Yəqin ki, son günlər sosial mediada “Ramin Lev” (Ramin Əliyev) adı ilə ingilis dili dərsləri paylaşan müəllimə siz də rast gəlmisiniz. Səlis nitqi və yüksək dil bacarığı onu qısa zamanda sosial medianın fenomeninə çevirib.
AzEdu.az Təhsil Portalı da bu münasibətlə Ramin müəllimlə onu daha da yaxından tanımaq üçün həmsöhbət olub.
Ramin Əliyev Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundandır.
1995-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Həmin dövrdə universitetdə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi fəaliyyət göstərirdi və o, bu fakültənin beynəlxalq hüquq ixtisasını seçib.
1999-cu ildə bakalavr təhsilini başa vuraraq diplom alıb. Elə həmin il eyni ixtisas üzrə magistratura pilləsinə qəbul olunub və 2001-ci ildə təhsilini uğurla tamamlayıb.
- Təhsiliniz yalnız Azərbaycanda olub, yoxsa xaricdə də oxumusunuz?
- Bəli, 2014-cü ildə Catholic University of Leuven-də magistratura təhsili almışam. Proqramın adı “Hüquq, cəmiyyət və din məsələləri üzrə magistratura proqramı” idi. Bu təhsil müəssisəsi dünyanın 50-ci universiteti sayılır. Buradan 2016-cı ildə isə məzun olmuşam.
Qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə bəzən “Catholic University” adı ilə bağlı yanlış təsəvvürlər yaranır. Bu universitet XV əsrdə yaradılıb və hazırda bütün müasir ixtisaslar orada tədris olunur - mühəndislik, tibb, iqtisadiyyat və s. Yüksək səviyyəli tədris və infrastruktur mövcuddur, dünyanın müxtəlif ölkələrindən tanınmış professorlar orada mühazirələr deyirlər.
Mənim formalaşmağımda Bakı Dövlət Universitetinin çox böyük rolu və əməyi olub. Bununla yanaşı, özümü inkişaf etdirmək və müasir təhsil standartlarına uyğunlaşmaq üçün xaricdə təhsil almağa qərar vermişəm.
- İxtisasınız hüquqdur. Bu sahədə peşəkar fəaliyyətiniz olubmu?
- Mən 2001-ci ildə əmək fəaliyyətinə başlamışam. Həmin ildə Mədəniyyət Nazirliyinin Tarixi və mədəniyyət abidələrinin tədqiqi, konservasiyası və qorunması üzrə Baş İdarəsində mütəxəssis kimi çalışmışam.
Daha sonra, 2003-2007-ci illərdə təhlükəsizlik orqanlarında fəaliyyət göstərmişəm. Eyni zamanda, iki il ərzində Azərbaycanı Avropa Şurasının terrorçuluqla mübarizə üzrə ekspertlər komitəsində təmsil etmişəm və həmin komitənin bürosunun üzvü seçilmişəm. Həm büroda, həm də komitənin iclaslarında fəal iştirak etmişəm.
Terrorçuluqla mübarizə sahəsində bir konvensiyanın və bir neçə mühüm sənədin qəbulunda iştirak etmişəm. Bu proseslərdə ölkəmizin maraqlarının hüquqi müstəvidə qorunması ilə bağlı təkliflərlə çıxış etmiş, müvafiq mülahizələr irəli sürmüşəm. Bu fəaliyyətlər mənim hüquq sahəsindəki peşəkar təcrübəmin mühüm hissəsini təşkil edir.
Eyni zamanda, 2002-2006-cı illərdə Qərbi Kaspi Universitetində müxtəlif hüquq fənlərini tədris etmişəm ki, bu da mənim akademik fəaliyyətimin əsas istiqamətlərindən biri olub.
Hazırda isə Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasında müəllim vəzifəsində fəaliyyətimi davam etdirirəm.
- Gəncə Dövlət Universitetində yalnız ingilis bölməsinə dərs deyirsiz?
