Bu gün sizə Sabirabad şəhəri N. Nərimanov adına 2 nömrəli beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyinin daha bir istedadlı şagirdindən bəhs edəcəyik.
Onu bizə müəllimi tövsiyə edib. Müəllimi bildirib ki, Zivər həm savadlı və məsuliyyətli şagirddir, həm də çox yaxşı qələmi var. O, hekayələr yazır və ədəbiyyata xüsusi maraq göstərir.
Zivər Əsədli 9-cu sinif şagirdidir. O, yaxın günlərdə keçirilən buraxılış imtahanında 246 bal toplayıb. Dərslərində uğurlu olan Zivər həm kitab oxumağı, həm də hekayələr yazmağı sevir.
Müsahibəni təqdim edirik:
- Kitab oxumağı çox sevdiyini dedin. Daha çox hansı janrlara üstünlük verirsən?
- Ən çox detektiv janrını oxumağı sevirəm.
- Bəs ən sevdiyin yazıçı kimdir?
- Artur Konan Doyl.
- Azərbaycanlı detektiv yazıçılardan kimləri oxumusan?
- Elxan Elatlını oxumuşam, amma düzü, çox da xoşuma gəlməyib.
- Hansı əsərini oxumusan?
- “Yeddinci mərtəbədəki qətl” əsərini oxumuşam. Mənə tam xitab etmədi deyə başqa əsərlərini oxumadım. Amma gələcəkdə digər kitablarına da şans vermək istəyərəm.
- Hekayə yazmağa nə vaxt başlamısan? İlk yazdığın hekayə nədən bəhs edirdi?
- 7-ci sinifdən hekayələr yazmağa başlamışam. İlk hekayəm cəmiyyət tərəfindən qəbul olunmayan bir qızın inkişafından bəhs edirdi. Açığı, uğurlu alınmamışdı. O vaxtlar yazı üslubum, təsvirlərim tam formalaşmamışdı. Amma mövzu maraqlı idi. Gələcəkdə həmin ideyanı yenidən işləmək istəyirəm.
- Həm dərslərdə uğurlu olmaq, həm də hekayə yazmaq arasında balansı necə qoruyursan?
- Buraxılış imtahanı dönəmində dərslərə gündə təxminən 9-10 saat vaxt ayırırdım. Çox görünsə də, günə böləndə o qədər də ağır olmurdu. Həmin vaxtlarda hekayə yazmağa daha az vaxt ayırırdım, həftədə bir gün məşğul olurdum. Çünki dərslər gələcəyim və universitet həyatı üçün daha vacibdir. Hekayə yazmaq isə mənim hobbimdir.
- Gələcək planların nələrdir? Hansı ixtisas üzrə təhsil almaq istəyirsən?
- IV ixtisas qrupuna hazırlaşacağam. Gələcəkdə Azərbaycan Tibb Universitetində oxumaq istəyirəm.
- Buraxılış imtahanında yaxşı nəticə əldə etmisən. Gələcək hədəfin neçə baldır?
- Açığı, nəticəm məni tam qane etmədi. 250-dən yuxarı gözləyirdim. Gələcəkdə 11-ci sinfin buraxılış imtahanından 270 bal toplamağı düşünürəm.
- Ətrafındakılar hekayə yazdığını biləndə necə reaksiya verdilər?
- Mənfi reaksiya olmadı. Ailəm qərarıma hörmətlə yanaşdı, sadəcə dərsləri ön planda tutmağımı tövsiyə etdilər. Müəllimlərim də çox yaxşı qarşıladı. İlk olaraq dil-ədəbiyyat müəllimim oxumaq istədi və bəyəndi. Dostlarım arasında da oxuyanlar olub.
- Adətən ilk dəfə yazı yazan insanlar əsərlərini paylaşmağa çəkinirlər. Səndə necə idi?
- Tam rahat olmaq olmur. İnsan qarşı tərəfin necə reaksiya verəcəyini bilmir. Bəyənəcəkmi, yoxsa yox? Buna görə mən də çox çəkinmişəm.
- Həm hekayə yazırsan, həm də IV ixtisas qrupunu seçmisən. Bu iki fərqli istiqaməti necə birləşdirirsən?
- III qrupda özümə gələcək görə bilmədim. Amma uşaqlıqdan kitab oxumağı sevmişəm. Tibb sahəsinə marağım isə sonradan yaranıb. Ağ xalata həmişə marağım olub. Düşündüm ki, niyə hər ikisi olmasın? Həm tibb oxuyub, həm də yazı yaza bilərəm.
- Hekayələrində əsasən hansı mövzulara toxunursan?
- İnsanların duyğularını yazmağı sevirəm. İnsanlar çox vaxt bir-birinin daxilində baş verənləri görə bilmir. Mən də obrazların hisslərinə, münasibətlərinə və daxili inkişafına daha çox diqqət yetirirəm.
- Yazmaq üçün xüsusi bir mühitə ehtiyacın olur?
- Xeyr. İlhamın xüsusi vaxtı olmur. Bəzən heç yazmaq istəməyəndə belə ağlıma fikir gəlir və haradasa qeyd etməli oluram. Amma ətrafda insanlar olanda diqqəti toplamaq çətinləşir.
- Məktəbdə ən sevdiyin fənn hansıdır?
- Riyaziyyat.
- Hekayə yazmaq gələcək həyatında hansı yeri tutacaq? Kitab çap etdirmək istəyirsən?
- Bəli, istəyirəm. Düşünürəm ki, gələcəkdə həkim olsam belə, pasiyentlərlə bağlı müşahidələrimi yazmaq maraqlı olar. İnsanları müşahidə etməyi çox sevirəm. Bir çox həkimlərin kitab yazdığı kimi, mən də yazmaq istəyərəm.
- İlk yazdığın hekayə ilə indiki yazıların arasında hansı fərqləri görürsən?
- Ən böyük fərq təsvirlərdədir. Əvvəllər hadisələri çox tələsik yazırdım. Oxuyanda adi mesajlaşma kimi görünürdü. Obrazların hissləri, məkan təsvirləri çatışmırdı. İndi isə bunlara daha çox diqqət edirəm. Düşünürəm ki, davam etdiyim üçün inkişaf etmişəm.
- Həmyaşıdlarına hansı tövsiyəni verərdin?
- Sadəcə oxusunlar. Janrından asılı olmayaraq kitab oxumaq çox gözəldir. Bu vərdiş kiçik yaşdan formalaşanda insan onsuz edə bilmir.
- İndiyə qədər təxminən neçə kitab oxumusan?
- Təxminən 300-400 kitab oxumuşam, bəlkə də daha çox. Dünya ədəbiyyatından oxumadığım kitab az qalıb.
- Deməli, dünya ədəbiyyatına daha çox üstünlük verirsən?
- Bəli, daha çox dünya ədəbiyyatını sevirəm.
- Azərbaycan ədəbiyyatından kimləri oxumusan?
- Azərbaycan ədəbiyyatına çox yönəlməmişəm. Mənə elə gəlir ki, bəzi əsərlər yaşım üçün bir az ağırdır. Ona görə hələlik dünya ədəbiyyatına üstünlük verirəm.
- Sonuncu oxuduğun kitab hansıdır?
- Mark Levinin “Qorxudan daha güclü bir hiss” kitabı. Çox bəyəndim.