Azərbaycanlı tələbələrin Şimali Kiprdə təhsili ilə bağlı müzakirələr aparılıb
AzEdu.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Bakıda keçirilən “Şimali Kipr Mədəniyyət Günü” çərçivəsində təşkil olunan mətbuat konfransında iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Şimali Kiprə ali təhsil almağa gedən tələbələrin sayı artmaqdadır və bu istiqamətdə yeni addımların atılması nəzərdə tutulur.
“Azərbaycandan Şimali Kiprə təhsil almağa gedən tələbələrlə bağlı da müəyyən addımlar atılıb. Bu məsələ ilə əlaqədar Azərbaycanın Baş naziri ilə müzakirələr aparılıb”, - deyə Üstel qeyd edib.
Baş nazir vurğulayıb ki, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi Şimali Kipr və Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.