Qadın və güc anlayışı geniş və çoxşaxəlidir. O yalnız fiziki və əqli güclə deyil, həmçinin psixoloji, sosial cəhətdən ətrafındakı insanlara dəstək olan və cəmiyyətin inkişafına töhfə verən, müxtəlif sahələrdə özünü təsdiqləyən, iş dünyasında, siyasətdə, təhsildə, ailə həyatında və bir çox digər sahələrdə töhvə verən insandır. Güclü qadın olmağın sirri zəhmət və mübarizə ilə yanaşı, daxili güc, özünə inam və məqsədlərə sadiqliklə də əlaqəlidir. Bəzi insanlar güclü qadını fiziki baxımdan güclü, digərləri sərt və qaydalarla hökm edən şəxsiyyət kimi təsəvvür edirlər. Belə qadın empatiya göstərən, zəif tərəflərini qəbul edən, amma həyat qarşısında mübarizə aparan, özünü tanıyan və başqalarına yardım etməyə sevən biridir. O, öz daxili dünyasında və xarici mühitdə tarazlıq, harmoniya yaradır. Onların ən mühüm xüsusiyyətlərindən biri öz güclərini doğru şəkildə istifadə etmələridir. Çətinliklərlə üzləşsələr də, bunu aşmaq üçün həmişə yeni yollar axtarırlar. Yalnız öz həyatlarını deyil, həm də ətrafındakı insanların həyatını da yaxşılaşdırmağa çalışırlar.
Güclü qadınlar necə olur?
1. Özünü və bacarıqlarını qiymətləndirir. O, gücünü bilir və zəifliklərini qəbul edir. Bu, həyatını idarə etməyə və qarşısına çıxan maneələri aşmağa kömək edir. Özünə inam müvəffəqiyyətli olmasının əsas amillərindən biridir.
2. Başqalarına qarşı empatiya qurur və onların hisslərini başa düşmə qabiliyyətinə malikdir. O, insanları dinləyir, dəstək olur və münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Bu xüsusiyyət onu həm şəxsi, həm də peşəkar baxımdan güclü edir.
3. Qarşısına çıxan çətinliklərə təslim olmur. Çətinliyi bir fürsət kimi görür və bundan istifadə edərək özünü daha da inkişaf etdirir.
4. Müəyyən məqsədlər qoyur və bunlara çatmaq üçün hərtərəfli çalışır. O, öz arzularından imtina etməz, mübarizə aparar və irəliləyər.
5. Özünü qorumağı bacarır. Həm fiziki, həm də emosional baxımdan sərhədlərini müəyyən edir, başqalarına da bu sərhədləri tanıdır. Onun daxili gücünü qorumasına və sağlam münasibətlər qurmasında bu xüsusiyyəti vacibdir.
Güclü qadının ailədəki rolu da çox önəmlidir. O yalnız ev işlərini idarə edən insan deyil, həm də ailə üzvlərinin emosional dəstəyini təmin edən və onlara doğru istiqamət verən şəxsdir. Bir çox qadın həm ana, həm də həyat yoldaşı olaraq çətinliklərlə mübarizə aparır, amma yenə də ailə üzvlərinin xoşbəxtliyini və rifahını təmin etməyə çalışır. Ailəsində lider kimi rolu böyükdür. O övladlarına həyatın əsas prinsiplərini öyrədir, doğru və yanlış arasındakı sərhədləri izah edir. Eyni zamanda, ailənin üzvləri arasında harmoniya və qarşılıqlı hörmət yaratmağa çalışır. Bu, cəmiyyətin inkişafında mühüm rol oynayan bir amildir, çünki sağlam ailələr sağlam cəmiyyətlərin əsasını təşkil edir. O ancaq ailə daxilində deyil, həm də sosial, iqtisadi və mədəni sahələrdə mühüm töhfələr verir. İş dünyasında, siyasətdə, elm, təhsil və mədəniyyətdə belə qadın öz nümunəsi ilə ətrafdakılara ilham verir. O, təhsil alır, müxtəlif sahələrdə uğur qazanır və cəmiyyətin daha yaxşı bir yerə çevrilməsi üçün əllərindən gələni edir. Qadınların təhsilə olan marağı dünya miqyasında artmaqdadır. UNESCO-nun məlumatlarına görə, dünyada qadınların təhsil səviyyəsi kişilərdən daha yüksəkdir. 2019-cu ildə dünyada qadınların orta məktəbə və ali təhsilə qatılma faizi kişilərdən üstün olduğu bildirilib. Dünyanın inkişaf etmiş ölkələrində qadınlar daha çox təhsil alır və sosial ixtisas sahələrində daha çox iştirak edirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada səhiyyə sahəsində çalışan insanların təxminən 70%-i qadınlardır. Azərbaycanın səhiyyə sistemində də qadınların rolu çox əhəmiyyətlidir, çünki tibbi və sosial sahələrdə qadınların iştirakı yüksək səviyyədədir.
Azərbaycan qadını da tarix boyunca müxtəlif sahələrdə öz gücünü göstərmişdir. Xüsusilə XX əsrdə qadınların təhsil alması, iş dünyasına daxil olması və siyasi hüquqlarını əldə etməs mühüm addım olmuşdur.. Azərbaycan müstəqil olduqdan sonra, qadınların sosial mövqeyinin yaxşılaşdırılması və gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox qanunvericilik və sosial islahatlar həyata keçirilmişdir.
