Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 15:14:00
Paytaxt məktəbləri respublika üzrə reallaşdırılan bütün təhsil layihələrində iştirak edib

2019-2020-ci tədris ili üzrə Təhsil Nazirliyinin əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən bir sıra layihələr reallaşdırılıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, ümumtəhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti təşkil edilib. Stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 36 ümumtəhsil müəssisəsindən 536 müəllim qatılıb.

Təhsil Nazirliyi və “BP Azerbaijan” şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində paytaxtın 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.

Təhsil İdarəsinin tabeliyindəki 5 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumtəhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

BŞTİ və “British Council Azerbaijan”ın əməkdaşlığı çərçivəsində 4 ümumtəhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində “British Council” təlimçilərinin moderatorluğu ilə 4 günlük Müəllimlərin Fəaliyyət Qrupları (Teacher Activity Groups) və 2 günlük debat, əlaqə, dialoq (Debate, Negotitation, Dialogue) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.

Bundan başqa, paytaxtın 75 ümumtəhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası təşkil olunub. Aksiyada Bakı və Gəncə şəhərlərindən ümumilikdə 1757 şagird iştirak edib.

Təhsil Nazirliyi və “British Council Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi icra edilib. 2019-cu ildə layihəyə Bakı şəhəri üzrə 74 ümumtəhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 370 ingilis dili müəllimi üçün “Dil təkmilləşdirmə” təlimləri keçirilib. Həmçinin dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər paralel olaraq 2020-ci ilin yanvar ayından etibarən layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə qatılırlar.

Paytaxtın ümumtəhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüşlər keçirilib, valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.

Eyni zamanda, BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. 2019-cu təqvim ili ərzində 54 ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5 mindən artıq şagird iştirak edib.

Həmçinin ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib.

Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. Daha 22 məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Paytaxtdakı bir sıra ümumtəhsil müəssisələrində şagird idarəetmə sistemi tətbiq olunub.

Şagird idarəetmə sistemi çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə ediblər.

Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” layihəsi reallaşdırılır. Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri BŞTİ-nin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşıblar.

Paytaxtın ümumtəhsil məktəblərində mütaliə istiqaməti üzrə “Qızıl rəf”, “Ədəbi natura”, “Siz hələ də mütaliə etmirsiniz?”, “Mən oxudum, siz də oxuyun” layihələri reallaşdırılıb.

Qeyd edək ki, BŞTİ tərəfindən 2020-ci ildə də bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.