Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 13:40:00
Doktorant və dissertantların elmi fəaliyyətinin monitorinqi davam etdirilir  

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında bir qrup doktorant və dissertantın elmi fəaliyyətinin monitorinqi ilə bağlı müzakirələr aparılıb.

Bu barədə institutdan məlumat verilib. İnstitutun baş mütəxəssisi Tamilla Bayramova “Proqram təminatının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi”, kiçik elmi işçi Elşən Bağırov “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənməsi”, institutun doktorantı Orxan Vəlixanlı “Proqram məhsullarının təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işləri haqqında məlumat veriblər.

Sonra hər bir çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçılara dissertasiya işinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr verilib.

Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev proqram mühəndisliyi sahəsində rəqabətədavamlı, intellektual kadrların yetişdirilməsinin vacib məsələlərdən olduğunu deyib. Alim qeyd edib ki, ölkənin orta məktəblərində təhsil alan şagirdlərə proqram mühəndisliyi ilə bağlı fənlər tədris olunmalı, onlara riyazi məntiq və alqoritmik düşüncə aşılanmalıdır.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, əsas məqsəd ölkəmizdə proqram mühəndisliyinin elmi-nəzəri problemlərini öyrənməklə bu sahəni inkişaf etdirmək və dünya bazarına milli proqram məhsullarının çıxarılmasına nail olmaqdır. Bu sahənin inkişafı Azərbaycanın iqtisadiyyyatı ilə yanaşı, müdafiə gücünün artırılmasında da mühüm rol oynayacaq.