- İngilis bölməsi GDU-da son 3-4 ildə açılıb. Rəhbərlik, kafedra müdiri mənim bu sahədəki təcrübələrimi, bilik və bacarıqlarımı nəzərə alaraq ingilis dilində tədrisi mənə həvalə ediblər. İki fənni ingilis dilində tədris edirəm- sosiologiya və multikulturalizm. Eyni zamanda Azərbaycan dilində müxtəlif fənlərin, məsələn, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, əqliyyə sistemində sosial iş və s. fənlərin də tədrisini aparıram.
- Qısa müddətdə yayılan videonuz sizi demək olar ki, bütün Azərbaycanda tanıtdı. İngilis dilində səlis nitqiniz və çıxışınız da cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bir gün ərzində sosial mediada bu qədər sürətlə məşhurlaşmaq və xəbər saytlarında geniş şəkildə yer almaq sizdə hansı hisslər yaratdı?
- Əlbəttə ki, çox xoş hisslərdir. Eyni zamanda bu, mənim üçün böyük bir məsuliyyətdir. Əməyi keçən hər kəsə, bütün təhsil platformalarına, Azərbaycan cəmiyyətinə də çox səmimi təşəkkürlərimi ifadə edirəm.
İngilis təkcə beynəlxalq dil deyil, həm də elm və texnologiya dilidir. Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir. Məsələn, hazırda ingilis dilini bilmək əsas hesab olunur. Təbii ki, mənim də ingilis dilini öyrənmə müddətim uzun bir dövrü əhatə edir. 1994-cü ildən bu günə qədər bu dili öyrənirəm. Qısa şəkildə desəm, ingilis dilindən həm istifadə etmişəm, həm də əmək fəaliyyətimdə tətbiq etmişəm. Hətta tərcüməçilik fəaliyyətim də olub təxminən 3-4 il davamlı şəkildə.
- Bəs ingilis dili biliyinizdən və dil səviyyənizdən şagirdlərin hazırlığında istifadə edirsinizmi? Yəni repetitor kimi fəaliyyət göstərirsiniz, yoxsa yalnız universitetdə tədrislə məşğulsunuz?
- Xeyr, bir-iki istisnanı çıxsaq indiyə qədər istifadə etməmişəm. Çünki buna açığı həm vaxtım olmayıb, həm də bu işə xüsusi olaraq məşğul olmamışam. Bu artıq başqa bir sahədir.
Hazırda doktorantura təhsili ilə bağlı planım var. Bu proses həm sənədlərin hazırlanmasını, həm də research proposal və digər elmi-tədqiqat işlərini əhatə edir və kifayət qədər mürəkkəb və vaxt aparan mərhələdir.
Bununla yanaşı, onlayn şəkildə ingilis dili dərsləri təşkil etməyi də düşünürəm. Lakin bu, işlərin gedişatından asılı olacaq, çünki qeyd etdiyim kimi doktorantura prosesi olduqca intensivdir.
Əsas məqsədim isə xarici universitetlərin birində doktorantura təhsilimi davam etdirməkdir.
İmtahan prosesi belədir ki, siz elmi-tədqiqat sənədlərini hazırlayıb təqdim edirsiniz və bir elmi rəhbər seçilir. Həmin elmi rəhbər sizin işinizlə tanış olur və uyğun hesab etdiyi halda mövzunun elmi baxımdan əsaslı olub-olmadığını, eləcə də onun iqtisadi və praktiki faydasını qiymətləndirir.
Əgər tədqiqat yeni yanaşma təqdim edir və elmə yenilik gətirirsə, bu halda qəbul prosesi müsbət nəticələnə bilər. Təbii ki, burada müəyyən sənədlər və digər tələblər də mövcuddur.
Daha sonra namizəd müsahibə mərhələsinə dəvət olunur. Bu müsahibə ya universitet nümayəndələri, ya da xüsusi komissiya tərəfindən aparılır. Ümumilikdə qəbul prosesi bu mərhələlər əsasında həyata keçirilir.
- Siz əvvəl hüquqla bağlı qeyd etdiniz ki, iş təcrübəniz olub, hazırda isə təhsil sahəsində fəaliyyət göstərirsiniz. Maraqlıdır, o sahədə çalışmaq sizin üçün daha rahat idi, yoxsa indi universitetdə müəllim kimi fəaliyyət göstərmək?
- Tələbələrlə işləmək mənim üçün çox xoşdur. Gənc nəsil hər bir cəmiyyətin aparıcı qüvvəsidir, gələcəyidir. Və həm də mən bu elmi sahəyə yönəlmişəm. Artıq neçə ildir ki, dissertasiyam üzərində çalışıram. Əgər mən başqa bir sahədə fəaliyyət göstərsəydim aktiv dövlət qulluğu və ya digər bir sahə olsun onda bu işləri görə bilməyəcəkdim və bu gün üçün hazır ola bilməyəcəkdim. Müdafiə mərhələsinə addım ata bilməyəcəkdim. Ona görə də bu sahəni seçmişəm. Valideyinlərimin də hər ikisi müəllim olub.
Həmçinin, tələbələrlə işləmək məsuliyyətlidir, amma eyni zamanda çox xoşdur. Təbii ki, cəmiyyətdə, o cümlədən gənclik arasında müəyyən fərqliliklər var. Bəzən çətinliklər də olur. Təəssüf ki, elə qruplar da var ki, gənclər arasında təhsilə yox, daha çox formal yanaşmaya üstünlük verirlər. Biz də imkanlarımız daxilində izah etməyə çalışırıq ki, necə ki, dahi Nizami Gəncəvi demişdir: “Kamil bir palançı olsa da insan yaxşıdır, yarımçıq papaqçılıqdan". Məqsədimiz odur ki, bilik və bacarıqlarımızı gənclərə ötürək. Öz imkanlarımız, qabiliyyətlərimiz, bilik və bacarıqlarımızla gənclərə dəstək olmağa çalışırıq ki, sabah daha hazırlıqlı, daha yüksək ixtisaslı mütəxəssis kimi yetişsinlər.
- Tələbələrlə işləmək rahatdır, yoxsa şagirdlərlə?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. İşimi böyük həvəslə görürəm. Daha əvvəl şagirdlərə qısamüddətli hazırlıq keçdiyim olub.
Lakin ingilis dili öyrənmək üçün müraciət edən namizədlərlə bağlı yanaşmam belədir ki, ilk iki, bəzən isə üç dərsi sınaq müddəti kimi müəyyənləşdirirəm. Əgər həmin müddət ərzində şagird verilən tapşırıqları yerinə yetirmir və təlimatlara əməl etmirsə, mən bir təlimçi kimi prosesi dayandırıram. Təəssüf ki, bu cür hallarla çox rastlaşmışam. Müxtəlif bəhanələr olur: “vaxtım olmadı”, “ora getdim”, “bura getdim” və s. Mən isə istəmirəm ki, nəticə olmadan sadəcə ödəniş alım. Bəzən valideynlər də müraciət edir, amma görürəm ki, şagirdin özündə motivasiya yoxdur.
Mən eyni zamanda tələbələr üçün gündəlik qrafik də tərtib edirdim. Məsələn, 10 tələbə ilə işlədiyim zaman hər biri üçün ayrıca plan hazırlayırdım: hansı saatda nə etməlidir, necə çalışmalıdır. Çünki dil öyrənməyin də öz zaman və rejim qaydası var.
Məsələn, sözləri səhər tezdən əzbərləmək daha effektivdir. Bunu öz təcrübəmdə də görmüşəm. Ümumilikdə günün planlı şəkildə qurulması vacibdir: həftənin günləri üzrə konkret tapşırıqlar olmalı və sistemli şəkildə icra edilməlidir. Buna bəzən “beynin çəkic metodu” da deyirlər.
İlk 2-3 ay beyin müəyyən müqavimət göstərə bilər, bu da normaldır və daha çox öyrəşməmə və intizamla bağlı olur. Zamanla isə insan bu rejimə uyğunlaşır və öyrənmə prosesi daha səmərəli olur.
Qısacası, gördüm ki, gələnlərin bu yanaşmaya münasibəti fərqli olur, bəzən onlara çətin və ya qeyri-adi görünür. Nəticədə isə repetitorluq fəaliyyətini dayandırdım. Çünki mənim üçün əsas məsələ nəticədir. Əgər tələbə nəticə əldə etmirsə, bu həm onun, həm də mənim reputasiyamdır. Ona görə də bu sahədə davam etməməyə qərar verdim.
- Bu gün ümumtəhsil müəssisələrində 11 il ingilis dili tədris olunsa da, nəticədə məzunların böyük hissəsi, qrammatikanı bilsələr belə, danışıq bacarığını əldə edə bilmirlər. Sizcə, bunun səbəbi nədir?
- Əgər sistemdə ciddi problem olsaydı, mən Azərbaycanın bir dağ kəndindən çıxaraq Azərbaycan Respublikasını Avropa Şurası kimi nüfuzlu bir qurumda təmsil edə bilməzdim. Məncə, burada əsas məsələ bir neçə istiqamətdədir.
Birincisi, müəllimlərin bilik və bacarıq səviyyəsinin bəzən kifayət qədər yüksək olmaması ola bilər. İkincisi, dərsliklərdə və tədris materiallarında müəyyən nöqsanlar mövcud ola bilər. Lakin eyni zamanda valideynlərin də öz övladlarının təhsili üzərində daha ciddi nəzarət etməsi vacibdir.
Bu gün artıq ədəbiyyat və əyani materiallar kifayət qədər çoxdur. Sosial şəbəkələrdən tutmuş "YouTube" platformasına qədər geniş resurslar mövcuddur. Bizim dövrümüzdə isə belə imkanlar yox idi, hətta kitab tapmaq belə çətin olurdu. Məsələn, universitet illərində bizə bir amerikalı professor gəlmişdi və məqsəd tələbələrin ingilis dilində dinləmə və anlama bacarıqlarını inkişaf etdirmək idi. O zaman çox çətinlik çəkirdik, demək olar ki, başa düşmürdük.
Amma bu gün vəziyyət tam fərqlidir. İstəyən insan üçün bütün imkanlar var və mən hesab edirəm ki, istək olan yerdə maneə olmur. Elə şagirdlər var ki, mənimlə sərbəst ingilis dilində danışa bilir, fikirlərini rahat ifadə edir, deyilənləri tam anlayırlar. Hətta 10-12 yaşlı uşaqlar da var ki, yüksək səviyyədə bacarıq nümayiş etdirirlər. Bu da daha çox maraq və şəxsi çalışqanlıqla bağlıdır.
Təbii ki, məktəblərdə bu sahədə mütəmadi təlimlər və təşkilati işlər aparılmalıdır. Çünki dil canlıdır, daim inkişaf edir, yeni sözlər və anlayışlar yaranır. Texnologiyanın inkişafı da buna birbaşa təsir göstərir. Buna görə də prosesi yalnız təhsil sistemi ilə məhdudlaşdırmaq düzgün deyil.
Ümumilikdə təhsil iki tərəfli prosesdir. Həm təhsil verən, həm də təhsil alan tərəf. Əgər müəllim və sistem öz üzərinə düşən işi yüksək səviyyədə görürsə, lakin nəticə zəifdirsə, burada artıq tələbənin də məsuliyyəti var. Təhsil alan şəxsin öz üzərində işləməsi çox vacibdir.
Bəzən isə problem ondan ibarət olur ki, tədris yalnız qrammatika və testlər üzərində qurulur. Halbuki dil öyrənmədə "writing", "speaking","listening" və "comprehension" kimi bacarıqlar da paralel şəkildə inkişaf etdirilməlidir.
- Gəncə Dövlət Universitetində ingilis bölməsində dərs deyirsiniz. Bu bölməyə qəbul olunsa da, ingilis dili səviyyəsi kifayət etməyən tələbələrlə rastlaşmısınızmı?
