Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.
AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.
Layihənin budəfəki qonağı Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Zəhra Rəsulovadır.
Z.Rəsulova 4-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşır və gələcəkdə tibb sahəsində təhsil almağı düşünür. Bununla yanaşı, müxtəlif layihə və innovativ təşəbbüslərlə də maraqlanır.

Hazırda üzərində işlədiyi layihə “Zəlzələ və fövqəladə vəziyyət sistemi”dir.
Həmsöhbətimiz layihə ideyasının necə yarandığından danışıb:
“Layihəmin əsas ideyası son illərdə baş verən təbii fəlakətlər zamanı insanların məlumat almaqda və təhlükəsizlik koordinasiyası qurmaqda çətinlik çəkməsini müşahidə etməyimdən yaranıb. Bu səbəbdən istifadəçilərə real vaxt rejimində xəbərdarlıqlar göndərən, təhlükəsizlik zonaları haqqında məlumat verən və fövqəladə hallar zamanı daha sürətli kommunikasiya imkanları yaradan bir sistem hazırlamağı qarşıma məqsəd qoymuşam.
Bu mövzunu seçməkdə əsas məqsədim insanlara real fayda verən bir layihə ortaya qoymaqdır. Daha əvvəl müxtəlif texnologiya və innovasiya yönümlü layihələrdə iştirak etmişəm. Həmin təcrübələr nəticəsində belə qənaətə gəlmişəm ki, yalnız ideya irəli sürmək kifayət deyil, real problemlərə həll təqdim edən layihələr hazırlamaq daha vacibdir”.
"Layihəni mobil tətbiq formasında hazırlamağı planlaşdırıram"
“Mobil tətbiq daha əlçatan və praktik həll yolu hesab olunur. Tətbiqdə internet bağlantısı olmadıqda istifadə edilə bilən "offline" xəritə, fənər funksiyası, təhlükəsizlik siqnalları və fövqəladə hallar zamanı faydalı ola biləcək digər imkanların yer almasını nəzərdə tutmuşam.
Hazırda layihə ideya və araşdırma mərhələsindədir. Mövzu ilə bağlı məlumatlar toplamış, sistemin necə işləyəcəyi barədə araşdırmalar aparmışam və ilkin planlar hazırlamışam. Hələlik layihənin demoversiyası və ya işlək prototipi mövcud deyil”.
Hazırlayacağım sistemin əsas fərqləndirici xüsusiyyəti internet bağlantısı olmadan da bəzi funksiyaların işləyə bilməsidir:
“Bu sahədə beynəlxalq səviyyədə oxşar layihələr mövcuddur. Lakin mənim layihəmdə əsas fərqləndirici xüsusiyyət internet bağlantısı olmadan da müəyyən funksiyaların işləyə bilməsidir. Çünki təbii fəlakətlər zamanı internet və rabitə problemləri yarana bilər.
Planlaşdırdığım sistemdə istifadəçilər bir düymə vasitəsilə 112-yə zəng edə, "Mən yaxşıyam" funksiyası ilə ailə üzvlərinə və yaxınlarına qısa məlumat göndərə biləcəklər. Bundan əlavə, tətbiq istifadəçilərə yaxın ərazilərdə mövcud olan dəstək nöqtələrini tapmağa kömək edə bilər. Məsələn, su, qida, fənər, radio və digər vacib ləvazimatların yerləşdiyi məkanlar barədə məlumat təqdim olunması nəzərdə tutulur”.

O, layihənin maliyyə və texniki tərəflərinin hələ planlaşdırma mərhələsində olduğunu da qeyd edib:
“Hazırda əsas diqqətim layihənin ideyasının formalaşdırılması və funksiyalarının müəyyənləşdirilməsi üzərindədir. Layihənin inkişafı prosesində texniki mütəxəssislərin dəstəyi ilə daha funksional və faydalı bir sistem yaratmağı nəzərdə tuturam”.
“Layihənin ümumi ideyası tamamilə mənə məxsusdur”
“Bu ideyanın formalaşmasında xüsusilə Türkiyədə baş vermiş zəlzələlərin təsiri olub. Həmin hadisələri televiziya vasitəsilə izlədikdə insanların qarşılaşdığı çətinlikləri gördüm və bu mövzuda faydalı ola biləcək bir layihə hazırlamaq qərarına gəldim”.
Z.Rəsulova indiyədək bu layihə ilə hər hansı müsabiqədə iştirak etmədiyini desə də, müxtəlif fəaliyyətlərdə uğur qazandığını bildirib:
“2025-ci ildə keçirilən SAF müsabiqəsində 3-cü yerə layiq görülərək medal qazanmışam. Bundan əlavə, müxtəlif könüllülük fəaliyyətlərində iştirak etmişəm. 2 saylı ASAN Xidmətdə və "Məktəbli Könüllülər" proqramında iştirak etmişəm”.

Onun hobbiləri arasında kitab oxumaq, musiqi dinləmək və idmanla məşğul olmaq yer alır. Son zamanlar isə müxtəlif könüllülük proqramlarında və ictimai təşəbbüslərdə iştirak etməyə maraq göstərir.
“Xaricdə təhsil almaq ən böyük məqsədlərimdən biridir. Hazırda həm Azərbaycanda, həm də xaricdə ali təhsil imkanlarını araşdırıram. Xüsusilə Almaniyada təhsil almaq istəyirəm. Tibb sahəsində təhsil almağı planlaşdırdığım üçün Almaniyanı bu istiqamətdə güclü və inkişaf etmiş ölkələrdən biri hesab edirəm.
Ümumilikdə həm təhsil, həm də ictimai fəaliyyətlər sahəsində özümü inkişaf etdirməyə çalışıram. Gələcəkdə də həm akademik, həm də şəxsi inkişaf istiqamətində fəaliyyətimi davam etdirmək niyyətindəyəm”.
