqanik yanaşma” mövzusunda urbanistika və memarlıq sahələrini əhatə edən iki konseptual tədqiqat layihəsini təqdim edir.
WUF13-də təmsil olunmaq universitetin akademik heyəti, tələbələri və gənc tədqiqatçıları üçün beynəlxalq elmi platformalarda təcrübə mübadiləsinin genişlənməsinə, multidissiplinar əməkdaşlıq imkanlarının formalaşmasına və urbanistika, memarlıq, dayanıqlı şəhərsalma istiqamətlərində aparılan elmi-tədqiqat fəaliyyətlərinin inkişafına mühüm töhfə verəcək”.
Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, WUF13-də 32 nəfər könüllü,11 nəfər isə ziyarət edən tələbələr iştirak edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qeyd edilib ki, forumda tələbələr iştirak edirlər.
Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, AzTU tələbələri öz istəkləri ilə qeydiyyatdan keçərək WUF13-də iştirak edirlər.
Xəzər Universitetindən məlumat verilib ki, WUF13 summitində Xəzər universitəsinin 50 nəfər tələbəsi könüllü kimi fəaliyyət göstərir.
Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata əsasən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlərdə 100 artıq tələbə iştirak edir.
Qeyd edək ki, onların forumdakı iştirakı gənclərin qlobal məsələlərə marağını, bilik və potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun da göstəricisidir.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, ATMU-dan təxminən 30 tələbə könüllü iştirak edir.