Naxçıvanda 10 may tarixində I seansda fizika və ibtidai sinif, II seansda isə ibtidai sinif ilə coğrafiya fənləri üzrə müəllimlər imtahanda iştirak ediblər.
İmtahandan bir çox müəllim maksiumum - 60 bal toplayıb.
Onlardan biri də Emine Məmmədovadır.
AzEdu.az bu münasibətlə Emine müəllimlə həmsöhbət olub.
Müəllim sertifikasiya imtahanına hazırlıq təcrübəsini bölüşüb:
“2012-ci ildən Culfa rayonunun Ərəzin kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıram. Artıq 13 ildir pedaqoji fəaliyyətlə məşğulam.
Birinci sertifikasiya imtahanında test mərhələsindən 50 bal, müsahibə mərhələsindən isə 40 bal toplamışdım. Bu dəfə isə nəticəmi artıraraq 60 bal əldə etdim. İlk imtahan pandemiya dövrünə təsadüf etdiyindən imtahanın olub-olmayacağı tam dəqiq bilinmirdi. Həmin dövrdə əsasən kurikulum istiqamətində çalışmışdım və müəyyən çətinliklər səbəbindən istədiyim nəticəni tam əldə edə bilməmişdim.
Həmçinin birinci sertifikasiya imtahanında yüksək bal toplamaq indiki qədər önəmli hesab olunmurdu. Çünki həmin dövrdə maaş artımı tətbiq edilmirdi. Bu səbəbdən həm mən, həm də digər müəllim yoldaşlarım daha çox keçid balını toplamağa fokuslanmışdıq və 30 bal əldə etməyin kifayət edəcəyini düşünürdük.
Lakin ikinci sertifikasiya mərhələsində vəziyyət fərqli oldu. Bu dəfə həm 35 faiz maaş artımı məsələsi, həm də müəllim üçün prestij və peşəkarlıq göstəricisi baxımından yüksək nəticə əldə etmək daha önəmli idi. Buna görə də müəllimlər imtahana daha ciddi yanaşdı, daha çox hazırlaşdı və yüksək nəticə toplamağa çalışdı.
Xüsusilə son bir ay ərzində həm metodika, həm də ixtisas sahəsi üzrə intensiv şəkildə çalışdım. İmtahana da özüm hazırlaşmışam".
İmtahan mənim üçün gözlədiyim qədər çətin olmadı:
“Düşünürəm ki, bu il imtahanda təqdim olunan suallar ibtidai sinif müəllimlərinin səviyyəsinə uyğun idi və sertifikasiya proqramından kənar heç bir mövzuya rast gəlinmədi. Buna görə də “suallar proqramdan kənar idi” kimi fikirlərlə razı deyiləm. İmtahana ciddi şəkildə bir ay hazırlaşdım və imtahan mənim üçün gözlədiyim qədər çətin olmadı.
Qeyd etdiyim kimi, suallar rahat idi. Ancaq buna baxmayaraq, bəzi müəllimlərin 30 bal belə toplaya bilməməsi müəyyən bilik çatışmazlıqlarının olduğunu göstərir. Həmin müəllimlərə demək istəyirəm ki, ya öz üzərlərində daha çox çalışsınlar, ya da bu sahədən uzaqlaşsınlar.
Sertifikasiya imtahanlarının keçirilməsini ümumilikdə müsbət qiymətləndirirəm. İlk dövrlərdə müəllimlər arasında müəyyən narahatlıq və etirazlar olsa da, sonradan bu prosesin faydalı tərəfləri daha çox hiss olunmağa başladı. Sertifikasiya müəllimlərin öz biliklərini yeniləməsinə, daha çox çalışmasına və peşəkar inkişafına müsbət təsir göstərir.
Müəllim olmaq istəyənlərə və hazırda bu sahədə çalışanlara tövsiyəm odur ki, daim öyrənsinlər, öz üzərlərində işləsinlər və peşələrinə məsuliyyətlə yanaşsınlar. Çünki bu gün cəmiyyətin savadlı, peşəkar və güclü müəllimlərə ehtiyacı var".
Bizim dövrümüzdə ibtidai sinif dərslikləri daha sadə idi:
Hazırda isə həm dərs vəsaitləri, həm test tapşırıqları, həm də mövzular uşaqlar üçün müəyyən qədər çətin görünə bilir. Əvvəlki dövrlərdə ibtidai sinif proqramları daha sadə idi və valideynlər uşaqlarla daha rahat məşğul ola bilirdilər. Lakin müasir dövrdə dərs tapşırıqları daha çox məntiqə əsaslandığı üçün bir çox valideynlər mövzuları tam başa düşməkdə çətinlik çəkirlər. Bu səbəbdən uşaqlar artıq birinci sinifdən əvvəl hazırlıq kurslarına və repetitor yanına göndərilir.
Hazırkı tapşırıqların çətinlik səviyyəsi əvvəlki illərlə müqayisədə müəyyən qədər artıb. Təbii ki, bütün uşaqlar eyni səviyyədə qavrama qabiliyyətinə malik olmur. Bəzən sinifdə şagirdlərin bir qismi mövzunu tez mənimsədiyi halda, digər qismi daha çox çətinlik yaşayır. Bu zaman müəllim həmin şagirdlərlə əlavə və fərdi şəkildə işləməli olur.
İndiki şagirdlər daha aktivdir və texnologiya ilə ayaqlaşa bilirlər. Lakin texnologiyaya həddindən artıq maraq bəzi hallarda uşaqların dərsə olan diqqət və marağının azalmasına səbəb olur".