Azərbaycanın müasir qadınları iş dünyasında, siyasətdə və ictimai həyatda aktiv iştirak edirlər. Azərbaycan qadını güclü, müstəqil və özünü təmin edən bir fərd kimi cəmiyyətdə yerini tutmuşdur. Onlar ailə ilə yanaşı, şəxsi inkişafına, peşəkar həyatına və ictimai fəaliyyətlərinə də önəm verirlər. Ənənəvi və müasir dəyərlərin birləşməsi nəticəsində, Azərbaycan qadını həm cəmiyyətin inkişafına, həm də ailəsinin rifahına töhfələr verməkdədir. O, müasir cəmiyyətin inkişafında və gələcəyin qurulmasında əsas fiqurlardan biri olaraq qalacaq. Dövlətimizin iqtisadi həyatında qadınların rolu getdikcə daha da artır. Məsələn, 2020-ci ildə Azərbaycan iş gücünün 47%-i qadınlar təşkil edirdi. Bu göstərici artmaqdadır.
Dünya üzrə qadınların siyasətdə iştirakı artmaqdadır. 2021-ci ildə BMT-nin hesabatına görə, dünyada parlamentdəki qadın üzvlərinin sayı 25% təşkil edir. Bu, 1995-ci ildən bəri iki qat artım olduğunu göstərir. Lakin hələ də qadınların dünya parlamentlərindəki iştirakı çox aşağıdır və gender bərabərliyi hələ də hədəf olaraq qalır.
Azərbaycan qadınının təhsildəki rolu, ölkənin inkişafında mühüm əhəmiyyətə malikdir. Son illər ərzində qadınların təhsil sahəsində əldə etdiyi nailiyyətlər, onların cəmiyyətdəki mövqeyinin güclənməsinə, eyni zamanda ölkənin sosial-iqtisadi inkişafına töhfə verməyə imkan yaradıb. Təhsil qadınların sosial müstəqilliyini və cəmiyyətdəki gücünü artıran vacib faktorlardan biridir. Azərbaycanın müasir qadınları, təhsil sahəsindəki uğurları ilə yalnız öz həyatlarını deyil, həm də ölkənin gələcəyini formalaşdırmağa böyük təsir göstərirlər. 2020-ci ilin göstəricilərinə görə, Azərbaycanda ali təhsil alan tələbələrin 60%-i qadınlardır. Bu rəqəm, qadınların ölkənin təhsil sistemindəki mühüm yerini və onların akademik sahələrdəki uğurlarını əks etdirir. Təhsil səviyyəsinin yüksəlməsi ilə yanaşı, qadınların iş dünyasında, siyasətdə və elmdə iştirakları da artmışdır.
Azərbaycanın müasir qadınları təkcə humanitar sahələrdə deyil, həm də təbiət elmləri, mühəndislik, texnologiya və digər sahələrdə də uğurlar qazanır. Qadınların təhsili, onların həm sosial, həm də iqtisadi baxımdan müstəqil olmasına, vəzifə və rəhbərlik mövqelərində yer almasına imkan yaradır. Beləliklə, qadınların təhsil alması yalnız onların özləri üçün deyil, bütövlükdə cəmiyyət üçün də faydalıdır.
Qadınların təhsili, sadəcə onların öz həyatlarındakı dəyişiklikləri deyil, həm də cəmiyyətin inkişafını təmin edir. Təhsilli qadınlar, ailələrinin təhsil səviyyəsini yüksəldir, uşaqlarına düzgün yön verməklə onların gələcəyini daha sağlam şəkildə qururlar. Təhsilli qadınlar cəmiyyətə daha çox töhfə verir, sosial və mədəni həyatda aktiv iştirak edirlər. Onlar, həmçinin digər qadınları da təhsil almağa təşviq edərək, sosial ədalətin və bərabərliyin təmin olunmasına töhfə verirlər.
Bundan əlavə, qadınların təhsili ölkənin iqtisadiyyatına müsbət təsir edir. Təhsilli qadınlar iş dünyasında daha yaxşı mövqelərə sahib olur, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Bu, Azərbaycan iqtisadiyyatının inkişafına və cəmiyyətin rifahının artırılmasına kömək edir.
Azərbaycan qadınının təhsildəki rolu gün keçdikcə daha da artmaqdadır. Onlar təhsil alaraq həm öz həyatlarını yaxşılaşdırır, həm də ölkənin inkişafına müsbət təsir göstərirlər. Qadınların təhsil səviyyəsinin artması, onların iş həyatında, ictimai həyatda və sosial sahələrdə daha aktiv olmalarına imkan verir. Təhsil, Azərbaycan qadınının sosial və iqtisadi müstəqilliyini təmin edən, cəmiyyətin inkişafına yön verən əsas amildir. Buna görə də qadınların təhsilinə dəstək vermək və onların təhsil sahəsindəki iştirakını artırmaq cəmiyyətin hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Şəxsi inkişaf üzrə kouç,
təlimçi, marker, mentor, müəllim, “Müasir metodist” layihəsinin metodisti,
yazar, “Özünə Yox De” kitabının müəllifi
Nigar Mahi