https://www.zirve.edu.az/
29.11.2018 11:56
Gürcüstanda 500 azərbaycanlının təhsil aldığı universitetdən REPORTAJ
Çap et

Tbilisi Humanitar Universiteti Gürcüstanda azərbaycanlı tələbələrin ən çox təhsil aldığı təhsil müəssisələrindən biri sayılır. Universitetin 1200-ə qədər tələbəsinin 500-dən çoxu Azərbaycandan təhsil almağa gələn gənclərdən ibarətdir.

Tbilisidəki digər universitetlərlə müqayisədə daha az təhsil haqqının olması, ali təhsil müəssisəsində rus dili sektorunun mövcudluğu, peşəkar pedoqoji kadrların və müasir standartlara cavab verən maddi-texniki bazanın olması və s. amillər azərbaycanlı tələbələri universitetə cəlb edən amillər sırasındadır.

Bu təhsil ocağında maliyyə, menecment, turizm, bank işi və stomatologiya üzrə  gürcü və rus dillərində, Hüquqşünaslıq ixtisası üzrə isə yalnız gürcü dilində dərslər keçirilir. 

AzEdu.az xəbər verir ki, Modern.az-ın əməkdaşı Tbilisinin Çolakaşvili 53 küçəsində yerləşən Universitetə gedərək burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onlara suallar verib.

 

Tiflis Humanitar Universitetin Turizm fakultəsinin I kurs tələbəsi Oqtay Sultanov AzEdu.az-a açıqlamasında bildirib ki, oxuduğu universitetin yataqxanası yoxdur:

 “Bu universiteti qohumlarımın məsləhəti ilə seçdim.  Burada  təhsil haqqı 3000 laridir. Universitetin yataqxanası olmadığına görə, Tiflisdə əmimgildə yaşayıram.  Qəbul olunanda maraqlandım və  bu universitetin  diplomunun  Azərbaycanda da tanındığını bildirdilər”.

 

Həmin universitetin digər tələbəsi Leyla Məmmədovun sözlərinə görə  isə Gürcüstan ali təhsil müəssisələrində əcnəbi tələbələrə güzəşt yoxdur:

“I  kursda oxuyuram. Bildiyim qədərilə burada təhsil səviyyəsi  yüksəkdir. Tiflis Humanitar Universitetində oxuyan dostlarım, qohumlarımın vasitəsilə buranı seçdim.  Universitetdə oxuyan azərbaycanlı tələbələr arasında qızlar üstünlük təşkil edir. Rus bölməsində təhsil alıram. Bizə dərs deyənlər isə gürcü müəllimlərdir. Buranı  seçdiyim üçün peşman deyiləm.

Tiflis tələbələr üçün elə də bahalı şəhər deyil.  Amma ölkədə əcnəbi tələbələrə güzəşt yoxdur. Sadəcə, tələbə kartında - nəqliyyatda güzəşt var. Yerli tələbələrin təhsil haqlarında isə güzəşt olur. Burada yerli tələbələr üçün təhsilhaqqı 1000 Lari olduğu halda bizə isə 2000 Lari-dir. Gürcüstanda  ali təhsil müəssisələrində  ən ucuz təhsil haqqı Tiflis Humanitar  Universitetindədir. Digər universitetlərdə təhsil haqqı 7000 dollardan başlayır”.

Eyni Universitetin başqa bir tələbəsi Eşqin  Yusufov isə imtahanlarda müəllimlərin onlara kömək etdiyini bildirib:

“Gürcüstanda yaşayan qohumum  burada  oxumağımı  məsləhət gördü. Oxuduğum universitetin təhsilindən  razıyam. Amma təhsil  haqqı bir az çoxdur. Müəllimlər səmimi və mehribandırlar. Hətta bəzən imtahanda bəzən  kömək də edirlər”.

 

Tiflis Humanitar Universitetin tələbəsi Ülvi İsayev ali təhsil müəssisəsinin maddi texniki bazasının yaxşı olduğunu bildirib:

“Azərbaycan vətəndaşı olsam da, Rusiyada yaşayıram. Əmimoğlu bu universitetin məzunudur. Buranı seçməyimi də elə o məsləhət gördü. Biznes idarəetmə  fakültəsinin birinci kurs tələbəsiyəm. Burada ali məktəbə qəbul olmaq üçün riyaziyyat, və rus dilindən  imtahan verdim”.

Başqa bir tələbə Kənan Qəmbərov oxuduğu universitetdə 500 Azərbaycanlı tələbənin  təhsil aldığını bildirib:  

“Tiflis Humanitar Universitetin stomatologiya ixtisasının birinci kurs tələbəsiyəm. Sırf Tiflis gözəl şəhər olduğundan  burada oxumağa qərar verdim.  Təhsil aldığım universitetdə təxminən 500 Azərbaycanlı tələbə təhsil alır”.

 Bakı-Tbilisi-Bakı