Azedu.az

Alimlər: Ev pişikləri Çinə 1400 il əvvəl İpək Yolu ilə gəlib

Müəllimlər və elm adamları

10 Mart 2025, 15:40
Alimlər: Ev pişikləri Çinə 1400 il əvvəl İpək Yolu ilə gəlib

Çində ev pişiklərinin peyda olması indiyədək sirr olaraq qalır. İlk ev pişikləri Çində təxminən 1400 il əvvəl - qədim pişik DNT-sinin təhlilinə əsasən, məşhur İpək Yolu ticarət marşrutu boyunca meydana çıxıb.

AzEdu.az xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırmaya görə, Şərqi Asiyada ev pişiklərinin peyda olması əvvəlki təxminlərdən bir neçə yüz il sonraya təsadüf edir. Görünür ki, pişiklər dərhal yerli elita arasında populyarlaşıb.

“Əvvəlcə pişiklər qiymətli ekzotik ev heyvanları hesab olunurdu”, -deyə Çindəki Pekin Universitetinin Genomik müxtəliflik və təkamül laboratoriyasının baş tədqiqatçısı Şu-Jin Luo deyib. Araşdırmanın həmmüəllifi olan alim əlavə edib ki, pişiklərin gizli davranışı - uzaqlıq və sevgi arasında bir-birini əvəz edən sirli hərəkətləri onlara marağı daha da artırıb.

Müasir ev pişikləri Afrika vəhşi pişiklərinin nəslindəndir. Əvvəlki araşdırmalar göstərir ki, bu pişiklər təxminən 10 min il əvvəl Yaxın Şərqdə insanlarla birlikdə yaşamağa başlayıblar, daha sonra təkamül keçirərək təxminən 3000 il əvvəl Avropaya yayılıblar.

Luoya görə, təxminən eramızın 600-cü ilində tacirlər və diplomatlar ev pişiklərini əvvəlcə Aralıq dənizinin şərqindən, Orta Asiyadan kiçik qutularda və qəfəslərdə daşıyıblar. O qeyd edir ki, bu tacirlər və məmurlar Çinə yalnız bir neçə ev heyvanı gətirib, onları elita üzvlərinə xərac kimi təqdim ediblər.

Arxeoloji tapıntılar göstərir ki, ev pişikləri Çinə gəlməmişdən çox-çox əvvəl bu ölkənin kənd icmalarında insanlar yerli bəbir pişikləri ilə yanaşı yaşayırdılar. Əvvəllər tədqiqatçılar Şensi əyalətinin şimal-qərbindəki qədim əkinçilik kəndində 5400 il əvvələ aid bəbir pişik sümükləri tapıblar və bu, insanların və pişiklərin yaşayış məskənlərində birlikdə yaşadığı versiyasını yaradıb.

Amma bu əlaqələr pişiyi əhliləşdirmə demək deyildi. Yeni araşdırmanın müəllifləri belə iddia edirlər. Üstəlik, pişiklərin əhliləşdirilməsinin Çində eramızdan əvvəl 206-210-cu illər arasında Han sülaləsi dövründə baş verdiyinə inanılır. Eramızın 220-ci ilinə qədər həmin dövrün ev pişiklərinin arxeoloji qalıqları olmadığı üçün də versiya heç bir təsdiqini tapmır. Araşdırma müəlliflərinin fikrincə, buna görə də ev pişiklərinin Çinə nə vaxt və necə gəldiyini tam yenidən qiymətləndirmək lazımdır.

DNT analizi göstərib ki, Çində ilk ev pişikləri böyük ehtimalla ağ rəngdə olub və ya ağ ləkələri olan pələng zolaqlarında görünüblər.

Çində pişiklərin populyarlığı ildən-ilə artıb və nəticədə onlar çinlilərin xalq dininə daxil edilib. Qədim çinlilər pişik evə girəndə xüsusi mərasimlər keçirib, onu adi ev heyvanı kimi deyil, fəxri qonaq kimi qarşılayıblar.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox