Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 09:48:00
MDU-da ADPU-nun 100 illiyinə həsr edilmiş növbəti seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzusunda elmi-metodik seminar keçirilib.

MDU-dan AzEdu.az-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər.

Seminarın açılışında yubiley münasibətilə təbriklərini çatdıran MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova ölkəmizdə pedaqoji təhsilin inkişafında mühüm rol oynayan ADPU ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb və seminarın işinə uğurlar arzulayıb.

Sonra, ADPU-nun dosenti Fəxrəddin Yusifov “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə tədrisin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə müasir dövrdə ədəbiyyat dərslərində istifadə edilən interaktiv təlim texnologiyaları, şagirdlərin yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi üsulları və digər məsələlər barədə ətraflı məlumat verilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan ADPU ilə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verilir.