Qanunvericiliyə əsasən, şagird və tələbələrin həm keyfiyyətli təhsil almaq, həm də təhsil prosesində təhlükəsiz və sağlam mühitdə iştirak etmək hüquqları var.
Eyni zamanda onların təhsil prosesi ilə bağlı müəyyən vəzifələri də mövcuddur.
AzEdu.az-ın “Təhsil haqqında” Qanuna istinadən verdiyi xəbərə görə, təhsilalanların hüquq və vəzifələri qanunvericiliklə tənzimlənir və bütün təhsil müəssisələrində bərabər şəkildə tətbiq olunur.
Təhsilalanların əsas hüquqları hansılardır?
- Təhsil müəssisəsini, ixtisası, təhsilalma formasını və tədris dilini sərbəst seçmək;
- Sağlam mənəvi-psixoloji mühitdə keyfiyyətli təhsil almaq;
- Təhsil müəssisəsinin kitabxana, laboratoriya, idman və digər infrastrukturlarından istifadə etmək;
- Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
- Fasiləsiz təhsil almaq;
- Təhsil müəssisəsini və ixtisasını dəyişmək;
- Akademik məzuniyyət götürmək;
- Biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
- Təhsil prosesinin idarə olunmasında iştirak etmək və sərbəst fikir bildirmək;
- Olimpiada, müsabiqə, seminar və layihələrdə iştirak etmək;
- Ödənişsiz psixoloji yardım almaq;
- Dövlət və bələdiyyə məktəblərində dərsliklərlə pulsuz təmin olunmaq hüququna malikdirlər.
Təhsilalanların hansı vəzifələri var?
- Dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməli;
- Dərslərdə müntəzəm iştirak etməli və tapşırıqları vaxtında yerinə yetirməli;
- Sağlam həyat tərzi keçirməli;
- Müəllimlərin və pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalı;
- Təhsil müəssisəsinin daxili qaydalarına əməl etməli;
- Etik davranış normalarına riayət etməli;
- Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etməlidirlər.
Təhsilalanların hansı işlərə cəlb olunması qadağandır?
Qanunda qeyd olunur ki, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan iş və tədbirlərə cəlb edilməsinə yol verilmir. Bu yalnız qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar istisna olmaqla mümkündür.