Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 08:48:02
Magistr jurnalının 3-cü nömrəsi nəşr olunub

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2018-2019-cu tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub.

AzEDU xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçmək hüququ olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın 3-cü nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də “Magistr” 3 jurnalında tanış olmaq mümkündür.

Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Qeyd edək ki, rus dilində olan jurnalın elektron versiyasını  (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar ( http://eservices.dim.gov.az/ejurnal ).