Bu il keçirilən buraxılış imtahanlarının çətinlik səviyyəsi ötən illərlə müqayisədə daha yüksək olub. Bunu həm imtahandan sonra müəllimlərin, həm abituriyentlərin, həm də valideynlərin reaksiyalarında müşahidə etmək mümkün idi.
AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri “AzEdu Podkast”ında səsləndirib.
O bildirib ki, imtahandan dərhal sonra sualların çətinliyi ilə bağlı müzakirələr aparılsa da, əsas göstəricinin nəticələr olduğunu nəzərə alaraq cavabların açıqlanmasını gözləmək daha doğru idi:
“Nəticələr də göstərdi ki, ötən illə müqayisədə yüksək bal toplayan şagirdlərin sayı xeyli azdır. Bir il ərzində şagird kontingentinin bilik səviyyəsinin bu qədər kəskin dəyişməsi mümkün deyil. Ən yaxşı halda eyni səviyyədə qala bilər. Nəticələrdə belə ciddi fərq varsa, deməli, imtahan sualları əvvəlki illərlə müqayisədə müəyyən qədər fərqli və daha çətin tərtib olunub".
Əvvəlki illərdə buraxılış və qəbul (blok) imtahanları arasında müəyyən balans qorunurdu:
“Əvvəllər buraxılış imtahanları nisbətən asan, qəbul imtahanları isə daha çətin olurdu. Bu iki mərhələ bir-birini tarazlayırdı. Hər iki imtahan asan olarsa, nəticələr kəskin yüksələr və bu, ixtisas seçimində xaosa səbəb olar. Çünki plan yerlərinin sayı məhduddur və dəyişmir. Bu halda yüksək nəticə göstərsə də, universitetə qəbul ola bilməyən abituriyentlərin sayı artar".
Hər iki imtahanın eyni dərəcədə çətin keçirilməsi də arzuolunan deyil:
“Əgər həm buraxılış, həm də qəbul imtahanları çətin olarsa, bu dəfə də plan yerlərinin əhəmiyyətli hissəsi boş qala bilər. Buna görə də imtahanlar arasında müəyyən orta hədd qorunmalıdır. Mən inanmıram ki, bu il də həmin balans pozulub".
Tam versiyanı buradan izləyə bilərsiniz: