XƏBƏRLƏR

27.10.2019 15:16
Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”

Heç kimə sirr deyil ki, yaşadığımız cəmiyyət informasiya əsri kimi tanınır. Məhz informasiya texnologiyalarının sürətli inkişafı dövründə dünya yeniliklərlə üz-üzə qalır.

İnformasiya texnologiyaları həyatımızın bir parçasına çevrildiyindən özümüzü ondan kənarda tutmağımız da qeyri-mümkündür.

Toxunacağımız məsələ isə dünyanın informasiya texnologiyalarına tərəf getdiyi bir vaxtda orta məktəblərimizdə informatika fənninə qarşı hökm sürən laqeydliklə bağlıdır.  İnformatika lazımsız fənn kimi dərs cədvəlinin axırıncı saatlarına salınır ki, bu da şagirdlərin bu fənnə maraq göstərməməsinə şərait yaradır. Halbuki, dünya təcrübəsinə nəzər yetirsək həm valideynlər, həm də müəllimlər informatika fənninin keçirilməsində maraqlıdırlar.

Bizim məktəblərdə isə bu məsələyə fərqli yanaşılır. Şagird tarixi, ədəbiyyatı dərindən mənimsəyə bilər, ancaq informatikaya yaxın gedə bilməz. Halbuki bugünkü cəmiyyətin İT mütəxəssislərinə ehtiyacı var. Çünki bu sahədə əldə edilən nailiyyətlər dünyanın dərindən öyrənilməsinə, uzaq məsafələrin yaxınlaşdırılmasına, dünya insanlarının bir araya gələ bilməsinə hesablanıb.

Məsələn, kiçik fərqə baxaq: Texnologiyanın inkişafı nəticəsində bütün dünya kiçik telefonlarımızın içinə toplaşıb. Bir informasiyanı əldə etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdur.

Belə olan halda, niyə məktəblərimiz informatika fənninə əhəmiyyət vermir?!

Üstəlik, informatika otaqları niyə  “köhnəlmir”?!

“Texnologiyanın təhsilə müsbət tərəfləri çoxdur”

AzEdu.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki,  bu gün kiçik yaşda olan uşaqlar texnologiya mhitində böyüyür:

“Texnoloji inkişaf dünya təhsil sistemində ciddi dəyişikliklərə gətirib çıxarır. Artıq taxta lövhələri elektron lövhələr, kitabları pdf-lər, qələmləri isə klaviatura əvəzləmək üzrədir. Son illərdə Azərbaycanın təhsil sistemində də texnologiyadan geniş istifadə olunur. Texnologiyanın təhsilə müsbət tərəfləri kifayət qədər çoxdur. Çünki, bu gün kiçik yaşda olan uşaqlar texnologiya mühitində böyüyür. Texnologiya onların sürətli inkişafına təsir göstərir. Onlar ətraf aləmi daha yaxşı tanıyırlar. Texnologiya mühitində böyümüş uşaqlar məktəbə qədəm qoyandan sonra, əlbəttə, onlarla işləmək rahat olmur. Ona görə də məktəblərdə texnologiyaya yanaşmanın dəyişməsi lazımdır”.

“Məktəblər tam şəkildə kompyuterlə təmin olunmayıb”

Ekspertin sözlərinə görə, texnologiyanın mənfi cəhətləri də var:

“Məsələn, hansısa bir informasiyanı əldə etmək istəyən şəxs informasiya mədəniyyətinə yiyələnmədiyinə görə, həmin informasiyanı axtarmaq əvəzinə internet axtarış sistemlərində rastına çıxan başqa bir mövzuların arxasına düşə bilər. Bu minvalla orada 7 və ya 10 saat vaxt itirir. Birdə baxır ki, ona lazım olan yox, başqa informasiyanın ardınca gedib. Əslində biz çalışmalıyıq ki, texnolgiyalardan istifadə mədəniyyəti təbliğatına üstünlük verək. Son zamanlar qəbul prosesinə baxdıqda abituriyentlərin ixtisas seçimində kompüter və IT peşələrinə üstünlük verdiklərini də görürük. Müasir dövrün tələblərinə cavab verən ixtisaslara güclü tələb var. Bu proses qəbuldan başlamalıdır. Çünki Azərbaycanda proseslərin avtomatlaşdırılması, İKT, IT, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi sahələrə kifayət qədər maraq var. Məlumdur ki, bir fənnin orta məktəblərdə zəif tədris olunması, həmin dərsliyin qəbul imtahanlarına salınmamasından irəli gəlir. Dövlət tərəfindən qayğı göstərilsə də təəssüf ki, məktəblər tam şəkildə kompüterlə təmin edilməyib. Yəni adambaşına düşən kompüter sayı yetərli deyil. Nəzərə almaq lazımdır ki, orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Məktəblərə verilən kompüterlərin bəziləri yaxşı deyil və köhnə olur. Dərsliklər tədris üçün normal vəziyyətə salınmalıdır. İnformatika fənni digər tarix və digərləri kimi tədris edilməlidir”.

Kamran Əsədov qeyd edib ki, qəbul imtahanlarına informatika fənni əlavə olunmalıdır:

“Bu gün dünyada informasiya müharibəsi aparılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da informatika sahəsinin rolu boyükdür. Mən düşünürdüm ki, I ixtisas qrupunda informatika fənninin qəbul planına salınması olduqca vacibdir. Diqqət etsəniz görəcəksiniz ki, I ixtisas qrupunda ən yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar birbaşa informatika ilə bağlıdır. Hesab edirəm ki, I ixtisas qrupu üzrə Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması, Sistem mühəndisliyi, İnformatika müəllimliyi kimi bir çox ixtisaslar var və bu ixtisaslara qəbul olanların bilik və bacarıqlarını daha da artırmaq üçün, yüksək səviyyəli mütəxəssislər hazırlanması üçün qəbul imtahanlarında informatika fənni əlavə olunmalıdır”.

İlin gənc müəllimi-Müraciət formu