Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 11:13:00
“İstedad”! - 653 balla müəllimliyi seçən Xədicə : “Xaricdə oxumaq istəyirəm”

 AzEdu.az olaraq, “İstedad” rubrikamızı davam etdiririk.

 

Budəfəki müsahibimiz Xədicə Baxşalıyevadır.

 

 

O, ali məktəbə qəbul imtahanından 653 bal toplayıb. Verdiyi qərara əsasən, Azərbaycan Dillər Universitetində (ADU) ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alacaq.

 

 

Müsahibəni təqdim edirik:

 

 

 

- Özünüzü oxuculara təqdim edərdiniz?

 

 

 

- Mən Baxşalıyeva Xədicə Yalçın qızı 2006 - cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2012 - ci ildə Bakı şəhəri Yasamal rayonu E.Məmmədov adına 21 nömrəli məktəbin 1- ci sinfinə daxil olmuşam.8 ci sinifdən etibarən təhsilimi Bakı şəhər Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyində davam etdirmişəm. Bu il həmin liseyi xüsusi nümunəli attestat və qızıl nişanla bitirmişəm.

 

 

- Məzun olmaq necə bir hisdir?

 Açıklama yok.

- Məzun olmaq çox gözəl bir hisdir. Həm sevindirir, həm də kədərləndirir. Sevinirəm ki, məktəbi yüksək nailiyyətlərlə bitirmişəm. Amma kədərlənirəm ki, neçə il bir yerdə təhsil aldığım sinif yoldaşlarım və hər uğrumda payı olan müəllimlərdən ayrı düşürəm.

 

 

- Məktəb zamanı hansı uğurlarınız olub?

 

 

- Əvvəla, 8 - ci sinifdə liseyə ilk 10 - luqla, yüksək balla qəbul olunmuşam. 9- cu sinfi fərqlənmə attestatı ilə bitirmişəm və həmin il 16 saylı musiqi məktəbinin fortepiano ixtisasını fərqlənmə şəhadətnaməsi ilə bitirmişəm. 11-ci sinifdə buraxılış və qəbul imtahanlarından 653.7 bal toplamışam. Həmçinin bu il Respublika Fənn Olimpiadalarında (RFO)Azərbaycan dili və ədəbiyyat fənnindən gümüş medal qazanmışam və liseyi xüsusi nümunəli attestat və qızıl nişanla başa vurmuşam.

 

 

- Yüksək nəticə göstərmək üçün dərslərə necə hazırlaşırdınız?

 

 

- Məncə, yüksək nəticə əldə etmək üçün sistemli və çox çalışmaq lazımdır. Vaxtını düzgün bölən və kifayət qədər çalışan hər kəs uğur əldə edə bilər.

 

 

- 653 bal toplamağını özünüz və ailəniz necə qarşıladı?

 

 

-  Bu balı topladığımı eşidəndə çox sevindim və ilk olaraq anamla sevincimi bölüşdüm.

 

 

- Bəs bu balı yığacağınızı gözləyirdinizmi?

                                                                                                                   

 

- Əslində düşünürdüm ki, kifayət qədər yaxşı nəticə göstərəcəm. Çünki həm ailəm, həm də müəllimlərim məndən bunu gözləyirdi.Əslində daha çox 600 civarında olacağını düşünürdüm, amma 650-ni keçdim.

 

 

 

- İxtisas seçiminizlə bağlı kənar təzyiqlərə məruz qaldınızmı?

 

 

- Müəyyən qədər, bəli.Yüksək bal topladığıma görə hüquq fakültəsini daha çox məsləhət görürdülər. Amma mən sevdiyim ixtisas olan müəllimliyi seçdim.İxtisas seçimi mənə elə gəlir ki, hər bir abituriyentin öz seçiminə buraxılmalıdır. Əlbəttə, ailə və abituriyentin ortaq qərarı daha məqsədəuyğun olardı.

 

 

- Təhsil almaq istədiyiniz başqa ixtisas var idimi?

 

 

- Məqsədim əvvəldən müəllim olmaq idi. Lakin məhz ingilis dili müəllimi ixtisası olacağına 10 - cu sinifdə qərar verdim.

                                               

 

 

- Yəqin ki, ingilis dilinə marağınız böyükdür. Başqa hansı dilləri öyrənmək istərdiniz?

 

- Əlbəttə, ingilis dilini mükəmməl şəkildə mənimsədikdən sonra, alman, fransız, ispan və rus dillərini də mükəmməl səviyyədə öyrənmək istəyirəm.

 

 

 

- Bəs təhsilinizi xaricdə davam etməklə bağlı planlarınız varmı?

 

 

- Bakalavriat səviyyəsi üçün yox, amma magistr təhsilimi xaricdə davam etmək istəyirəm. Daha sonra vətənə qayıdıb, ixtisaslaşmış kadr kimi xalqıma xidmət göstərmək əsas məqsədimdir.

 


- Son olaraq, öz yaşıdlarınıza buradan nə demək istərdiniz?

 

 

- Mənim öz yaşıdlarıma tövsiyəm budur ki, hər zaman öz xəyallarının ardınca getsinlər,onları qovsunlar, çünki bir gün onlar yorulacaqlar və siz qalib olacaqsınız. Hər birinə gələcək həyatda uğurlar arzu edirəm.