https://www.zirve.edu.az/
18.01.2019 17:52
"Rəqəmsal bacarıqlar" layihəsi Londonda beynəlxalq sərgidə 

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsi 23-26 yanvar tarixlərində Londonda keçiriləcək “Bett Show 2019” təhsil texnologiyaları sərgisində təqdim ediləcək.

Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən pilot layihə üzrə görülən işlər ayrı-ayrı stendlərdə nümayiş olunacaq.

Bundan əlavə layihənin təqdimatı çərçivəsində "Rəqəmsal bacarıqlar: təhsil prosesinin ölkə daxilində dəyişdirilməsi" və "Uşaqlar üçün İT təhsili: miqyaslı  keyfiyyət" mövzularında iki seminar keçiriləcək.

Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26000 şagirdi əhatə edir.

“Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Bu il sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gələcək.

“Bett Show 2019” sərgisinin əsas mövzulardan biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.