AzEdu.az bu mövzu ilə bağlı imtahanda iştirak edən şagirdlərlə həmsöhbət olaraq onların təəssüratlarını öyrənib.
İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbin şagirdi Gümüş Ziyadova bildirib ki, imtahana tarix fənni ilə başlayıb və 28 sualı düzgün cavablandırıb.

“Tarix suallarını çətin gözləsəm də, imtahanda mənə asan gəldi. Mənim üçün tarix fənni çətin olmadı, əksinə, rahat şəkildə həll etdim və qısa vaxtda bitirib digər fənlərə keçdim. Digər illərlə müqayisə etdikdə isə hər üç fənnin nisbətən asan olduğunu düşünürəm.
Suallarda proqramdan kənara çıxılmayıb. Sadəcə şagirdlərin vaxtı düzgün bölə bilmədiyini düşünürəm. Ola bilsin ki, bəziləri həmin fənnə daha az vaxt ayırıblar. Mənə asan görünən suallar başqaları üçün çətin ola bilər. Suallar əsasən bilik tələb edirdi, məntiqə əsaslanan suallar isə az idi. Tarixdə situasiya sualı əvvəlki illərdə daha yuxarı mövzulardan düşürdü, bu il isə daha aşağı mövzulardan idi və bu, sevindirici hal idi".
İsmayıllı rayon Elşad Bayramov adına Talıstan kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Ramal Ağamirzəyev bildirib ki, blok imtahanına gedəndə belə olacağını gözləməyib:

“Mən blok imtahanında Tarix fənnindən 29, Azərbaycan dili fənnindən 29.5, Ədəbiyyat fənnindən isə 22 düzgün cavab yazmışam. Keçən ilə nisbətən tarix fənninin sualları daha asan idi. Lakin Azərbaycan dili fənninin sualları vaxt aparan, ədəbiyyat fənninin sualları isə mənə görə bir qədər çətin idi.
Tarix fənnindən 30 bal toplaya bilərdim, lakin kiçik bir diqqətsizliyə görə bildiyim bir sualı səhv cavablandırdım. Ümumilikdə tarix sualları diqqət tələb edən suallar idi və hamısı keçdiyimiz mövzulardan düşmüşdü. Əslində bu, oxuyan şagird üçün normaldır. Əziyyət çəkən hər kəs sonda öz nəticəsini görəcək. Sadəcə düzgün və sistemli hazırlaşmaq lazımdır".
Aqil Məmmmədov adına Diyallı kənd tam orta məktəbinin şagirdi İbrahim Şabanovun sözlərinə görə, tarix fənnin çətin olması fikri ilə razı deyil:

“Tarixin çətin olması fikri ilə razı deyiləm. Keçən ilə nisbətən bu il daha rahat idi. Proqramdan kənar heç nə yox idi, sadəcə sualların həcmi böyük idi. Əzbər yox, diqqət tələb olunurdu. Çətinlik suallarda deyil, şagirdlərin vaxtı çatdıra bilməməsində idi.
Mənim üçün imtahanın əsl sürprizi coğrafiya fənni oldu. Suallar həm çox uzun idi, həm də kifayət qədər düşündürücü idi. Qayda əzbərləməklə yazmaq olmurdu, məntiq tələb edirdi. Bizi ən çox yoran və vaxtımızı aparan da elə coğrafiya oldu. Riyaziyyat isə normal idi, səviyyəsi keçən illə eyni qalmışdı. Tarix və riyaziyyat mənim üçün nisbətən rahat keçdi. Görünən odur ki, DİM artıq quru əzbərçilik istəmir, suallar daha çox mətn və xəritə üzərində qurulub. Gələn il hazırlaşanlara məsləhətim odur ki, bol test işləyib sürətlərini artırsınlar.
Sonda bir şeyi mütləq vurğulamaq istəyirəm: bu gün bəzi suallara “rahat idi” deyə bilirəmsə, buna görə birinci növbədə hazırlıq müəllimlərimə borcluyam. Onların verdiyi düzgün istiqamət və xüsusi yanaşmalar sayəsində imtahanda suallar mənə daha tanış gəldi. Bütün müəllimlərimə təşəkkür edirəm".