Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.
AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.
Bu dəfə layihənin qonağı Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Əkrəm Bağırzadədir.
O, I ixtisas qrupu üzrə hazırlaşır və hədəfi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kibertəhlükəsizlik ixtisası üzrə təhsil almaqdır.
Əkrəmin layihəsi marketlərdə qiymət etiketlərinin sürətli dəyişdirilməsini təmin edən ağıllı sistemlə bağlıdır. Bu qurğu vasitəsilə işçilərin qiymətləri əl ilə yeniləməsinə ehtiyac qalmır, dəyişikliklər mərkəzi sistem üzərindən avtomatik həyata keçirilir.
Layihə barədə geniş məlumat verən Əkrəm onun əsas məqsədini və üstünlüklərini açıqlayıb:

"Layihənin adı “Ağıllı rəqəmsal qiymət etiketləri sistemi”dir. Sistem ənənəvi kağız qiymət etiketlərini e-paper texnologiyası ilə əvəz etməyə yönəlib. Bu yanaşma mağazalarda qiymətlərin idarə olunmasını daha sürətli və effektiv etməyə imkan verir.
Layihənin əsas məqsədi qiymətlərin mərkəzi sistem vasitəsilə bir neçə saniyə ərzində avtomatik yenilənməsini təmin etməkdir. Bu, həm vaxt itkisini azaldır, həm də əməliyyat xərclərinə qənaət edir.
Bu zaman qiymətlərin əl ilə dəyişdirilməsinə ehtiyac qalmır və bütün yenilənmələr sistem üzərindən anında həyata keçirilir. Bu da insan səhvlərini minimuma endirir və kağız istifadəsini aradan qaldırır. Xüsusilə böyük mağazalarda qiymət dəyişiklikləri zamanı yaranan çətinliklərin bu sistem vasitəsilə azalacaq.
Bir çox hallarda insan səhvləri nəticəsində kassadakı qiymətlə rəfdəki qiymət arasında uyğunsuzluqlar yaranır. Düşünürəm ki, bu, həm müştərilər, həm də mağazalar üçün problem və narazılıq yaradır. Yaratdığım sistem isə bunun qarşısını alacaq".
Həmsöhbətimiz layihənin ideyasının necə formalaşdığından və hazırda hansı mərhələdə olduğunu qeyd edib:

"Qiymət dəyişikliklərinin həm vaxt itkisinə, həm də əlavə işçi xərclərinə səbəb olduğunu gördüyüm üçün bu sistemi hazırlamaq qərarına gəldim.
Layihənin ideyası tamamilə mənə məxsusdur. Hazırda isə prototipin yaradılması mərhələsindədir.
Hər etiketdə e-paper ekran, ESP32 Wi-Fi modulu və 500 mAh Li-ion batareya yerləşir. Qiymətlərin mərkəzi serverdən bir neçə saniyə ərzində yenilənir və mağaza üzrə bütün etiketlərin avtomatik şəkildə sinxronizasiya olunur.
İstifadə sahələrinə supermarketlər, apteklər, elektronika və geyim mağazaları, həmçinin anbar və logistika mərkəzləri daxildir.
Sistem üçün istifadə olunan batareyaların ömrünün təxminən 6 aydan 12 aya qədər dəyişəcək.
daha böyük batareyalardan istifadə etməklə bu müddətin artırılmasının mümkün olduğu vurğulanır. Bunun üçün əsasən Li-ion batareya texnologiyasından istifadə etməyi düşünürəm".
Ə. Bağırzadə təqdim etdiyi layihə ilə bağlı gələcək hədəflərindən söz açıb:
ÜGələcəkdə əsas hədəfim layihəni daha da inkişaf etdirərək satışa çıxarmaqdır. Böyük market və şirkətlərə sistemi təqdim edərək qiymət yenilənməsi prosesini daha sürətli və rahat şəkildə həyata keçirmələrinə kömək etmək niyyətindəyəm. Bunun üçün layihənin prototipini hazırlayıb şirkətlərə təqdim etməyi planlaşdırıram.
Hazırda reklam və təqdimat strategiyası barədə tam detallı planım olmasa da, gələcəkdə layihəni daha geniş şəkildə tanıtmağı planlaşdırıram. İlk növbədə böyük market şəbəkələri ilə əməkdaşlıq etmək istəyirəm".
Həmsöhbətimiz şəxsi maraqları və iştirak etdiyi müsabiqələrdən danışıb:

Şəxsi maraqlarıma gəldikdə isə, əsasən robototexnika ilə məşğul oluram. Bundan əlavə idmana da maraq göstərirəm və vaxtımın böyük hissəsini bu sahələrə ayırıram.
Mən robototexnika və mühəndislik sahəsində keçirilən bir çox yerli və beynəlxalq müsabiqələrdə iştirak etmişəm. “Fibonacci 2024”, “SAF 2022”, “SAF 2024”, “World Robot Olympiad 2023”, “MEB Robot 16”, “Airo 2025”, “Japan Robot Sumo” və “RoboChallenge Romania 2026” kimi yarışmalarda özümü sınamışam.

Eyni zamanda bir sıra uğurlar da əldə etmişəm. “Fibonacci 2024” yarışında “Lego Line Follower” kateqoriyası üzrə 1-ci yerə layiq görülmüşəm. “Airo 2025” müsabiqəsində “Mini Sumo” kateqoriyasında 1-ci yeri tutmuşam. “SAF 2023 First Lego League” yarışında 2-ci, “SAF 2022 First Lego League” yarışında isə 3-cü yer qazanmışam. Həmçinin “Fibonacci 2026 Mini Sumo” yarışında 2-ci yerə sahib olmuşam".