Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 14:17:00
Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər - İDDİA

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı sənəd tezliklə imzalana bilər.

AzEdu.az xəbər verir ki, bunu Ermənistan KİV-nə müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

O hesab edir ki, Ermənistan qərb istiqaməti ilə yanaşı, eyni zamanda Türkiyə istiqamətində də aktivləşib. Politoloq Ermənistan xarici işlər nazirinin Ankaraya səfərini və Türkiyədə baş verən zəlzələdən sonra Çavuşoğlu ilə görüşünü misal gətirib.

“Mənə elə gəlir ki, bunda Qərb diasporunun ciddi rolu var və türklər də bu kartla oynayırlar. Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər”, - deyə ekspert əlavə edib.

“Laçın dəhlizində gedən proseslər Rusiyanın oyunu deyil” - bu da Tarasovun fikridir.

Amma politoloq bir məsələni unudur ki, Rusiya Cənubi Qafqazda gedən proseslərə hazırda müdaxilə edə bilmədiyinə görə bugünkü hadisələr Rusiyanın oyunu olmaya bilər. Sözsüz ki, vəziyyətin bugünkü mərhələyə qədər gəlib çıxmasında Kremlin “xidmətini” heç kim inkar edə bilməz. Kor-kor, gör-gör.

Tarasov davam edir: “Rusiya əlindən gələn hər şeyi edir: 9 noyabr bəyanatı, cəmi üç bəyanat, sərhədin delimitasiyası ilə bağlı danışıqlar, Putinin vasitəçiliyi ilə keçirilən görüş... İrəvan isə Qərbin tövsiyələri ilə müstəqil prosesə gedir. Bundan sonra Ermənistan sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Moskvada keçiriləcək üçtərəfli görüşə gəlmədi. Daha sonra İrəvan Münhen konfransında Blinkenin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi layihəsini Bakıya göndərdi. Azərbaycan hətta sazişin özündə Dağlıq Qarabağ terminindən istifadə etmək istəmir, xüsusən də Ermənistan Dağlıq Qarabağı Azərbaycanın daxili problemi kimi tanıyırsa. Sadəcə olaraq, İrəvan Dağlıq Qarabağı müəyyən şərtlərlə təslim edir. Bəs Ermənistan bunun müqabilində nə alacaq? Bilinmir”, - politoloq vurğulayıb.

Təbii ki, Rusiyanın nüfuzlu politoloqu Rusiyanın mövqe və mənafeyini hər şeydən üstün tutur və onu narahat edən Azərbaycan-Ermənistan münasibətlərinin Rusiyanın nəzarətindən artıq çıxmasıdır. O doğru deyir ki, Rusiya əlindən gələn hər şeyi etdi. Amma münaqişənin həmişəlik həlli üçün deyil, öz nəzarətini Azərbaycan və Ermənistan üzərində saxlamaq üçün.