- Açığını belə hallarla çox rastlaşmamışam. Mənim üçün əsas önəmli məqam tələbələrin mövzunu anlaması və fikirlərini ifadə edə bilməsidir. Biz tələbələrimizdən hələ yolun başlanğıcında olduqları üçün həddindən artıq yüksək səviyyə gözləyə bilmərik. Mənim üçün önəmli olan budur ki, mən özüm də xaricdə təhsil almışam və həmin metodikanı, yanaşmanı yaxşı bilirəm professor bizdən nə gözləyir, nə tələb edir, bunu çox yaxşı bilirəm.
Tələbələrlə, daha səbirli və anlayışla davranmalıyıq. Onlar hələ prosesin başlanğıc mərhələsindədirlər. Onları ruhdan salmamalıyıq. Mənim rəhbərlik etdiyim qruplarda da tələbələr mühazirələrə çox yaxşı hazırlaşırlar, dinləyirlər, suallar verirlər, fikirlərini ifadə edirlər. Ümumilikdə vəziyyət müsbətdir.
- Xaricdə təhsil almaq istəyən gənclərə hansı məsləhətləriniz olardı?
- Mən hesab edirəm ki, mümkün qədər çox azərbaycanlı gənc xaricdə təhsil almalıdır. Çünki bu gün obyektiv reallıq ondan ibarətdir ki, yeniliklər və texnoloji inkişaflar əsasən inkişaf etmiş ölkələrdə formalaşır. Ona görə də əgər yaxşı mühəndis, həkim və ya digər sahələr üzrə peşəkar olmaq istəyirlərsə, mütləq bu mühitin içində olmalıdırlar.
İlk növbədə zəhmətdən, çətinlikdən və əziyyətdən qorxmaq lazım deyil. Başlanğıcda bir neçə ay çətin ola bilər, amma sonradan həm təhsil, həm də həyat bu ritmə uyğunlaşır.
İkincisi, orada da milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideologiyasını qorumaq vacibdir. Harada olmağımızdan asılı olmayaraq, biz azərbaycanlıyıq və bu kimliyi qorumalıyıq.
Digər bir vacib məqam isə ondan ibarətdir ki, tələbələr mütləq “part-time” işləməyə çalışmalıdırlar. Təhsildən sonra ofisiantlıq, satış və ya digər sahələrdə işləmək insanı həm maddi, həm də sosial baxımdan formalaşdırır, əmək intizamı qazandırır.
- İngilis dilinə olan marağınız sizi bu səviyyəyə gətirib, yoxsa müəyyən peşə və karyera hədəfləri dil öyrənməyinizə səbəb olub?
- Anam istəyirdi ki, həkim olum və həmişə deyirdi ki, “həkimlik qızıl qolbaq kimidir, harada getsən səninlə olacaq”. Amma mən hüququ seçdim və birinci kursdan artıq qərar vermişdim ki, diplomat olacağam və Xarici İşlər orqanlarında çalışacağam. Hətta dördüncü kursda Xarici İşlər Nazirliyində iki aylıq təcrübə də keçmişəm.
O dövrdə ölkəmizə qarşı olan haqsızlıqlar məni çox təsirləndirirdi. Magistr dissertasiyam da “Beynəlxalq hüquqda təcavüz problemi” mövzusunda idi. Kəlbəcərli olmağım və ailəmin yaşadığı itkilər də bu hissləri daha da gücləndirirdi.
Məqsədim diplomat olmaq və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək idi. Buna görə də dillərə xüsusi önəm verirdim. Fransız dilini C1 səviyyəsində bilirdim, hətta bir müddət ivrit dili kursuna da getmişdim.
Bu dilləri öyrənməyimin əsas səbəbi bir azərbaycanlı kimi ölkəmi beynəlxalq təşkilatlarda layiqincə təmsil etmək arzusu idi və dil bacarığım da məhz bu məqsədlərdən formalaşmışdır.