Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, doktorantura təhsili ciddi islahatlara ehtiyac duyulan sahələrdən biridir.
Nazirin sözlərinə görə, magistratura üzrə təxminən 300 yerə 500-ə yaxın müraciət daxil olduğu halda, doktoranturada 80 yer olmasına baxmayaraq, bəzən cəmi 10 nəfər belə müraciət etmir.
Bu vəziyyət ölkəmizdə doktorantura təhsilinə marağın niyə aşağı olması sualını gündəmə gətirir. Bəs bunun əsas səbəbləri nədir? Hansı dəyişikliklər doktoranturaya marağı artıra bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, istedadlı gənclərin doktoranturaya cəlb edilməsi istiqamətində təşviqat işi lazımi səviyyədə qurulmayıb.

Biz istedadlı gənclərimizi doktoranturaya cəlb etmək baxımından təşviqat işini düzgün qura bilməmişik:
"Nazir Emin Əmrullayevin bu məsələ ilə bağlı səsləndirdiyi fikirləri tam dəstəkləyirəm. Doktorantura təhsilindən səmərəli istifadə olunması ilə bağlı biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Hesab edirəm ki, ilk növbədə vahid doktorantura sisteminə keçid qaçılmazdır.
Doktoranturaya qəbul prosesində də ciddi nöqsanlar mövcuddur. Mən bunu hər zaman dilə gətirmişəm və bu gün də eyni fikirdəyəm. Biz istedadlı gənclərimizi doktoranturaya cəlb etmək baxımından təşviqat işini düzgün qura bilməmişik.
Digər tərəfdən, doktorantura niyə cəlbedici olmalıdır? Bu sualın özü də vacibdir. Çünki doktorantura və ümumilikdə elmi fəaliyyət böyük fədakarlıq tələb edir. Müasir gənclər isə ali təhsili başa vurduqdan sonra daha çox karyera qurmağa və maddi gəlir əldə etməyə üstünlük verirlər. Doktoranturanın ilk mərhələsində isə bu imkanlar yoxdur.
Son illərdə bu istiqamətdə atılan mühüm addımlardan biri "SABAH" proqramı çərçivəsində doktoranturaya qəbulun həyata keçirilməsidir. Hesab edirəm ki, bu proqram daha da genişləndirilməlidir. Çünki həmin proqram üzrə təhsil alan doktorantlar yüksək təqaüd alır, qarşılarında ciddi tələblər qoyulur və eyni zamanda iş təcrübəsi də qazanırlar".
Doktorantura təhsili ilə bağlı mübadilə proqramlarına ciddi ehtiyac var:
"Hazırda əyani doktoranturada təhsil alan şəxslərin eyni zamanda işləməsi qanunvericilik baxımından mümkün deyil. Aşağı təqaüd və işləmək imkanının olmaması isə onların növbəti üç il ərzində maddi təminatında ciddi çətinliklər yaradır.
Məlumdur ki, doktorantura magistratura pilləsindən sonrakı mərhələdir. Bu dövrdə gənclər artıq müstəqil həyata qədəm qoymaq, peşə sahibi olmaq və gəlir əldə etmək istəyirlər. Mövcud şəraitdə isə doktoranturada bunları reallaşdırmaq olduqca çətindir.
Hesab edirəm ki, doktorantura ilə bağlı beynəlxalq mübadilə proqramlarına da ciddi ehtiyac var. Biz rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin xətti ilə müxtəlif dövlət proqramlarında doktorantların iştirakını dəstəkləyən təşəbbüslərlə çıxış etmişik. Dövlət də bu təşəbbüslərə dəstək verib. Lakin həmin layihələrin daha da genişləndirilməsinə ehtiyac var".
Doktorantura təhsilini gözdən salan əsas amillərdən biri bürokratiyadır:
"Doktorantura pilləsində kredit sisteminin tətbiqi də son dərəcə vacibdir. Hazırda doktoranturaya qəbul olunan gənclər ixtisasları üzrə dərin biliklər qazandıracaq ciddi təlimlərə cəlb edilmirlər. Onlara yalnız minimum imtahanları verməyə hesablanmış bir neçə fənn tədris olunur.
Halbuki doktorantura təhsilin bir pilləsidir və bu mərhələdə gənclərin peşəkar inkişafı üçün kredit sisteminə keçid mühüm dəstək ola bilər.
Eyni zamanda doktorantura təhsilini gözdən salan əsas amillərdən biri bu sahədəki bürokratiyadır. Müdafiə prosesi olduqca uzun və yorucudur. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var. Universitetlərə elmi dərəcələrin verilməsi ilə bağlı qərarları öz elmi şuralarında qəbul etmək səlahiyyəti verilməlidir. Universitetlərin akademik müstəqilliyi gücləndirilməli, qanunvericilikdə mühüm dəyişikliklər edilməlidir.
Bir daha vurğulamaq istəyirəm ki, doktorantların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət proqramları hazırlanmalı və bu sahədə konkret addımlar atılmalıdır.
Doktorantların məlumat problemi yoxdur. Əsas məsələ odur ki, biz doktorantura dövründə istedadlı gənclər üçün stimullaşdırıcı və sağlam elmi mühit yarada bilirikmi? Əgər bunu bacarsaq, gənclər elmdən uzaqlaşmayacaq, əksinə, doktoranturaya böyük maraq yaranacaq".
Sadəcə plan yerlərini doldurmaq üçün doktorantura yerlərinin açılması düzgün yanaşma deyil:
"Yeni tədqiqat mövzularının hazırlanmasına və doktorantların aktual elmi problemlərə cəlb olunmasına ciddi ehtiyac var. Bəzən doktorantlara elə mövzular təqdim olunur ki, onlar köhnəlmiş, aktuallığını itirmiş və ölkə üçün strateji əhəmiyyət daşımayan istiqamətlərdir. Təəssüf ki, universitetlərin elmi şuraları da bu mövzuları asanlıqla təsdiqləyirlər. Sadəcə plan yerlərini doldurmaq naminə doktorantura yerlərinin açılması düzgün yanaşma deyil.
Digər tərəfdən, gənclərə qarşı bəzən qısqanc münasibətlə də rastlaşırıq. Sistem elə qurulmalıdır ki, belə hallar tamamilə aradan qalxsın və şəffaf elmi mühit formalaşsın. Gənc alim özünü sərbəst şəkildə ifadə edə bilməlidir. Bunun üçün əsas şərt sağlam elmi mühitdir. Belə bir mühit olmadan elmi inkişafdan danışmaq mümkün deyil.
Doktorantura təhsilini və elmi fəaliyyəti sadəcə 'məqalə yarışına' çevirmək də yanlış yanaşmadır. Son illərdə bu tendensiya güclənib və hesab edirəm ki, bu, manipulyasiyalara yol açır.
Universitetlər də öz fəaliyyətlərini yenidən qurmalıdırlar. Doktorantların beynəlxalq konfranslarda iştirakına, dünya elminə inteqrasiyasına daha çox dəstək verilməli, xaricdən ikili elmi rəhbərlərin cəlb edilməsi üçün yeni maliyyə mexanizmləri yaradılmalıdır. Bütün bunlar doktorantların daha peşəkar yetişməsinə və gələcəkdə ölkəyə faydalı mütəxəssis kimi formalaşmasına ciddi töhfə verəcək".