Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Belə ki, imtahanda maksimum nəticə əldə edənlərdən biri də Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14
saylı tam orta məktəbin şagirdi Əli Cəfərlidir.
Bu münasibətlə AzEdu.az həmin şagirdlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Əli qeyd edib ki, imtahandan yüksək nəticə əldə edəcəyini gözləyirdi:
"Açığı, yüksək nəticə gözləyirdim. İmtahandan çıxandan sonra da özümə inanırdım. Sadəcə açıq suallarla bağlı bir qədər tərəddüdüm var idi. Hazırlıqlara da getmişdim və bunun nəticəmə böyük təsiri oldu. Ümumiyyətlə, fənlər üzrə ciddi çətinlik çəkmədim. Daha çox vaxt bölgüsündə çətinlik yaşadım. Xüsusilə Azərbaycan dili üzrə mətnlərin açıq suallarında bir qədər vaxt itkisi oldu. İmtahanı bitirəndə son 15 dəqiqə qalırdı. Amma sualların ümumi səviyyəsi mənə görə yaxşı idi.
Gələcəkdə əsas hədəfim xaricdə təhsil almaqdır. Universitet seçimi ilə bağlı hələ tam qərar verməmişəm. İxtisas olaraq isə kiber təhlükəsizliyə maraq göstərirəm. Uşaq yaşlarımdan kompüterlərə və internet dünyasına marağım olub. Kompüter sistemləri ilə məşğul olmaq mənə həmişə maraqlı gəlib. Ona görə də bu sahəni seçmək istəyirəm".
"11-ci sinifdə də yüksək nəticə göstərəcəyimə inanıram",- deyə o, fikrinə əlavə edib:
"Amma yenidən tam 300 bal olub-olmayacağını zaman göstərəcək. Məncə, uğurun əsas sirri dərsləri düzgün və planlı şəkildə oxumaqdır. İmtahana hazırlaşdığım müddətdə dərslərlə yanaşı başqa fəaliyyətlərlə də məşğul olurdum. Vaxt baxımından çətin olsa da, mövzulara yaxşı yiyələnmək nəticəyə çox təsir edir.
Mənə ən böyük motivasiyanı valideynlərim verirdi. Onların mənim yüksək nəticə toplamağımı istəməsi mənim üçün əlavə stimul idi. Qarşıma məqsəd qoymuşdum ki, onların etimadını doğruldum. İmtahanda demək olar ki, həyəcan yaşamadım. Çünki bundan əvvəl də bir çox sınaq və müxtəlif imtahanlarda iştirak etmişdim. Bu da həm texniki səhvlərin azalmasına, həm də özüməinamın artmasına kömək etdi. Əvvəllər texniki səhvlərim olurdu, amma sınaq imtahanları bu baxımdan mənə çox kömək etdi.
Nəticəmi isə basketbol yarışından qayıdanda öyrəndim. Dostum mənə imtahan nəticələrinin açıqlandığını dedi. Özüm baxa bilmədiyim üçün iş nömrəmi atama göndərmişdim. Atam nəticəni SMS vasitəsilə öyrənib şəklini mənə göndərdi. Baxanda gördüm ki, bütün fənlərdən 100 bal toplamışam. Çox sevindim. Sevincimi ilk olaraq basketbol komanda yoldaşlarımla bölüşdüm, onlar da məni təbrik etdilər. Yüksək nəticə toplamağımda valideynlərimin və müəllimlərimin rolu böyükdür. Onlara təşəkkür edirəm".