Azedu.az

Ali məktəblərdə qayıb limiti ləğv oluna bilər? - “Tələbələr sui-istifadə edir”

Ali təhsil

20 May 2026, 09:10
Ali məktəblərdə qayıb limiti ləğv oluna bilər? - “Tələbələr sui-istifadə edir”

Məlumdur ki, bu gün ali məktəblərdə hər fənnin saatına uyğun müəyyən qayıb limiti tətbiq olunur. Tələbələr həmin limiti keçmədikləri halda dərslərdə iştirak etməyə bilərlər.

Ancaq bir çox müəllim hesab edir ki, 20 faizlik güzəşt yalnız qeyri-ixtisas fənlərinə şamil edilməlidir. Onların fikrincə, ixtisas fənlərində belə bir qayıb limiti olmamalıdır.

Səbəb kimi qeyd olunur ki, ixtisas fənləri üzrə qayıb limitindən tam istifadə edən tələbələr dərs proqramından geri qalır, bu isə onların mövzuları mənimsəməsində və dərsləri anlama prosesində ciddi çətinliklər yaradır. 

Məhz buna görə bəzi müəllimlər hesab edir ki, qayıb limiti yalnız qeyri-ixtisas fənlərinə tətbiq olunmalı, ixtisas dərslərində isə davamiyyət daha ciddi nəzarətdə saxlanmalıdır.

Mövzu ilə bağlı Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.

O qeyd edib ki, qayıb limitinin tətbiqi məsələsi fənnin xarakterindən asılı olaraq dəyişməlidir:

“Dünyanın bir çox qabaqcıl universitetlərində də bu yanaşma mövcuddur. Yəni bəzi fənlərdə davamiyyət məcburidir, bəzi fənlərdə isə tələbənin sərbəst öyrənmə imkanına üstünlük verilir.

Məsələn, elə nəzəri fənlər var ki, tələbə onları kitab və əlavə resurslar vasitəsilə, hətta kitabxana və ya ev şəraitində də mənimsəyə bilər. Belə hallarda dərsdə fiziki iştirak hər zaman həlledici olmaya bilər. Amma elə fənlər də var ki, onların mahiyyəti birbaşa praktika, laboratoriya işi və ya tətbiqi fəaliyyət üzərində qurulur. Bu tip fənlərdə isə auditoriyada iştirak mütləqdir.

Bakalavr səviyyəsində ümumi yanaşma kimi müəyyən davamiyyət tələbləri tətbiq olunsa da, bu məsələnin tənzimlənməsi universitetlərin elmi şuralarının səlahiyyətindədir. Yəni hər ali təhsil müəssisəsi fənnin xüsusiyyətinə uyğun olaraq həm onlayn, həm də əyani formatda iştirak qaydalarını müəyyən edə bilər”.

Qayıb limitinin olması yanlış anlaşılır və bu, dərsdən yayınmaq üçün səbəb kimi istifadə edilir:

“Burada vacib məqamlardan biri də odur ki, ümumi fənlər, məsələn, tarix və ya fəlsəfə kimi dərslər bəzən böyük qruplar üçün birləşdirilmiş şəkildə keçirilə bilər və bu, universitet üçün daha səmərəli təşkilati model yaradacaq. Amma ixtisas fənləri, xüsusilə praktik yönümlü sahələrdə, mütləq şəkildə əyani iştirak tələb edir.

Eyni zamanda tələbələrin öz yanaşması da önəmlidir. Bəzən qayıb limitinin olması yanlış anlaşılır və bu, dərsdən yayınmaq üçün səbəb kimi istifadə edilir. Halbuki təhsilin əsas məqsədi bilik əldə etmək və özünü inkişaf etdirməkdir. Əgər tələbə həmin vaxtı daha effektiv öyrənmə və inkişaf üçün istifadə edirsə, bu, müsbət haldır. Amma sadəcə vaxtın düzgün idarə olunmaması səbəbilə dərslərdən uzaq qalmaq təhsilin mahiyyətinə uyğun deyil.

Nəticə olaraq, bu məsələ vahid qayda ilə deyil, fərqli ixtisas və fənlərin xüsusiyyətinə görə tənzimlənməlidir. Məsələn, tibb kimi sahələrdə praktiki bacarıqların formalaşması yalnız auditoriya və real təcrübə ilə mümkündür. Ona görə də bu cür ixtisaslarda davamiyyət və qayıb limiti daha ciddi şəkildə tətbiq olunmalıdır”.

Moskvada SİLAHLI QARŞIDURMA! Barrikada quruldu - Kreml çalxalanır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox