XƏBƏRLƏR

22.11.2019 15:05
100 yaşlı kollec

Sevda AXUNDOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini

XX əsrin ikinci onilliyinin sonu xalqımızın  şanlı tarix salnaməsinə qızıl hərflərlə yazıldı. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə bu şanlı tarixin əsası qoyuldu. Xalqın savadlanması və maariflənməsini prioritet istiqamət kimi qəbul edən AXC-nin qısa fəaliyyəti dövründə təhsil müəssisələrinin açılması məsələsi tarixi zərurətə çevrildi. Bu gün 100 illik şərəfli bir yol qət edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci də məhz həmin tarixi şəraitdə fəaliyyətə başladı. Yarandığı dövrdən müxtəlif adlarla fəaliyyətini davam etdirən kollec ölkənin təhsil sahəsinə sanballı töhfələrini verməkdədir. Uğurla həyata keçirilən təhsil strategiyasının diqtə etdiyi mühüm vəzifələri gündəlik fəaliyyət proqramına çevirən kollec pedaqoji kadr hazırlığı sahəsində mühüm yeniliklərə imza atır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim peşəsinə yüksək qiymət verərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb”. Dövlət başçısı bu fikirləri sentyabrın 16-da Bakıdakı 300 nömrəli tam orta məktəbin yeni tədris kompleksinin açılışında müəllimlər və valideynlərlə görüşü zamanı söyləyib.

Qeyd etməliyik ki, geniş dünyagörüşə, hərtərəfli bilik və bacarıqlara, əsl vətəndaş mövqeyinə malik gənc pedaqoji kadrların hazırlanması müasir dövrdə diqqətdə saxlanılan vacib məsələlərdəndir. Müəllimlərin peşəkar bacarıqlarının artırılması istiqamətində atılan addımlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə əsaslı zəmin yaradır. Kollecimizin pedaqoji heyəti üzərinə düşən böyük məsuliyyəti dərindən dərk edərək müxtəlif təlim proqramlarına qatılmaqla innovativ materiallara yiyələnir, bilik və bacarıqlarını artırırlar.

Tədris-təlim prosesinin yüksək səviyyədə təşkil edildiyi  ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Ailə və ev təhsili”, “Məktəbəqədər təlim və tərbiyə”, “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”, “Texnologiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi” və s. ixtisaslar üzrə pedaqoji kadrlar hazırlanır.

Kurikulumun tərkib hissəsi kimi tətbiq edilən yeni texnologiyalar, istifadə olunan müasir  yanaşmalar sinif - dərs sisteminin qurulmasında geniş imkanlar açır. İnteraktiv təlim texnologiyalarından təlim prosesində geniş istifadəsinə nail olmaqla müəllimlərimiz müasir dərs anlayışının mahiyyətinə dərindən nüfuz edə bilirlər.

Kollecimizdə müasir tələblərə uyğun qurulan tədris-təlim prosesində tələbələr əsaslı bilik və bacarıqlara yiyələnirlər. Gənclərdə nəcib əxlaqi dəyərlərin aşılanması vacib  amil kimi diqqətdə saxlanılaraq onlarda yüksək insani dəyərlər, müsbət keyfiyyətlər formalaşdırılır. Nəticədə tələbələrin intellektual səviyyələri inkişaf edir ki, bu da onların gələcək müəllimlik karyeralarında mühüm faktora çevrilir.

ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yüksək ixtisaslı kadrların hazırlanmasında vacib rol oynayan pedaqoji təcrübəyə də diqqət və tələbkarlıqla yanaşılır. Belə ki, pedaqoji təcrübədə tələbələr tədris prosesində qazandıqları elmi bilik və qabiliyyətlərini daha da təkmilləşdirmək imkanı qazanırlar. Yaradılan bu imkanlardan maksimum yararlanaraq tələbələrin yaradıcılıq qabiliyyətləri inkişaf edir, düşüncə tərzləri, sağlam yanaşmaları formalaşır. Peşə liseyləri, ümumtəhsil məktəblərində və uşaq bağçalarında dərs və məşğələlər keçirən tələbə gənclər ana dili, riyaziyyat, ətraf aləmlə tanışlıq, texnologiya, musiqi, təsviri incəsənət və s. fənləri tədris ediblər.

2018-2019-cu tədris ilində kollecimizdə rəhbərliyim və təşkilatçılığım ilə bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, “Bilik günü”, “Beynəlxalq Sülh Günü”, “Beynəlxalq Müəllimlər Günü”, “Dövlət Bayraq Günü”, “Sağlam gənclik - sağlam gələcək”, “Xocalı fəryadı”, “Çiçəkli Novruz” və s. mövzularda  keçirilən tədbirlərdə tələbələrimiz fəal iştirak ediblər.

Bildiyimiz kimi, müasir dövrün əsas çağırışlarından biri də gənclərin mütaliə mədəniyyətini formalaşdırmaqla onların kitaba marağını artırmaqdır. Məhz bu amili əsas götürərək kollecin Sosial-İqtisadi Fənn Birləşmə Komissiyasının müəllimi İlahə Məmmədovanın təşəbbüsü və mənim dəstəyimlə Sabunçu korpusunun 646-cı qrup tələbələrinin Bakı Kitab Mərkəzinə ekskursiyasını və bədii əsərlərin müzakirəsini təşkil etmişik. Eyni zamanda, tələbələr Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Qala Arxeoloji - Etnoqrafik Muzey Kompleksi, Şamaxı Astrofizika Rəsədxanasında , Qala Əntiq Əşyalar Muzeyi, “Tullantıdan sənətə” muzeyi və “Qobustan Dövlət tarixi-bədii qoruğu”nda ekskursiyada olublar. Bu kimi tədbirlər gənclərin xalqımızın maddi-mənəvi sərvətləri haqqında geniş məlumat əldə etmələri, onların vətənpərvərlik, Vətənə, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi baxımından əhəmiyyətli rol oynayır.

Gənclərimizi xalqımıza layiqli vətəndaş, hərtərəfli bilik və geniş dünyagörüşünə malik, azərbaycançılıq ideologiyasına sadiqlik ruhunda yetişdirməklə əsrin yaşıdı olan doğma kollecimizin 100 illik yubileyinə bayram töhfəmizi ərməğan etmiş olarıq.

İlin gənc müəllimi-Müraciət formu