Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 11:45:00
Paytaxt məktəblərində yeni müsabiqəyə start verildi

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdan ibarətdir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, iki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Hər iki mərhələ üzrə təqdimatlar münsiflər heyəti tərəfindən dinlənilir. Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.