Azedu.az

Azərbaycan universitetləri əcnəbilərin diqqətində - WUF13-dən REPORTAJ

Müsahibə və reportajlar

22 May 2026, 12:32
Azərbaycan universitetləri əcnəbilərin diqqətində - WUF13-dən REPORTAJ

Bakıda BMT-nin İnsan Məskunlaşması Proqramının təşkilatçılığı ilə keçirilən Dünya Şəhərsalma Forumuna (WUF13) bu gün yekun vurulacaq.

Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar urbanizasiya, dayanıqlı şəhərlər və gələcəyin yaşayış modelləri ilə bağlı müzakirələr apararkən, forum çərçivəsində qurulan tələbə stendləri də xüsusi maraq doğurur. Burada müxtəlif ölkələrin gəncləri və təhsil nümayəndələri öz universitetlərini təqdim edir, təcrübə və fikir mübadiləsi aparırlar.

Qeyd edək ki, Azərbaycan universitetləri də WUF13-də fəal şəkildə təmsil olunur. Ali təhsil müəssisələri stendlər vasitəsilə həm yerli, həm də əcnəbi tələbələrə təhsil proqramları, qəbul imkanları və beynəlxalq əməkdaşlıq layihələri barədə məlumat verirlər.

Bu təşəbbüs ziyarətçilərə Azərbaycan ali təhsil sistemi ilə yaxından tanış olmaq imkanı yaradır.

Bu münasibətlə AzEdu.az forumda iştirak edən universitetlərin stendləri ilə tanış olduq, onların təqdim etdikləri innovativ layihələr, sosial təşəbbüslər və gələcəyə dair baxışları ilə maraqlandıq.

Forum ərazisində qurulan stendlər arasında texnologiya, ekoloji həllər, ağıllı şəhər modelləri, sosial inklüzivlik və rəqəmsal inkişaf istiqamətində hazırlanmış layihələr xüsusi diqqət çəkirdi.

Tələbələr burada yalnız nəzəri biliklərini deyil, həm də praktik bacarıqlarını nümayiş etdirərək qonaqlara layihələrinin mahiyyəti barədə ətraflı məlumat verirdilər.

Xüsusilə Azərbaycan universitetlərini təmsil edən gənclərin təqdimatları xarici iştirakçıların da marağına səbəb olub.

Tələbələr bildiriblər ki, belə beynəlxalq platformalarda iştirak etmək onlara həm yeni əlaqələr qurmaq, həm də ideyalarını dünya ictimaiyyətinə təqdim etmək imkanı yaradır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin mütəxəssisi Günel Cəlilova bildirib ki, forumda iştirakın əsas məqsədi universitetin beynəlxalq proqramlarını və təhsil imkanlarını xarici tərəfdaşlara təqdim etməkdir:

183646

“Biz burada universitetimizin beynəlxalq əlaqələrini genişləndirmək, proqramlarımızı və ixtisaslarımızı tanıtmaq üçün iştirak edirik. Ziyarətçilərə məlumat veririk ki, universitetimiz beynəlxalq reytinqlərdə yüksək mövqedə qərarlaşıb. MBA proqramımız dünya üzrə 201-250-ci yerlər aralığındadır.

183651

Elmi jurnallarımız Scopus bazasında indekslənib. Ən çox maraq göstərilən istiqamətlər isə magistr proqramları və ətraf mühit dizaynı ixtisasıdır”.

O qeyd edib ki, forumda universiteti təxminən 100 könüllü tələbə təmsil edir.

Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşı Hüseyn İmanov isə forumda iki innovativ startap layihəsi ilə təmsil olunduqlarını deyib:

183648

“Layihələrdən biri çirkab və yağış sularının toplanaraq təmizlənməsi ilə bağlıdır. Digəri isə tarixi abidələrin qorunmasına xidmət edir.

Tələbələrimizin laboratoriya şəraitində hazırladığı xüsusi gel vasitəsilə abidələrdə yaranan çatların qarşısı alınır.

183650

Bununla yanaşı, universitetimizin təhsil imkanları, xarici tələbələr üçün yaradılan şərait və beynəlxalq fəaliyyəti barədə də qonaqlara məlumat veririk".

183644

Forumda iştirak edən universitetlərdən biri də Qarabağ Universitetidir.

183647

Universitetin Tələbələrlə iş mərkəzinin böyük mütəxəssisi Lamiyə Məmmədova bildirib ki, stend yerli və xarici qonaqların diqqətini xüsusilə cəlb edir:

183649

“Qarabağ Universitetinin yeni yaranması, Xankəndidə yerləşməsi və şəhərin sosial həyatına verdiyi töhfələr qonaqların ən çox maraqlandığı məsələlərdəndir. 

Forumun əsas mövzularından biri dayanıqlı və təhlükəsiz şəhərlərin qurulmasıdır. Qarabağ Universiteti də məhz insan kapitalının formalaşmasına və sosial mühitin inkişafına töhfə verir”.

O əlavə edib ki, universitetin kampus sistemi, tələbə yataqxanaları və yeni yaradılan fakültələr gələcək inkişaf strategiyasının əsas hissəsidir.

UNEC tələbəsi Kənan Dadaşov isə forumun onun üçün yeni ünsiyyət və təcrübə platforması olduğunu bildirib:

183653

“Burada xarici vətəndaşlarla ünsiyyət qurmaq, müxtəlif stendlərlə tanış olmaq mənim üçün maraqlı oldu. Xüsusilə insanların ölkəmizə olan müsbət münasibəti və gülərüz yanaşması diqqətimi çəkdi”.

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Lalə Hümbətova da forum barədə müsbət təəssüratlarını bölüşüb:

183635

“Bu gün ilk dəfədir WUF-da iştirak edirəm. Müxtəlif ölkələrin stendləri ilə tanış oldum, onların layihələri və ideyaları ilə maraqlandım. Burada yeni dünya üçün təqdim olunan ideyaları görmək mənim üçün çox maraqlı idi”.

Azərbaycan Tibb Universitetinin (ATU) digər tələbəsi Ləman Soltanova isə forumda fərqli ölkələrdən olan insanlarla eyni mühitdə olmağın maraqlı təcrübə olduğunu vurğulayıb:

183636

“Burada müxtəlif layihələri izləmək və fərqli ölkələrdən olan insanları bir arada görmək çox maraqlıdır. Xüsusilə yaradıcı fəaliyyətlər və rəsm təşəbbüsləri diqqətimi çəkdi”.

183633

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və Şəhərsalma kafedrasının müəllimi Nərgiz Zakirova bildirib ki, forumda tələbələrin urbanistika və memarlıq layihələri nümayiş etdirilir:

183639

“Burada tələbələrimizin gələcəyin şəhərləri ilə bağlı ideyalarını təqdim edirik. Belə beynəlxalq platformada universitetimizi və Azərbaycanı təmsil etmək bizim üçün qürurvericidir”.

Universitetin tələbəsi Nəimi Azaylı isə “Pətək” adlı konseptual layihə haqqında danışıb.

O, qeyd edib ki, layihəni Memarlıq və Şəhərsalma fakültəsinin memarlıq ixtisasının birinci kurs tələbəsi Ağa Xəlil Yunusov, Mühəndislik Universitetinin Memarlıq və Şəhərsalma fakültəsinin birinci kurs tələbəsi Elvin İsayev, Bakı Mühəndislik Universitetinin Memarlıq və Şəhərsalma fakültəsinin memarlıq ixtisasının birinci kurs tələbəsi Mirzəyeva Fatimə ilə birgə hazırlayıb:

183640

“Layihəmiz arı pətəyindən ilhamlanıb. Bu konsept birlik, dayanıqlıq və ağıllı şəhər ideyasını özündə birləşdirir. Biz inanırıq ki, gələcəyin şəhərləri yaşıl, rahat və insan yönümlü olmalıdır”.

183638

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Xədicə Quluzadə Səbinə Zeynalova isə Qobu qəsəbəsi üçün hazırladıqları şəhərsalma layihəsini təqdim ediblər.

183629

Layihədə qurumuş gölün bərpası, yaşayış və sənaye zonalarının ayrılması, park və yaşıllıq ərazilərinin yaradılması, eləcə də nəqliyyat infrastrukturunun düzgün planlaşdırılması nəzərdə tutulur.

Tələbələr bildiriblər ki, layihənin əsas məqsədi həm ekoloji balansı qorumaq, həm də funksional və dayanıqlı şəhər modeli formalaşdırmaqdır.

183657

Forum yalnız panel müzakirələri və rəsmi çıxışlarla deyil, həm də tələbələrin enerjisi, kreativ yanaşmaları və gələcəyə dair baxışları ilə yadda qaldı. Müxtəlif universitetlərin stendlərində nümayiş olunan layihələr, iştirakçıların urbanizasiya və dayanıqlı şəhərlərlə bağlı təqdim etdikləri innovativ ideyalar forum ərazisini adeta canlı bir gənclik platformasına çevirmişdi.

Bir tərəfdə ağıllı şəhər modelləri, ekoloji həllər və şəhərsalma layihələri nümayiş etdirilir, digər tərəfdə isə tələbələr xarici qonaqlarla ünsiyyət quraraq öz ideyalarını beynəlxalq auditoriyaya təqdim edirdilər.

Forum boyunca fərqli ölkələrdən olan insanların eyni məkanda fikir mübadiləsi aparması, tələbələrin öz universitetlərini böyük həvəslə təmsil etməsi və gələcəyin şəhərləri haqqında müzakirələr tədbirə xüsusi rəng qatırdı.

Xüsusilə Azərbaycan universitetlərini təmsil edən gənclərin hazırladığı layihələr xarici iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tələbələrin təqdim etdiyi konseptlər bir daha göstərdi ki, gələcəyin şəhərləri yalnız memarlar və mühəndislər tərəfindən deyil, eyni zamanda ideyaları, təşəbbüsləri və baxışları ilə gənclər tərəfindən formalaşdırılacaq.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox