Azedu.az

İmtahan narazılıqlarına CAVAB: “Tarix çətin deyildi, hazırlıq zəif idi”

Müəllimlər və elm adamları

29 May 2026, 11:52
İmtahan narazılıqlarına CAVAB: “Tarix çətin deyildi, hazırlıq zəif idi”

“Tarix fənni üzrə II və III ixtisas qruplarında bu ilki imtahan sualları ötən illərlə müqayisədə daha çətin olmayıb, əksinə, normal səviyyədə hazırlanıb. Çünki ümumi sual tərtibatında asan, orta və çətin suallar müəyyən balans əsasında qruplaşdırılır. Düşünürəm ki, bu balans bu il də qorunub".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Qəbələ rayonu, Məmmədağalı kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, “Örnək müəllim” Elşad Abdurəhmanov bildirib.

O, qeyd edib ki, xüsusilə ikinci qrup abituriyentlərində belə bir problem yaranır:

184031

“Onlar əmsalı 1,5 olan ixtisaslara üstünlük verdikləri üçün coğrafiya və riyaziyyata daha çox vaxt ayırır, tarixi isə daha qısa müddətdə öyrənməyə çalışırlar. Bu zaman da vaxt bölgüsündə çətinlik yaşayırlar. Əslində, bunu əvvəlcədən sınaq imtahanlarında məşq etmək lazımdır. Amma III qrup şagirdləri üçün düşünürəm ki, suallar ümumilikdə çətin olmayıb.

Sualların ümumi səviyyəsinə gəlincə isə hesab edirəm ki, tapşırıqlar yalnız faktoloji xarakter daşımamalıdır. Daha çox abituriyentlərin həm biliyini, həm də məntiqi təfəkkürünü ölçməlidir. Bu ilki sual tərtibatında da buna xüsusi diqqət yetirildiyi hiss olunur. Düşünürəm ki, sualların səviyyəsi normal idi. Abituriyentlərin dediyi kimi “çox çətin” suallar deyildi. Yəni tarix fənni üzrə sualların çətin olması barədə fikirlərlə tam razı deyiləm".

Təbii ki, suallar müəyyən qədər analiz tələb etməlidir. Əgər məntiqi təfəkkür, diqqət və düşünmə qabiliyyəti yoxlanılırsa, bu qaçılmazdır”, - deyə həmsöhbətimiz fikrini davam etdirib:

“Amma çaşdırıcı suallar olmamalıdır. Hesab edirəm ki, sual müəllifləri və komissiya üzvləri də bundan mümkün qədər qaçmağa çalışıblar. Deməzdim ki, suallar keyfiyyətsiz idi. Əksinə, əvvəlki illərlə müqayisədə faktoloji suallardan uzaqlaşma bu il daha aydın hiss olunurdu.

Proqramdan kənar materiallara gəldikdə isə, əslində proqramdan kənar heç bir sual olmayıb. Suallarda əhatə olunan bütün mövzular qəbul proqramı və “Abituriyent” jurnalında göstərilən mövzularla tam üst-üstə düşürdü. Üstəlik, 2026-cı il üçün təqdim olunan model testlər də jurnalda paylaşılmışdı və imtahan sualları həmin nümunələrdən ciddi şəkildə fərqlənmirdi. Hətta əvvəlki ilin çətin test tapşırıqlarının izahları da təqdim olunmuşdu.

Bunları ardıcıl və düzgün şəkildə izləyən abituriyentlər üçün suallar o qədər də çətin deyildi. Ümumiyyətlə, bütün abituriyentlərin sualları yüz faiz cavablandırması kimi bir gözlənti də yoxdur. Hər kəs öz bilik və bacarığı səviyyəsində nəticə göstərir.

Ən vacib məqamlardan biri isə odur ki, suallar çətin də olsa, asan da olsa, bütün abituriyentlər üçün şərtlər eynidir. Məsələn, çətin imtahanda ən yüksək nəticə göstərən abituriyent 30 sualdan 28-ni düzgün cavablandıra bilər, normal səviyyəli imtahanda isə bütün sualları doğru yaza bilər. Daha zəif nəticə göstərən biri isə əvvəl 15 düzgün cavab verirdisə, indi 16-17 düzgün cavab yaza bilər. Yəni şərtlər hər kəs üçün eynidir və bunu nəzərə almaq lazımdır.

Ümumilikdə isə müəllim olaraq sual tərtibatı ilə bağlı ciddi narazılığım yoxdur. Abituriyent hazırlığında istifadə olunan əsas mənbələrdən biri Dövlət İmtahan Mərkəzinin test bankıdır. Həmin test bankında uyğun test nümunələri kifayət qədərdir və imtahanda da onlardan kənar test tipindən istifadə olunmayıb".

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox