Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib.
AzEdu.az xəbər verir ki, bakalavriat və magistratura təhsil səviyyələrini əhatə edən və iyulun 4-dək davam edəcək imtahan sessiyasının şəffaf, obyektiv, mövcud normativ-hüquqi tələblərə uyğun təşkili məqsədilə universitet tərəfindən bütün tədbirlər görülüb.
Tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsinin təmin olunması məqsədilə fənlər üzrə imtahanqabağı göstəricilərə dair bütün məlumatlar – dərsə davamiyyət, semestr ərzində yerinə yetirilən tapşırıqlar, sərbəst işlər, laboratoriya məşğələləri və kurs işlərinin nəticələri imtahanlardan əvvəl BMU-nun Elektron Məlumat Sisteminə daxil edilib.
Sessiya müddətində imtahan prosesinə operativ nəzarətin təmin olunması, tələbə müraciətlərinin və yarana biləcək mübahisəli məsələlərin çevik şəkildə araşdırılması məqsədilə Qərargah və Apelyasiya Komissiyası fəaliyyətə başlayıb. Bununla bağlı tələbələrə müvafiq məlumatlar təqdim olunub.
İmtahanların qüvvədə olan normativ sənədlər və təsdiq edilmiş təlimatlar əsasında keçirilməsi, eləcə də sessiya dövründə akademik dürüstlük prinsiplərinə və nizam-intizam qaydalarına ciddi riayət olunması universitet rəhbərliyinin daim diqqət mərkəzində saxlanılacaq.
Nəticələr imtahan keçiriləndən sonra operativ qaydada fənn müəllimləri tərəfindən elektron sistemə yerləşdiriləcək.
Akademik borcu qalan və üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunacaq.