Azedu.az

DİM: Magistraturada ödənişsiz təhsil alanların sayı 834 nəfər artıb

Magistratura

31 İyul 2026, 15:46
DİM: Magistraturada ödənişsiz təhsil alanların sayı 834 nəfər artıb

“Bu il magistraturaya qəbul olunanların sayı ötən illə müqayisədə 399 nəfər, ödənişsiz əsaslarla təhsil almaq hüququ qazananların sayı isə 834 nəfər artıb".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında qeyd edib.

"Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfəri magistraturaya qəbul olunub.

Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Magistraturaya qəbul olunanların 10 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Statistik göstəricilər göstərir ki, bu il magistraturaya qəbulda ötən illə müqayisədə artım müşahidə olunub. Belə ki, 2025-ci ildə ixtisaslaşma seçimində 15 555 bakalavr iştirak etdiyi halda, bu il həmin göstərici 15 721 nəfərə yüksəlib. Qəbul olunanların sayı isə 13 446 nəfərdən 13 845 nəfərə çataraq 399 nəfər artıb.

Ödənişsiz əsaslarla təhsil almaq hüququ qazananların sayı da yüksəlib. Ötən il 5 798 nəfər dövlət sifarişi ilə qəbul olunduğu halda, bu il dövlət sifarişi və dövlət hesabına qəbul olunanların ümumi sayı 6 632 nəfər təşkil edib. Beləliklə, əvvəlki illə müqayisədə 834 nəfər daha çox bakalavr ödənişsiz təhsil almaq imkanı qazanıb.

Məlumata görə, 2026-cı ildə magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i dolub. Bu isə ümumi plan yerlərinin 78,41 faizinə bərabərdir. Ötən il isə 16 848 plan yerinin 79,81 faizi dolmuşdu. Bununla belə, bu il magistratura üzrə plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer artırılıb.

Plan yerlərinin bir hissəsinin boş qalacağı əvvəlcədən məlum idi. Belə ki, ixtisaslaşma seçimində iştirak edənlərin sayı ayrılmış plan yerlərindən az olub.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi istiqamətlərinə uyğun proqramlar üzrə ayrılmış plan yerləri tam dolub.

Ən aşağı dolma göstəriciləri isə mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid proqramlarda qeydə alınıb. Həmin proqramlar üzrə ayrılmış plan yerlərinin 50 faizdən çoxu vakant qalıb.

Ali təhsil müəssisələri üzrə nəticələrə gəldikdə, Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin dolma göstəricisi 90 faizdən yuxarı olub.

Ən aşağı göstərici isə Bakı Avrasiya Universiteti və Azərbaycan Kooperasiya Universitetində qeydə alınıb. Belə ki, Bakı Avrasiya Universitetində plan yerlərinin cəmi 21,3 faizi, Azərbaycan Kooperasiya Universitetində isə 36,51 faizi dolub.

Qeyd edək ki, magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada “my.gov.az” platforması üzərindən qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı isə Dövlət İmtahan Mərkəzi tərəfindən daha sonra elan olunacaq. Xatırladaq ki, ümumi müsabiqə nəticəsində magistraturaya 13 845 nəfər qəbul olunub.

Bundan əlavə, 500-dən çox bakalavr qəbul imtahanından sonra ADA Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, UFAZ, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, DSX Akademiyası, digər hüquq-mühafizə orqanlarının akademiyaları və hərbi institutların qəbul prosedurlarına uyğun olaraq magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb".

Rusiyadan ŞOK TƏLƏB: Ukraynanı təslim olmağa çağırdı
Son xəbərlərDaha çox